Accessibility links

Tomas Melia: Hesab etmirəm ki, İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinin qara və ya qırmızı xətt olduğunu dərhal deyə bilərik


ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia

Amerika rəsmisi növbəti səfəri zamanı bunu müzakirə edəcək. “Biz neft naminə demokratiyanı qurban vermirik”

“Bu, mənim son üç ayda Azərbaycana ikinci səfərim və son 8 ay ərzində Dövlət Departamenti, USAİD, Ədliyyə Nazirliyi nümayəndələrindən ibarət nümayəndə heyətinin rəhbəri olaraq üçüncü səfərimdir. Missiyanın tərkibinin bu qədər mötəbər olması Azərbaycana verdiyimiz əhəmiyyətin sübutudur”, bu barədə Turan agentliyinə müsahibəsində ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia bildirib.

Bir neçə gün ərzində Bakıda və bölgələrdə rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirilib və görüşlər davam etdirilir, deyə o qeyd edib.

Dinc nümayişçilərin həbsi narahatedici amildir, AFU-nun bağlanması bizi xüsusilə narahat edir.
Sual: Vətəndaş cəmiyyəti fəallarının təqibi faktlarını: NİDA üzvlərinin həbsi, Azad Fikir Universitetinin (AFU) bağlanması və s. bu kimi faktları necə qiymətləndirirsiniz?

Cavab: Biz vəziyyəti çox diqqətlə izləyirik. Dinc nümayişçilərin həbsi narahatedici amildir, AFU-nun bağlanması bizi xüsusilə narahat edir.

Mən dekabrda orada olmuşam, bu, gənclərin müxtəlif problemləri müzakirə edə bildikləri, fikir mübadiləsi apardıqları və tədris ala bildikləri ən yaxşı yerdir. Belə bir müəssisədən məhrum olmaq səmərəsiz və yanlışdır və biz bu qərarın yekun qərar olmadığına ümidimizi itirmirik.

Təfsilata varmadan deyə bilərəm ki, bəli, müzakirə etdim.
Sual: Prezident Əliyevlə bu məsələni müzakirə etdinizmi?

Cavab: Təfsilata varmadan deyə bilərəm ki, bəli, müzakirə etdim.

Sual: Milli Demokratiya İnstitutunun (NDİ) ünvanına ittihamları necə qiymətləndirirsiniz?

Cavab: Deyə bilərəm ki, bir sıra KİV-lərdə yazılan ittihamlar uydurma görünür. Mən 20 ilə yaxın NDİ direktorunun müavini vəzifəsində işləmişəm və bu müəssisənin bütün spesifikasını yaxşı bilirəm.

Düşünürəm ki, burada problem Azərbaycan rəhbərliyinin NDİ fəaliyyəti haqqında qeyri-dəqiq məlumatlandırılması ilə bağlıdır.
Onun işi demokratik proseslərə dəstək və onların inkişafına yönəlib. Əminəm ki, bütün sənədlərə baxıldıqda bu müəssisə ilə bağlı şübhələr yox olacaq. NDİ-nin nə ilə məşğul olduğunu təcrübi olaraq təsəvvür etmək üçün bütün insanların fikir və təcrübə mübadiləsi apardığı qlobal sosial şəbəkə düşünmək lazımdır. Bu mənada Azərbaycan bu qlobal resursdan fayda əldə edə bilərdi. Düşünürəm ki, burada problem Azərbaycan rəhbərliyinin NDİ fəaliyyəti haqqında qeyri-dəqiq məlumatlandırılması ilə bağlıdır.

Sual: Bakının ATƏT missiyasının layihə koordinatoru səviyyəsinə qədər azaltmaq ideyası haqqında nə deyə bilərsiniz? Qeyri-rəsmi məlumata görə, Vaşinqton bu qərarı təcrid etməklə hədələyib. Öz növbəsində, Azərbaycan xarici işlər naziri bu xəbərdarlığı “yolverilməz şantaj” adlandırıb.

