Accessibility links

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərini azad etməyə çağırıb


Leyla Yunus, Arif Yunus ,İntiqam Əliyev

Leyla Yunus, Arif Yunus ,İntiqam Əliyev

Sənəddə Rəsul Cəfərov, İlqar Məmmədov, Xədicə İsmayılovanın və başqalarının həbs olunduğu xatırladılır

Demokratiya Uğrunda Ümumdünya Hərəkatının Rəhbər komitəsi rəsmi Bakını həbsdə olan hüquq müdafiəçilərini dərhal azad etməyə çağırıb və vətəndaş cəmiyyətinin pisləşməsinin davam etməsindən narahatlığını bildirib.

“Biz Azərbaycan hakimiyyətini təcili olaraq Leyla Yunus, Arif Yunus və İntiqam Əliyevi azad etməyə çağırırıq. L.Yunusun səhhəti pisləşib, onun həyatı təhlükədədir. Həmçinin onun həyat yoldaşı A.Yunusun və İ.Əliyevin vəziyyəti pisləşib”, - bəyanatda deyilir.

Sonra sənəddə Rəsul Cəfərov, İlqar Məmmədov, Xədicə İsmayılovanın və başqalarının həbs olunduğu xatırladılır.

“Demokratiya Uğrunda Ümumdünya Hərəkatı dəfələrlə beynəlxalq birliyin diqqətini Azərbaycanın avtoritarizmə doğru irəliləməsinə yönəldib.

Biz insan hüquqlarının pozulmasının və demokratik fəallara təqiblərin artması ilə əlaqədar buna davam edirik və hökuməti Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq”, - sənəddə deyilir.

“Rəhbər komitənin üzvləri Azərbaycan hökumətini vətəndaş cəmiyyətinin boğulmasına son qoymağa çağırır. Hökumətin repressiyaları Avropa Şurası üzvləri üçün görünməmişdir. Azərbaycanda 100-ə yaxın siyasi məhbus var, QHT-lərin fəaliyyəti məhdudlaşdırılıb.

Sentyabrın 18-də Avropa Parlamenti qətnamə qəbul edərək Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb. Avropa Şurasını isə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünə baxmağa çağırıb.

Lakin bu qətnamə qəbul edildikdən bir neçə ay sonra ölkədə vəziyyət xeyli pisləşib.

Nəticədə Avropa və Avrasiyanın 25 təşkilatını birləşdirən Vətəndaş Həmrəyliyi Platforması Azərbaycanın Avropa Şurasından xaric edilməsinə çağırıb”, - sənəddə qeyd olunur.

“Odur ki, biz bütün ittihamlar götürülməyənə və vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin hüquqşünaslar, jurnalistlər və siyasi fəallar azad edilməyənə qədər Azərbaycanın təşkilata üzvlüyünün dayandırılmasına çağırırıq”, - bəyanatda vurğulanır.

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı bir çox ölkələrin onlarla təşkilatını birləşdirir. Onun Rəhbər komitəsi keçmiş dövlət xadimlərindən və tanınmış beynəlxalq qeyri-hökumət təşkilatlarının liderlərindən ibarət olur.

XS
SM
MD
LG