Accessibility links

Araz Aslanlı: Türkiyədə yeni sistemə qarşı olanlar kəskin müqavimət göstərəcək [Video-müsahibə]


Araz Aslanlı: Türkiyədə yeni sistemə qarşı olanlar kəskin müqavimət göstərəcək
please wait

No media source currently available

0:00 0:07:07 0:00

QAFSAM-ın rəhbəri Amerikanın Səsinə müsahibəsində Türkiyə referendumundan danışıb

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı Amerikanın Səsinə müsahibəsində Türkiyədə keçirilən referendumun regional təsirlərindən danışıb.

Amerikanın Səsi: Türkiyədə keçirilən referendumun nəticələrinin bu ölkənin daxilində doğuracağı müsbət və mənfi tendensiyalar nə olacaq?

Gücləndirilmiş prezident üsul-idarəsinə keçiddə doğrudan da Türkiyədə müəyyən avtoritarizm meylləri hiss olunur. Bu, cəmiyyətin müəyyən təbəqəsi tərəfindən tənqid olunur. Digər tərəfdən, doğrudan da Türkiyənin parlament üsul-idarəsi ilə idarə olunduğu dövrdə kifayət qədər uğurlar olsa da, qeyri-sabitlik nümunələri də var.

Araz Aslanlı: Bu referendum Türkiyədə siyasi sistemin əsaslı dərəcədə dəyişməsini, gücləndirilmiş prezident üsul-idarəsinə keçilməsini nəzərdə tutur. Türkiyədə əslində, gücləndirilmiş prezident üsul-idarəsinin, yoxsa parlament üsul-idarəsinin olması ilə bağlı müzakirələr uzun müddətdir var. Sadəcə olaraq, indiki AK Partiya dövründə bu reallaşdırıldı. Bəzilərinə görə, gücləndirilmiş prezident üsul-idarəsinə keçmə Türkiyədə avtoritarizmi meyllərinin artmasına səbəb ola bilər, parlament üsul-idarəsi daha uğurludur. Belə düşünənlər də var. Amma, bəziləri də düşünür ki, parlament üsul-idarəsi Türkiyədə idarəetməni mürəkkəbləşdirirdi və qeyri-sabirliyə səbəb olurdu. Buna misal olaraq göstərirlər ki, çoxlu koalisiya hökumətləri dövrü olub ki, koalisiya hökumətlərinin bəzilərində müxtəlif partiyalar bir-biri ilə razılaşa bilməyib. Bu da iqtisadi, bəzən də siyasi böhranlara səbəb olub. Hətta bu koalisiyaları təşkil edən partiyaların bir-biri ilə uzlaşa bilməməsi bəzən hərbi çevrilişlərə də səbəb olub. Türkiyə siyasi tarixində bunun nümunələri var. Yəni, gücləndirilmiş prezident üsul-idarəsini müdafiə edənlər deyir ki, koalisiyalar qeyri-sabitlikdir, parlament üsul-idarəsi qeyri sabitliyə səbəb olur. Türkiyə çox mürəkkəb bir bölgədə yerləşir. Xüsusən, Yaxın Şərq münaqişələrini, qarşıdurmaları misal göstərirlər. Ona görə deyirlər ki, güclü prezident üsul-idarəetməsi zərurətdir, qaçılmazdır. O səbəbdən də, bunu referenduma çıxarıblar. Amma, aydındır ki, hər iki tendensiyanı haqlı göstərə biləcək səbəblər var. Yəni, bir yandan gücləndirilmiş prezident üsul-idarəsinə keçiddə doğrudan da Türkiyədə müəyyən avtoritarizm meylləri hiss olunur. Bu, cəmiyyətin müəyyən təbəqəsi tərəfindən tənqid olunur. Digər tərəfdən doğrudan da Türkiyənin parlament üsul-idarəsi ilə idarə olunduğu dövrdə kifayət qədər uğurlar olsa da, qeyri-sabitlik nümunələri də var. Hesab edirəm ki, referendumla konstitusiyanın dəyişdirilməsi əhəmiyyətli bir qərardır, amma bu hər şeyə nöqtə qoyacaq bir qərar deyil. Bu müzakirə və mübahisələrin davam etməsinə səbəb olacaq. Hər iki istiqamətdə, - həm güclü idarəetmənin gətirəcəyi müsbət məqamlarla bağlı, həm güclü idarəetmənin gətirəcəyi mənfi məqamlarla bağlı. Hər ikisi artacaq və ola bilsin, gələcəkdə daha fərqli müzakirələr də ortaya çıxsın. Bəlkə, dövlət sisteminin yenidən başqa bir formaya, yarı prezident üsul-idarəsinə keçməsi, ya da elə əvvəlki parlament üsul-idarəsinə keçməsinə qayıdışla bağlı.

Amerikanın Səsi: Referendumun nəticələrinin regional təsirləri, xüsusilə Yaxın Şərq regionuna təsirləri necə olacaq?

Türkiyədəki parlament üsul-idarəsi, parlament demokratiyası Yaxın Şərq ölkələri üçün nümunə kimi göstərilirdi. İndi Türkiyə fərqli bir sistemə, yəni gücləndirilmiş prezident üsul-idarəsinə keçəndə, bu ola bilsin ki, Yaxın Şərqdə də parlament ənənəsi ilə bağlı meyllərin zəifləməsinə səbəb olsun.