Bu mövzu Vyanada ATƏT-in qərargah-mənzilində müzakirə olunur və biz ümid edirik ki, səmərəli qərar əldə olunacaq.
Cavab: ATƏT 46 ölkə deməkdir və bu birlik beynəlxalq proseslərdə, o cümlədən ümumi vəziyyətin və seçkilər prosesinin monitorinqində böyük rol oynayır. İndiki halda həm də Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edir.

Buna görə ümid edirik ki, missiyanın səviyyəsi azaldılmayacaq. Bu mövzu Vyanada ATƏT-in qərargah-mənzilində müzakirə olunur və biz ümid edirik ki, səmərəli qərar əldə olunacaq.

Sual: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin NDİ-nin fəaliyyəti və ATƏT çərçivəsində ayrı-ayrı layihələrin Azərbaycanın daxili işlərinə müdaxilə olması haqqında fikri sizə tanışdırmı?

Azərbaycanın daxili işlərinə müdaxilədən deyil, onun üçün imkanlar yaradılmasından danışa bilərik.
Cavab: Mən artıq NDİ-nin fəaliyyətinin mahiyyətini açıqladım. Bu, transsərhəd fəaliyyətdir, beynəlxalq ticarət kimi. Başqa ölkədə ticarət edirsinizsə, axı bu, daxili işlərə müdaxilə demək deyil. Buna görə biz Azərbaycanın daxili işlərinə müdaxilədən deyil, onun üçün imkanlar yaradılmasından danışa bilərik.

Sual: Vaşinqtonun yüksək vəzifəli nümayəndələrinin Bakıya hər səfərindən sonra Azərbaycanın vətəndaş cəmiyyəti ciddi itkilərlə üzləşir. Belə ki, sizin son səfərinizdən sonra “Demokratiya naminə incəsənət” layihəsini dəstəkləyən xarici diplomatlar və sıravi vətəndaşlar təqibə məruz qalıblar, onlarla gənc fəal, bir sıra müxalifətçilər həbs edilib, müstəqil mətbuata təzyiq güclənib. Hazırki səfərinizdən sonra Azərbaycan hansı itkiləri gözləməlidir? Və siz Azərbaycan müxalifətinin Bakı ilə bağlı Rusiya üzrə Maqnitski qanununa bənzər qanun qəbul edilməsi çağırışını necə qiymətləndirirsiniz?

“Demokratiya naminə incəsənət” sırf Azərbaycanyönlü layihədir və onu heç cürə düşmən fitnəsi hesab etmək olmaz.
Cavab: İlk növbədə deyim ki, “Demokratiya naminə incəsənət” sırf Azərbaycanyönlü layihədir və onu heç cürə düşmən fitnəsi hesab etmək olmaz. Düşünürəm ki, hökumətdə bu məsələlərlə məşğul olanlar arasında anlaşılmazlıq baş verib.

Rusiya üzrə Maqnitski qanununa gəlincə, bu sənəd bir neçə il müzakirə edilib və qəbul edilib. Bu sənəd Maqnitskinin ölümündə təqsiri olan Rusiya məsullarının hüquqlarını məhdudlaşdırır. Qanun yeni qəbul edilib və biz hələlik onun nə dərəcədə səmərəli olacağını və başqa yerlərdə belə bir sənədin tətbiqinə dəyib-dəyməyəcəyini bilmirik.

Sual: Şübhəsiz, səmərəliliyi zaman göstərəcək, lakin söhbət təkcə təcrübi deyil, həm də psixoloji təsirdən gedir. İndi Azərbaycanda istənilən məmur əmindir ki, nə edərsə etsin, kimi həbs edərsə etsin, ali hakimiyyət onu müdafiə edəcək. Lakin Rusiyada artıq heç kimin belə bir əminliyi yoxdur. Onda niyə ABŞ böyük dövlətə - Rusiyaya qarşı belə bir qanun qəbul edə bilir və Azərbaycana qarşı bunu edə bilmir və ya etmək istəmir? Belə bir fikir var ki, ABŞ bunu neft üçün edir, demokratiyanı qurban verir.

