Accessibility links

Freedom House: Azərbaycanda vəziyyət ağır olaraq qalır


Freedom House

Freedom House

2013-cü ilin oktyabrında İlham Əliyev “nöqsanlı seçkilər” vasitəsilə üçüncü dəfə prezident seçilib

Freedom House hüquq-müdafiə təşkilatı dünyada azadlıqların vəziyyətinə dair növbəti hesabatını açıqlayıb.

Azərbaycana həsr olunan bölmədə deyilir ki, ölkədə avtoritar, özgəfikirliliyə dözümsüzlüyü, vətəndaş azadlıqlarına və siyasi hüquqlara etinasızlığı ilə seçilən rejim hökm sürür.

2003-ci ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə repressiv tədbirlər güclənib, neft gəlirləri axınından hakim rejimin təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili və xarici tənqidi səslərin susdurulması üçün istifadə edilib.

2013-cü ilin oktyabrında İlham Əliyev “nöqsanlı seçkilər” vasitəsilə üçüncü dəfə prezident seçilib.

Dövlət resursları üzərində inhisar və amansız qorxutma siyasəti səbəbindən onun qələbəsi gözlənilən idi.

Hakimiyyət əvvəlki kimi etirazlara qarşı mübarizə aparır, icazəsiz etiraz aksiyalarının təşkilinə və iştiraka görə yüksək cərimələr tətbiq edir.

Martda qanunvericiliyə edilən düzəlişlər QHT-lərin fəaliyyətini çox çətinləşdirib.

Prezident seçkiləri ərəfəsində dövlət orqanları müstəqil KİV-i susdurmaq üçün yeni addımlar atıb.

Hakimiyyət tənqidçi jurnalistləri susdurmaq üçün uydurma ittihamlardan istfadə edir, eyni zamanda jurnalistlərə qarşı hücum və zorakılıq halları araşdırılmamış qalır.

Müstəqil KİV-in iqtisadi durumu dəyişkən olaraq qalır: ilin sonunadək “Azadlıq” və “Yeni Müsavat” qəzetləri yüksək cərimələr səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşib.

Yeri özünüidarəetmə orqanları icra hakimiyyətinin tabeliyindədir və mərkəzi hakimiyyət orqanlarından maliyyə asılılığındadır.

Yanvarda İsmayıllıda baş vermiş avtomobil qəzası iqtisadi bərabərsizlik, korrupsiya, yerli icra hakimiyyətinin özbaşına bölgüsü səbəbindən iğtişaşlara gətirib çıxarıb.

İcra hakimiyyəti rejimə təhlükəni yatırmaq üçün müntəzəm olaraq məhkəmə sistemindən və təhlükəsizlik orqanlarından istifadə edir. Bir neçə fəal, bloger və siyasətçi, o cümlədən prezidentliyə namizəd İlqar Məmmədov və yerli müşahidəçilər missiyasının rəhbəri Anar Məmmədli həbs olunub.

Jurnalistlər, fəallar və müxalifət fəalları əvvəlki illərdə olduğundan da ağır cinayətlərdə ittiham ediliblər.

Dövlətin neft resursları üzərində nəzarəti və iqtisadiyyatın oliqarx strukturu Azərbaycanda korrupsiyanın və sovet stilində bürokratiyanın geniş yayılmasına xidmət edir.

2013-cü ildə Azərbaycan hökuməti pasport və ya doğum haqqında şəhadətnamə kimi rəsmi sənədləri almaq imkanlarının yaxşılaşdırılması yolu ilə aşağı və orta səviyyədə korrupsiyaya qarşı mübarizəyə başlayıb.

Bununla belə, yuxarı səviyyədə korrupsiya diqqətdən kənarda qalıb. Əliyevlər ailəsi, dövlət məmurları və onların qohumları şəxsi sərvətlərini artırmaqda davam ediblər.

Bu cür korrupsiyaya nümunə kimi deputat Gülər Əhmədovanın iştirakı ilə deputat yerlərinin satışına dair videonu göstərmək olar. O, dələduzluğa görə həbs olunmuşdu.

Hökumət ciddi siyasi islahatlar keçirmək istəmir.

Seçkilərdən sonra Əliyev rejimi öz hakimiyyətinin konsolidasiyasını davam etdirir.

Neft hasilatı ilə iqtisadi və sosial bərabərsizlik də artır. Bundan əlavə, 2013-ci ilin sonunda neft məhsullarının qiymətinin artması əsas malların qiymətinin artmasına gətirib çıxarıb.

Iqtisadi narazılıqlar sosial gərginliyin artmasına səbəb olacaq ki, bu da rejimi repressiv aparatın möhkəmləndirilməsinə sövq edəcək.

Tənqidçi jurnalistlər siyasi təzyiqlərlə yanaşı şantaj və fiziki hücumlarla da üzləşirlər. Media Hüququ İnstitutunun məlumatına görə, 2013-cü ilin birinci yarısında jurnalistlərə hücumlarla bağlı 47 hadisə qeydə alınıb.

2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun və 2011-ci ildə öldürülmüş publisist Rafiq Tağının qətlinin, həmçinin Novruzəli Məmmədovun həbsdə ölməsinin araşdırılmasında irəliləyiş yoxdur. 2012-ci ildən böhtan kampaniyasının hədəfinə çevrilən jurnalist Xədicə İsmayılovanın işi üzrə irəliləyiş yoxdur.

İnformasiya əldə edilməsi imkanları məhdud olaraq qalır.

Jurnalistlər dövlət müəssisələrindən məlumatın əldə olunması zamanı çətinliklə üzləşirlər. Belə ki, dövlət müəssisələri müxalifət və müstəqil KİV-ə məlumat verməkdən, onları mühüm milli və rəsmi tədbirlərdə akkreditə etməkdən imtina edirlər.
XS
SM
MD
LG