Accessibility links

Azərbaycanda beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək


Müdafiə Sənayesi sərgisi

Müdafiə Sənayesi sərgisi

Sərgidə 33 ölkədən 200 şirkət iştirak edəcək

Sentyabrın 11-13-də Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi (“ADEX 2014”) sərgisi açılacaq. Bu barədə beynəlxalq sərgilərin təşkilatçısı “Iteca Caspian” şirkətinin məlumatında deyilir.

Xəbərdə deyilir ki, Azərbaycanın Müdafiə Sənayesi və Müdafiə Nazirliklərinin təşəbbüsü və rəsmi dəstəyi ilə Bakı Ekspo Mərkəzində müasir silah və texnikaların, eləcə də ölkənin milli müdafiə üzrə güc və qüdrətinin nümayişi təşkil olunacaq.

Artıq 33 ölkədən 200 şirkət “ADEX 2014” sərgisində iştirak edəcəyini təsdiqləyib. Dünyanın 8 ölkəsindən milli qruplar öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Sərginin platin sponsoru qismində “Damen Shipyards Group”(Niderland Krallığı), qızıl sponsoru qismində isə “Roketsan” (Türkiyə) şirkəti çıxış edir.

Müstəqil Azərbaycanın müdafiə sənayesinin ilk müəssisələri 1918-ci ildə, artıq mövcud olan sənaye müəssisələrinin bazası əsasında yaradılıb. Həmin dövrün müdafiə sənayesi müəssisələri əsasən Azərbaycan ordusunun müxtəlif hərbi texnikasını təmir edən emalatxanalardan ibarət olub.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra yerli müdafiə müəssisələri Sovet hərbi-sənaye kompleksinin bir hissəsinə çevrilib. İkinci Dünya Müharibəsi illərində ordunun tələbatını ödəmək məqsədilə Azərbaycanın hərbi-sənaye kompleksinin müəssisələrində müxtəlif hərbi təyinatlı məhsullar istehsal olunub. Belə ki, həmin dövrdə ölkədə iki aviazavod fəaliyyət göstərib və bu zavodlarda "UTİ-4" və "YAK-3" tipli qırıcı təyyarələr istehsal edilib və təmir olunurdu. Həmçinin, Bakıda artilleriya maşını - "Katyuşa" üçün reaktiv mərmilər və düzəldilib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması haqqında 16 dekabr 2005-ci ildə prezident İlhqam Əliyev fərman imzalayıb.

Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 9,18-30 mm kalibrli hərbi sursatın demək olar ki, bütün növləri istehsal olunur, 100-155 mm kalibrli artilleriya mərmilərinin əsas növlərinin istehsalı qaydaları mənimsənilir, habelə aviasiya bombaları, mühəndis texnikasının müxtəlif növləri, atıcı silahlar, o cümlədən snayper tüfəngləri, avtomatlar, pulemyotlar, tapançalar, optik-mexaniki və optik-elektron cihazlar istehsal olunur.

Ölkədə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi fəaliyyət göstərir. Bununla yanaşı, respublikada zirehli texnikanın, pilotsuz uçuş aparatlarının və başqa bu kimi hərbi təyinatlı məhsulların müxtəlif növlərinin istehsalı və modernləşdirilməsi həyata keçirilir. Hazırda istehsal olunan məhsulların çeşidi 700-ə yaxın adda məhsulu ehtiva edir.

XS
SM
MD
LG