Accessibility links

Kim siyasi məhbusdur?


AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser

AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser

AŞPA-da siyasi məhbuslar üzrə məruzəçinin hesabatı dinləniləcək. AŞ üzv dövlətləri siyasi məhbusların işlərinə yenidən baxmağa, zərurət olduqda azad etməyə çağırır

Oktyabrın 3-də axşam Avropa Şurası Parlament Assambleyası (AŞPA) sessiyasında siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hesabatı dinləniləcək və qəbul olunacaq. Hesabat “siyasi məhbus” anlamının tərifinə həsr olunub. Bu barədə Turan-ın xüsusi müxbiri Strasburqdan məlumat verib.

11 səhifəlik sənəddə deyilir ki, siyasi məhbus anlamının tərifi 2011-ci ildə Azərbaycanda və Ermənistanda nəzərdə tutulan siyasi məhbus hallarının qiymətləndirilməsi üçün AŞPA baş katibinin göstərişi ilə Avropa Şurası çərçivəsində müstəqil ekspertlər tərəfindən hazırlanıb.

Ekspertlərin irəli sürdükləri ümumi meyarları Avropa Şurası Komitəsi və AŞPA da daxil olmaqla, əlaqədar tərəflər təqdir ediblər. Hüquq məsələləri və İnsan Haqları Komitəsi həmin meyarları dəstəklədiyini bildirir və dəqiqləşdirir ki, terrorizmə görə azadlıqdan məhrum edilənlər ki, siyasi məhbus hesab olunmur.

AŞPA həmin meyarları dəstəkləyərək bildirir ki, şəxsin saxlanması Avropa İnsan Hüquqları Konvensiyasında və ona əlavə protokollarda əksini tapan əsas təminatlardan biri, əsasən:

a) fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə azadlıqdan məhrum edilən şəxsə “siyasi məhbus” kimi baxılmalıdır.

b) əgər saxlama istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;

c) həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

d) əgər vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Assambleya Avropa Şurası üzvü olan dövlətləri siyasi məhbus kimi nəzərdə tutulan şəxslərin işlərinə həmin meyarlar əsasında yenidən baxmağa və zərurət olduqda onları azad etməyə çağırır.

Sonra Ştrasser ekspertlərin rəylərinin əsasında və Avropa konvensiyalarına və digər beynəlxalq aktlara istinadən həmin müddəaların izahını verir.
Sözügedən meyarlar Avropa Onsan Hüquqları Məhkəməsinin praktikasından konkret nümunələrlə müşayiət olunur.

“Mən tamamilə əminəm ki, müstəqil ekspertlərin meyarları (artıq yüzlərlə hala tətbiq olunub) hüquqi cəhətdən əsaslandırılıb, ədalətli və operativdir. Onlar insan hüquqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının əsas normalarını və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu əks etdirir”, - Ştrasser vurğulayır.

“Mövcud təriflərlə bağlı məlumatlardan imtina etmək və sonsuz nəzəri müzakirələrə qoşulmaq AŞPA üçün ciddi səhv olardı. Bu cür debatlar sonsuzdur və faydasızdır.

Odur ki, mən Assambleyanı mövcud siyasi məhbus anlamının tərifini təsdiqləməyə çağırıram”, - məruzəçi qeyd edib.

Alman deputat Kristofer Ştrasser 2009-cu ilin martında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunub. Lakin 2011-ci ilin oktyabrında bu mandat başqa ölkələrədək genişləndirilib və “siyasi məhbus” anlamının meyarlarının müəyyən edilməsi ona həvalə olunub. Bu illər ərzində Azərbaycan hakimiyyəti Ştrasseri qəbul etməkdən imtina edərək bildirib ki, “siyasi məhbus” anlayışı formalaşdırılmayıb və beynəlxalq praktikada yoxdur.
XS
SM
MD
LG