Accessibility links

Ilham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir


İlham Əliyev

İlham Əliyev

"Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da vaxtilə qaçqın və məcburi köçkün problemi ilə üzləşib.

İlham Əliyevin sözlərinə görə, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır Azərbaycanın 20 faiz ərazisi işğal altındadır:

“Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib”.

Prezident bildirib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı hücumlar təşkil edib:

“Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. Həmin vaxt Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi tərkibli fosforlu mərmidən istifadə edib. Azərbaycan silahlı qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir”.

İlham Əliyev Türkiyəyə mayın 22-də səfər edib. O, bu gün İstanbulda başlamış BMT-nin Dünya Humanitar Sammitində iştirak edir. Sammitə BMT Baş katibi və bir sıra dövlət, hökumət başçıları qatılıb.

Ermənistan və Azərbaycan qoşunları arasında döyüşlər aprelin 2-dən 5-dək baş verib, hər iki tərəfdən onlarla əsgər həlak olub. Tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə edib. Buna baxmayaraq, onlar, hələ də bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) ermənilərin nəzarətinə keçib.

1994-cü ilin mayında tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə var. 822, 853, 874 və 884 saylı qətnamələr indiyə kimi yerinə yetirilməyib.

XS
SM
MD
LG