Accessibility links

Vəfa Məmmədova: İlqarı uzaqdan-uzağa təbrik etmək istəmirəm [Video]


Həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovun ad gündür. Həyat yoldaşı Amerikanın Səsi vasitəsi ilə onu təbrik edir

REAL Hərəkatının lideri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova Amerikanın Səsinə müsahibəsində həyat yoldaşının ad gününü təbrik edib, cəmiyyətə və beynəlxalq ictimaiyyətə mesajlar göndərib.

Amerikanın Səsi: Bu gün İlqar Məmmədovun ad günüdür.Təbrik edirik. Ad günündə İlqar bəyə mətbuat vasitəsi ilə təbrikiniz.

Mən istərdim ki, İlqar ailəmizdə olsun, evimizdə olsun.

Vəfa Məmmədova: İlqarı həyat yoldaşı olaraq səmimi qəlbdən təbrik edirəm. Əfsuslar olsun ki, İlqar artıq dördüncü ildir ki, öz ad gününü həbsxanada qarşılayır. Mən artıq onu mətbuat vasitəsi ilə və ya uzaqdan-uzağa təbrik etmək istəmirəm. Mən istərdim ki, İlqar ailəmizdə olsun, evimizdə olsun. Onun əvvəl necə ad gününü təbrik edirdik, elə təbrik edək. İnşallah, o da olacaq. Buna çox ümid edirik ki, çox yaxın zamanlarda İlqar evində olacaq və hər şey çox yaxşı olacaq. İlqarı sadəcə mən deyil, bütün beynəlxalq təşkilatlar da təbrik edib. Onların hamısından təbriklər gəlib. Onlara da mətbuat vasitəsi ilə təşəkkürümü bildirirəm.

REAL-ın ofisində bu gün İlqar Məmmədovun ad günü ilə bağlı tədbir keçirlib. Avropa ölkələrində İlqarın azad olunması ilə bağlı çağırışlar olub, onun flayerləri paylanıb. Onlara da öz təşəkkürümü bildirirəm ki, İlqara belə dəstək verirlər.

Amerikanın Səsi: Artıq 4-cü ildir ki, İlqar Məmmədov həbsdədir. İlqar Məmmədovun həbsi ailınizə hansı sosial qayğılar gətirib? Yeri gəlmişkən, qızınız Aysel də artıq 4-cü ad gününü atası evinizdə olmadan keçirir. Ayselin atasına təbriki...

Vəfa Məmmədova: Ayselin atasına təbriki nədir. Ayselin ən böyük arzusu atasının yanında olmasıdır. Çünki, qeyd etdiyiniz kimi, artıq dörd ildir Aysel də öz ad gününü atasız keçirir. İlqar həbs olunandan Ayselin ad günü ərəfəsində İlqarı ya karsa (cərimə kamerası-red) salırdılar, ya telefon məhdudiyyəti olurdu. Bilərəkdən ki, uşağın ad günüdür, atasına məhudiyyət tətbiq edirdilər, - evə zəng etməyə məhdudiyyət qoyurdular, karsa salırdılar. Hər dəfə bir şey düşünürdülər. Bu təbii ki, həm İlqara, həm də Ayselə böyük təsir edirdi. Ayselin, dediyim kimi, ən böyük arzusu atasının yanında olmasıdır. Ayselin bundan böyük bir hədiyyəsi və arzusu ola bilməz.

Sosial qayğıya gəldikdə, İlqar tutulandan sonra, düzdür çətindir. Ailədə başçımız, böyüyümüz İlqardır. Təbii ki, ev kişisiz çətindir. Hər şeyi qadın başına həll etmək olmur. Ancaq çalışıram ki, bunların öhdəsindən gəlim və inanıram ki, öhdəsindən gəlmişəm. Möhkəmik, dayanırıq. Yəni, İlqar həbsxanada o cür şəraitdə, o qədər basqılara baxmayaraq dayanırsa, bizim azadlıqda dayanmağımıza nə var ki... Yəni dayanmalıyıq, dayanacağıq. Hər şey yaxşı olar, inşallah.

Amerikanın Səsi: İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarı və Nazirlər Komitəsinin qətnamələri hələ də yerinə yetirilmir. Azərbaycan hakimiyyətinə, cəmiyyətə, beynəlxalq ictimaiyyətə hansı mesajlarınız var?

Düzdür son zamanlar bir neçə siyasi məhbus azadlığa buraxılıb. Amma, nə qədər də siyasi məhbuslarımız hələ də həbsxanadadır

Vəfa Məmmədova: Hakimiyyətə mesajım nə ola bilər? Sadəcə onu deyə bilərəm ki, Avropa Məhkəməsinin qərarı, Nazirlər Komitəsinin qərarı mütləq yerinə yetirilməlidir. Burada başqa söz demək artıqdır. Yəni, Avropa Məhkəməsinin qərarı mütləq yerinə yetirilməlidir. İctimaiyyətə, cəmiyyətə sözüm odur ki, bir az daha fəal olsunlar. İlqardan örnək alsınlar. İlqar kimi insanlardan örnək alsınlar. Beynəlxalq təşkilatlara da mesajım o olardı ki, daha da sərt çalışsınlar, siyasi məhbusların azadlığını daha da sərt tələb etsinlər. Düzdür, son zamanlar bir neçə siyasi məhbus azadlığa buraxılıb. Amma, nə qədər də siyasi məhbuslarımız hələ də həbsxanadadır. Onların da azadlığını tələb etsinlər.

XS
SM
MD
LG