Accessibility links

Rüstəm İbrahimbəyov: SOCAR-ın bəyanatı yalandır


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

SOCAR Rüstəm İbrahimbəyovu torpaqları qanunsuz zəbt etməkdə günahlandırıb

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) bəyanatla çıxış edərək dramaturq Rüstəm İbrahimbəyovu şirkətin işgüzar reputasiyasına zərər vurmaqda ittiham edib.

SOCAR şirkəti R.Rüstəmbəyovun torpaq sahəsini qanunsuz əlindən alması ilə bağlı fikirlərini əsassız sayır. Şirkət öz hərəkətini son illər “zəbt edilmiş torpaqlarda, neft sənayesi infrastrukturu zonasında qanunsuz tikililərə qarşı” aparılan tədbirlərlə izah edir. R.İbrahimbəyov və digərləri ilə torpaq mübahisələri məhkəmənin qərarı əsasında həll olunub və Dövlət Neft Şirkətinin maraqları hüquqi əsaslarla təmin edilib.

Həmçinin SOCAR R.İbrahimbəyovun torpaq sahəsindən böyük kinolayihə üçün istifadə etmək niyyətində olması barədə fikirlərini də təkzib edib. SOCAR-ın bildirdiyinə görə, torpaq sahələri onun xanımı Şöhrət İbrahimbəyova, yaxın qohumları – Lalə Əfəndiyeva, Erkin Əfəndiyev, Vahid Quliyev, Şükurə Hüseynova, Ülviyyə Həsənova, Ülkər Həsənova, Pərvanə Həsənova, Vaqif Quliyev, Atamalı Həsənov, Camal Quliyev, həmçinin R.İbrahimbəyovun yaxınları Nailə İmanova və Faiq Səfərovun adlarına şəxsi evlərin tikintisi üçün bələdiyyələrin qanunsuz qərarları əsasında ayrılıb.

SOCAR-a görə, bələdiyyələr və “alıcıların” özləri əvvəlcədən bilirdilər ki, onlara ayrılan torpaq sahələri dövlət mülkiyyətidir və SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələridir.

R.İbrahimbəyov bu ittihamları Turan-a şərh edərkən onları cəfəngiyyat adlandırıb.

“Bu torpaqların hamısının sənədləri və mülk kağızları var. Bu torpaqlar vaxtilə bələdiyyələrə verilib və onlar da vətəndaşlara satıblar. Bu torpaqları vətəndaşlardan almışıq və onlar biz almazdan əvvəl özəlləşdirilib. Torpaq sahələrini fərdi vətəndaşların adlarına ona görə sənədləşdirmişik ki, Kinematoqrafçılar İttifaqı vətəndaşlardan torpaq ala bilməzdi və bununla bağlı İttifaqın Baksovetlə ayrıca sazişi var. Həmin torpaqlarda kinematoqrafiya kompleksi inşa edilməli idi və onun layihəsi də Baksovet tərəfindən təsdiqlənmişdi və tikinti başlanmışdı.

ARDNŞ-də nə var? Onlarda heç bir sənəd yoxdur. Odur ki, onların söylədikləri və bəyanatları yalandır”, - kinodramaturq qeyd edib.

“Belə olan vəziyyətdə nə etmək niyyətindədir” sualının cavabında R.İbrahimbəyov qeyd edib ki, vətəndaşlara məxsus torpaqları qanunsuz zəbt edən “ARDNŞ-nin bandit əməllərinə” qarşı məhkəmə iddiası qaldırılıb. “Biz işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxaracağıq, çünki Azərbaycanda məhkəmələrin ədalətli qərar verəcəklərinə inanmırıq”, - o vurğulayıb.

Qeyd edək ki, R.İbrahimbəyova hücum və təzyiqlər onun hakimiyyətin ünvanına tənqidi fikirlərindən sonra baş verib
XS
SM
MD
LG