Rusiyada da bizi daxili işlərə qarışmaqda ittiham ediblər, lakin bu, belə deyil.
Cavab: Bizim Azərbaycanla əməkdaşlığımız üç prinsip əsasında qurulur: demokratiya, energetika və təhlükəsizlik. Bütün bu prinsiplər əhəmiyyətcə bir-birinə bərabərdir və biz energetika və ya təhlükəsizlik naminə demokratiyanı qurban vermirik. Maqnitski qanununun qəbulundan sonra Rusiyada da bizi daxili işlərə qarışmaqda ittiham ediblər, lakin bu, belə deyil. Bu qanun ABŞ Konstitusiyasının tələblərini əks etdirir.

Sual: Prezident seçkiləri ərəfəsində Azərbaycanda vəziyyəti necə qiymətləndirirsiniz və Vaşinqton İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürmək istəyi barədə nə düşünür?

İndi, seçkilərə 6 ay qalan bir vaxtda ümid edirik ki, şərait və demokratik mühit yaradılıb: bütün namizədlər KİV-ə, seçkilərə çıxış əldə edəcəklər, toplaşmaq azadlığı təmin ediləcək. Bütün bu məsələlər üzrə irəliləyiş gözləyirik.
Cavab: Prezident vəzifəsinə namizəd kimi kimlərin irəli sürüləcəyi barədə məlumatımız yoxdur. ATƏT DTİHB kimi beynəlxalq və yerli müşahidəçilərin seçkilərə buraxılacağına və prosesi müşahidə edib obyektiv qiymət verəcəyinə ümid edirik. İndi, seçkilərə 6 ay qalan bir vaxtda ümid edirik ki, şərait və demokratik mühit yaradılıb: bütün namizədlər KİV-ə, seçkilərə çıxış əldə edəcəklər, toplaşmaq azadlığı təmin ediləcək. Bütün bu məsələlər üzrə irəliləyiş gözləyirik.

Sual: Gəlin hesab edək ki, İlham Əliyev üçüncü dəfə namizədliyini irəli sürür. ATƏT və Avropa Şurasının üzvü olan bir ölkə üçün bunu normal sayırsınızmı və bu, beynəlxalq demokratiya standartlarına uyğundurmu?

Hesab etmirəm ki, biz bunun qara və ya qırmızı xətt olduğunu dərhal deyə bilərik. Biz müzakirələri mənim növbəti səfərimə qədər davam etdirəcəyik.
Cavab: Bu, Konstitusiyaya necə əməl olunması və bütün bu prosesin necə getməsi barədə gələcək diskussiyaların bir hissəsi olacaq. Hesab etmirəm ki, biz bunun qara və ya qırmızı xətt olduğunu dərhal deyə bilərik. Biz müzakirələri mənim növbəti səfərimə qədər davam etdirəcəyik.

Sual: Bu günlərdə prezident Əliyev bəyan etdi ki, heç kim Azərbaycana özünü necə aparacağını öyrədə bilməz. Müşahidəçilər bunu demokratiya pozuntusuna görə tənqidə cavab kimi qiymətləndiriblər. Əliyevin bu bəyanatını necə qiymətləndirirsiniz?

Azərbaycanın bəzi keçmiş SSRİ qonşularından təcrübə alması faydalı olardı.
Cavab: Düşünürəm ki, söhbət öyrətməkdən deyil, imkanlardan getməlidir. Siyasətçilər üçün çox vaxt nə isə öyrənməli olduqlarını etiraf etmək çətin olur. Buna görə güman edirəm ki, Azərbaycan siyasətçiləri və xalqı unutmamalıdır ki, bizim proqramlarımız və ya məsləhətlərimiz öyrətmək cəhdi deyil, imkan yaratmaqdır. Ümumilikdə, başqalarından yaxşı təcrübə öyrənməkdə heç bir nöqsan yoxdur. Xüsusən, Azərbaycanın bəzi keçmiş SSRİ qonşularından təcrübə alması faydalı olardı.

Show comments

XS
SM
MD
LG