Accessibility links

Leyla Yunusun həbs müddəti daha 4 ay uzadılıb


Leyla Yunus həbs ediərkən

Leyla Yunus həbs ediərkən

Bu barədə məhkəmə bu gün qərar verib

Bu gün Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun Respublika Prokurorluğunun təqdimatı əsasında həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxıb.

Vəkil Elçin Qənbərov Amerikanın Səsinə bildirib ki, hakim Leyla Yunusun həbs müddətinin daha 4 ay (2015-ci il fevralın 28-dək) uzadılması barədə qərar qəbul edib.

Vəkilin sözlərinə görə prokurorluğun təqdim etdiyi təqdimatda həbsin uzadılmasının səbəbi kimi müvafiq istintaq hərəkətlərinin aparılmalı olduğu göstərilib.

E.Qənbərov bunun formal olduğunu deyib və alternativ kimi hüquq müdafiəçisinin həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verildiyini vurğulayıb.

Vəsatətə bu gün günorta baxılacaq.

Səhhətinə gəldikdə isə vəkil L.Yunusun yaxşı olmadığını deyib.

Leyla Yunusa qarşı dövlətə xəyanət (Cinayət Məcəlləsinin 274-cü maddəsi), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb.

Nəsimi rayon məhkəməsi Leyla Yunus barəsində bu il iyulun 30-da 3 aylıq həbs qətimkan tədbiri seçib.

Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Əvvəvcə məhkəmə onun barəsində polis nəzarətinə götürülməsi barədə qərar çıxarsa da, sonradan avqustun 5-də 3 aylıq həbs qəti imkan tədbiri seçib.

Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd edirlər.

Amnesty İnternational Leyla və Arif Yunusu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG