Accessibility links

Münasibətlərin pozulması alman mətbuatının beynəlxalq təşkilatların Azərbaycan haqqında mənfi qiymətləndirmələrini dərc etdikdən sonra başlayıb.

Almaniyanın Azərbaycandakı səfiri iqtidarda olan “Yeni Azərbaycan” partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetinə cavab verib. Son zamanlar “Yeni Azərbaycan” qəzeti, eyni zamanda dövlət televiziyası da daxil olmaqla bir sıra rəsmi qəzetlər Almaniya ilə bağlı tənqidi məqalələr dərc edir. Bununla yanaşı, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı Almaniyanın nüfuzlu qəzetləri və Almaniya hökumətinin ombudsmanı tənqidi fikirlər söyləyib.

“Mənim ölkəmə qarşı geniş və dərindən kök salmış müsbət təəssürata rəğmən, son həftələr laqeyd qala bilməyəcəyim tək-tək xoşagəlməz notlar səslənməkdədir. Səfir kimi mən ölkələrimiz arasında körpüsalan olmalıyam. Mən əsrlər boyu əsası qoyulmuş bünövrənin üzərində qəfildən buldozerlər işə düşdüyünü görürəmsə, susaraq qala bilmərəm”, Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Turan agentliyinə göndərdiyi müraciətində yazır.
Münasibətlərin pozulması alman mətbuatının ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Amnesty İnternational-ın Azərbaycan haqqında mənfi qiymətləndirmələrini dərc etdikdən sonra başlayıb, deyə səfir davam edir.
Bu tənqidin əsas səbəbi Bakıda 2 aprel iştirakçılarının həbsi, avqustun 11-də hüquq müdafiəçisi Leyla Yunusun evinin və ofisinin sökülməsi, abadlıq işlərinin həyata keçirilməsi zamanı vətəndaşların mülkiyyət hüquqlarının pozulması və bu proseslərin qeyri-şəffaf olması, toplaşmaq azadlığının daim pozulması, habelə Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin ölkəyə buraxılmaması olub.
Daha sonra Almaniya hökumətinin insan hüquqları üzrə müvəkkili Leninqin üç tənqidi bəyanatı səslənib, deyə cənab Kvelle qeyd edir.
Bakının buna reaksiyası bir sıra KİV-lərdə (“Yeni Azərbaycan”, “Bakinski raboçi”, “Today.az”) Almaniya haqqında tənqidi məqalələr oldu.
Səfir yazır ki, bu nəşrləri qeyri-obyektiv və birtərəfli hesab edənlərin hisslərini yaxşı anlayır.
“Lakin mən mətbuata təsir göstərə bilmərəm. Mən Almaniya Federal Hökumətinin Azərbaycanda mövcud vəziyyəti işıqlandıran müstəqil və güclü alman KİV-lərini müəyyən istiqamətə yönəltmək imkanının guya mövcud olması haqqında söylənən fikirləri sual altına qoyuram. Əgər Azərbaycan hökumətinin yuxarıda göstərilən mətbuat orqanlarına təsir göstərmək imkanı varsa, onda bu imkandan istifadə etsin”, deyə səfir istehza edir.
Lakin cənab Kvelle hesab edir ki, yaxın günlərdə alman mətbuatı Azərbaycanı tənqid etməyə son qoyacaq. O, bunun səbəbini bu tənqidi doğuran səbəblərin aradan qaldırılacağında görür, belə ki, Azərbaycan hökuməti artıq mövcud problemlərin aradan qaldırılması yollarını müəyyən edib.
Belə ki, 2011-ci ilin əvvəllərində Azərbaycan prezidenti korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirildiyini elan edib;
2011-ci ilin mayında İlham Əliyev demokratik dəyərlərin qəbul edildiyini və dövlətçiliyin möhkəmləndirildiyini bəyan edib;
2011-ci ilin dekabrında insan hüquqları üzrə proqramın həyata keçirilməsi elan edilib.
Azərbaycan Avropa Şurasının üzvü kimi bu təşkilat qarşısında öhdəliklərini ciddi dərk edir. Bu o deməkdir ki, konstitusiyada zəmanət verilən mülkiyyət hüquqlarına hörmət olunur, vətəndaşların əmlaklarından məhrum edilməsi ilə bağlı ayrı-ayrı mübahisəli məsələlər isə məhkəmə qaydasında həll olunur.
”Bunlara əsaslanaraq mən gələcəkdə də bütün var gücümlə alman mətbuatının hazırda diqqət mərkəzində olan Azərbaycanın konkret problemli sahələri iyirmi il bundan öncə qurulmuş ikitərəfli çox gözəl əlaqələrə təsir göstərməməsinə səy göstərəcəyəm. İnanıram ki, məni bu məqsədə nail olmaqda kifayət qədər azərbaycanlı dost dəstəkləyəcəkdir. Mən Almaniya-Azərbaycan dostluğunun gələcək inkişafına böyük nikbinliklə baxıram”, deyə səfir müraciətini nikbinliklə yekunlaşdırır.

XS
SM
MD
LG