Accessibility links

ABŞ qanunvericiləri Suriya ilə bağlı mümkün addımları müzakirə edir



ABŞ-ın bəzi qanunvericiləri bildirir ki, İsrailin Suriyaya qarşı hava hücumları Birləşmiş Ştatların Suriyada mülki vətəndaşların müdafiəsi və prezident Bəşar Əl-Əsədin süqutunun tezləşdirilməsi üçün fəaliyyətə keçməli olduğunu göstərir.

Obama administrasiyası indiyə kimi Suriyada üsyançılara qeyri-hərbi, vətəndaş müharibəsi nəticəsində yerlərindən didərgin düşmüş insanlara isə humanitar yardım göstərib. Lakin administrasiya Suriya üzərində uşuşlara qadağa zonasının yaradılması ilə bağlı çağırışlardan imtina edərək, Amerika təyyarələrinin Suriyanın hava müdafiə sistemi tərəfindən hədəf alına biləcəyini qeyd edib.

Respublikaçı konqresmen Tom Kotton deyib ki, İsrailin cümə və bazar günləri həyata keçirdiyi hava hücumları bunun əsassız olduğunu göstərir. “İsrailin 48 saat ərzində hava hücumları göstərir ki, Rusiyanın Suriyada hava müdafiə sistemi deyildiyi kimi güclü deyil. Biz Bəşar Əl-Əsədin öz xalqını məhv etməsinin dayandıra və Suriyada ən dəhşətli zorakılığa son qoya bilərik”-deyə konqresmen Kotton bildirib.

Tom Kottonla bərabər NBC xəbər agentliyinin verilişinə qatılan demokratik senator Patrik Lehi İsrailin aksiyalarının Suriyanın hava müdafiə sisteminin zəif olduğunu göstərməsi fikri ilə razılaşıb. Lakin o, Brləşmiş Ştatların Suriyada üsyançıları silahlandırması kimi addımların risksiz olmadığı ilə bağlı xəbərdarlıq edib. “Bizim təchizat məsələsində problemimiz ondan ibarətdir ki, bəzi qruplar güclü islamçı, Əl-Qaidə və başqaları ilə əlaqədar qruplardır. Liviya, Misir və hər yerdə islamçıların yuxarı, hakimiyyətə gəldiyini görürük”-deyə senator Lehi bildirib.

Keçən həftə ABŞ-ın Müdafiə naziri Çak Heygel bildirib ki, administrasiya Suriya üsyançılarını silahlandırılması da daxil olmaqla, geniş variantları nəzərdən keçirir. O, hələlik heç bir qərarın verilmədiyini xüsusi vurğulayıb.
XS
SM
MD
LG