Araz Aslanlı: Şübhəsiz, referendumun nəticələri ən azı iki istiqamət üzrə Yaxın Şərqə təsir edəcək. Bunun biri, Türkiyənin dövlət modelinin, siyasi model kimi qəbul olunması ilə bağlıdır. Biri də Türkiyənin Yaxın Şərq siyasəti ilə bağlıdır. Yəni, əvvəllər Türkiyədəki parlament üsul-idarəsi, parlament demokratiyası Yaxın Şərq ölkələri üçün nümunə kimi göstərilirdi. İndi, Türkiyə fərqli bir sistemə, yəni gücləndirilmiş prezident üsul-idarəsinə keçəndə, bu ola bilsin ki, Yaxın Şərqdə də parlament ənənəsi ilə bağlı meyllərin zəifləməsinə səbəb olsun. Belə bir təsiri ola bilər. Türkiyənin Yaxın Şərq siyasətinə gəldikdə, burada Suriya münaqişəsindən, Fələstin probleminin həllindən, İraqın ərazi bütövlüyündən və ümumiyyətlə Yaxın Şərqdəki proseslərdən söhbət gedir. Yəni, Türkiyə hər iki istiqamətdə, həm model dövlət kimi oynayacağı rol, həm də yürütdüyü siyasət baxımından çox əhəmiyyətlidir. Belə görünür ki, Türkiyə Yaxın Şərqdə bundan sonra daha kionkret siyasət yürüdəcək. Yəni, Suriya siyasətində deyək ki, müəyyən ziqzaq var idi. Fərqli dövrlərdə fərqli siyasət yürüdürdü. Bu bir qədər korrektə olunacaq, yəni daha konkret olacaq. İsrail-Fələstin problemi ilə, ərəb-İsrail münaqişəsi ilə bağlı da nə 2010-cu ildəki kimi çox radikal, yəni İsrail əleyhdarı, nə də əvvəvlki dövrlərdə olduğu kimi İsraillə çox yaxın münasibət gözləmirəm. Amma, ikisinin balansını ehtiva edən bir Yaxın Şərq siyasətini təqdim edəcək.

Amerikanın Səsi: Referendumun elan olunmuş nəticələıri və səsvermə prosesi daxili və xarici tənqidlərə yol açıb. Bu Türkiyə daxilində qarşıdurmaya yol aça bilərmi?

Həlledici səslərin daha az olması, yəni 50 faizi daha az keçməsi ona səbəb olacaq ki, yeni siyasi sistemə qarşı olanlar, Ərdoğan hakimiyyətinin dəyişiklik istəyinə daha kəskin müqavimət göstərəcək.

Araz Aslanlı: Əslində, Türkiyə daxilində siyasi qarşıdurma, siyasi gərginlik daim olub. Yəni, cümhuriyyətin quruluş mərhələsində də, cümhuriyyət qurulduqdan sonra ilk dövrlərdə də, çoxpartiyalı siyasi sistemə keçdikdən sonra isə bu daha da artıb. Az öncə də qeyd etdiyim kimi, bəzən siyasi qarşıdurmalar o həddə olub ki, hətta hərbi çevirilişə səbəb olub. Amma, son dövrlərdə, xüsusən 2014-cü ildən etibarən siyasi qarşıdurmalar daha da kəskin xarakter almışdı. Burada Gezi Parak hadisələrini, ondan sonrakı dövrdə baş verən bəzi hadisələri, hətta 2016-cı ilin yayındakı hərbi çevriliş təşəbbüslərini də xatırlayırıq. Türkiyə bu referendumdan daha böyük səslə çıxsa idi, bəlkə qarşıdurma potensialı daha az olardı. Həlledici səslərin daha az olması, yəni 50 faizi daha az keçməsi ona səbəb olacaq ki, yeni siyasi sistemə qarşı olanlar, Ərdoğan hakimiyyətinin dəyişiklik istəyinə daha kəskin müqavimət göstərəcək. Ona görə də, belə demək mümkündür ki, arzulamasaq da qarşıdurma meylləri gözlənilir.

Amerikanın Səsi: Referendum Türkiyənin Avropa İttifaqı və ABŞ-la münasibətlərinə nə verəcək?

Trampın Ərdoğanı təbrik etməsi və təbrikdəki ifadələr göstərir ki, referendum ABŞ-Türkiyə münasibətlərinə yaxşı təsir edəcək.

Araz Aslanlı: Avropa İttifaqı ilə münasibətlərə daha mənfi təsir etməsini gözləyiriəm. Çünki, onsuz da son illərdə bir mənfi tendensiya var idi. Referendumun gedişatı və nəticələri Avropa İttifaqı tərəfindən qəbul olunmur. Ona görə, mənfi təsir edəcək. Amma, ABŞ-ın yeni administrasiyasının Türkiyə ilə münasibətləri sanki bir qədər daha yaxşıdır, Trampın Ərdoğanı təbrik etməsi və təbrikdəki ifadələr göstərir ki, referendum ABŞ-Türkiyə münasibətlərinə yaxşı təsir edəcək.

Amerikanın Səsi: Referendumun Azərbaycana təsirləri nə olacaq?

Türkiyədə siyasi hakimiyyətin mərkəziləşməsi məncə, Azərbaycan tərəfindən arzu olunan bir haldır.

Araz Aslanlı: Türkiyədəki siyasi proseslər Azərbaycanla birbaşa siyasətə çox təsir etmir. Türkiyə, gedişatı özü üçün müəyyənləşdirir. Azərbaycan da əksər hallarda Türkiyədəki bütün qərarlara normal yanaşır və təbrik edir. Referendumun da xüsusi, necəsə təsir edəcəyini düşünmürəm. Sadəcə, Türkiyədə siyasi hakimiyyətin mərkəziləşməsi məncə, Azərbaycan tərəfindən arzu olunan bir haldır. Bu barədə ola bilsin ki, bir qədər müsbət təsiri olsun.

XS
SM
MD
LG