Accessibility links

Türk dili dünyanın aparıcı dillərindən biridir


Türk dili dünyanın aparıcı dillərindən biridir
Türk dili dünyanın aparıcı dillərindən biridir

İranda yaşayan Azərbaycan türklərinin dil hüququ daha çox pozulur. İranda islam dini bütün xalqların, xüsusilə türklərin dil hüququnun tapdanması üçün istifadə edilir.

Bu gün dünyada Ana Dili Günü qeyd edilir. YUNSESKO (UNSECO) 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Belə ki, Pakistan dövləti benqal dilini qadağan edib. 1952-ci ilin 21 - 22 fevralında hökumətin siyasətinə qarşı çıxan benqalların etiraz aksiyası amansızlıqlara məruz qalıb, 3 benqal həlak olub. 1999 - ci ilin noyabrında Banqladeş nümayəndələri 21 fevralı şəhid olmuş insanların şərəfinə Ana Dili Günü adlandırılması üçün müraciət edib və YUNESKO fevralın 21-də bütün dünyada Ana Dili Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.

Bu gün Azərbaycanda da Beynəlxalq Ana Dili Günü qeyd edilib. Dünya Azərbaycanlıları Konqresi İranda 35 milyon azərbaycanlının ana dili hüquqlarının pozulması ilə bağlı bəyanatla çıxış edib, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və bir sıra gənclər təşkilatları konfranslar keçirib.

Amma, maraqlı olsa da İranın “Səhər” televiziyası Azərbaycanda vəzifəli şəxsləri tənqid edəndə İranın Bakıdakı və dünyanın bir çox ölkələrindəki səfirlikləri qarşısında etiraz aksiyaları keçirməyə növbəyə duran təşkilatlar Ana Dili Günü ilə bağlı təmtəraqlı aksiyalar keçirməkdən vaz keçib.

Yeddi Dövlət Bir Millət Şurasının sədri Azər Həsrət Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikasında, İranda, Rusiyada, Gürcüstanda işlənmə vəziyyəti, türk dilinin dünya xalqlarının ünsiyyətində rolu, beynəlxalq təşkilatların türkdilli xalqlara münasibəti barədə danışıb.

Sual: Azərbaycan dilinin dünyada istifadə vəziyyəti necədir?

Cavab: Azərbaycan türkcəsi təkcə Azərbaycan Respublikasında deyil, İranın işğalında olan Güney Azərbaycanda, Rusiyanın işğalında olan Dərbənd ərazisində və Gürcüstanda Borçalıda yaşayan azərbaycanlılar tərəfindən işlədilir. Azərbaycan türkcəsinin istifadəsində Azərbaycan Respublikası istisna olmaqla digər toplumlarda ciddi problemlər yaşanmaqdadır. Rusiyanın işğalında olan Dərbənd şəhərində və ətrafındakı yaşayış məskənlərində Azərbaycan türkcəsində ya məktəblər yoxdur, ya da çox pis vəziyyətdədir. Eyni hal Gürcüstanda olan azərbaycanlılarla bağlı da müşahidə edilir.

Ana dilinin işlənməsi ilə bağlı ən böyük problemi İranın işğalında olan Güney Azərbaycanda yaşanmaqdadır. Burada ölkə əhalisinin yarısına qədərini təşkil edən azərbaycanlıların bir dənə belə ana dilində məktəbi yoxdur. Azərbaycan türklərinin kitab, qəzet çap etməsi, televiziya verilişləri hazırlayıb yayması qadağan edilib. İran konstitusiyasının 15-ci maddəsi onların bu hüququnu tanısa da, hökumət vətəndaşlarının konstitusiya hüquqlarının reallaşdırılmasına imkan vermir.

Sual: Müstəqil Azərbaycan respublikasının ana dili siyasətini necə qiymətləndirirsiniz?

Cavab: Bu, yetərli hesab edilə bilməz. Doğrudur ana dili, onun işlənməsi ilə bağlı qanunlar var, konstitusiyada ana dili kimi təsbit edilib. Prezident yanında xüsusi komissiya da bu işlərlə məşğuldur.

Ölkədə Azərbaycan türkcəsində, eləcə də azlıqda qalan toplumların ana dilində məktəblər, media, televiziya proqramları fəaliyyət göstərir. Amma bununla yanaşı, hazırda dilə Azərbaycan türkcəsinə, o cümlədən türkcəyə yad olan çoxsaylı sözlər daxil olmaqdadır.

Sual: İranda yaşayan azərbaycanlıların ana dili probleminin həlli üçün hansı işlər görülməlidir?

Cavab: İran dünyada çox az sayda qalmış ən diktatorial rejimdir. İranda unikal bir diktatura hökm sürür. Bu ölkədə islam dini bütün xalqların, xüsusilə türklərin dil hüquqlarının tapdanması üçün istifadə edilir. Burada rejim dəyişməyincə, insanların, o cümlədən rejimi idarə edən şəxslərin dünyaya baxışları dəyişməyincə heç nə dəyişməyəcək. Bunun üçün, Güney Azərbaycan türkləri ilk öncə İranın işğalından qurtulmalıdır. Bununla yanaşı, biz də İranda yaşayan farsların hüquqlarının bərpasına da çalışmalıyıq. İranda demokratik, dünyəvi rejim qurularsa ana dili problemlərinin bir qismini həll etmək mümkündür.

Sual: Ümumilikdə türk dilinin dünyada inkişafı ilə bağlı nə düşünürsünüz?

Cavab: Türk dili dünyada tanınan və qəbul edilən bir dildir. Hazırda Avropanın və Şərqin istənilən ölkəsində türk dili ilə hərəkət etmək mümkündür. Eyni hal, Rusiyada da mövcuddur.

Bu gün Rusiyanın işğalında olmuş türk cümhuriyyətləri öz kimliklərinə qayıtma prosesi keçir. İndi bu məkanda ruslaşdırma siyasəti iflasa uğrayıb.

Sual: Beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqının rəsmi dilləri arasında türk dili yoxdur. Halbuki dünyada türkdilli xalqların sayı almandilli, fransızdilli, eləcə də rusdilli xalqların sayından çoxdur. Bir zamanlar Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy türk dilinin BMT-nin rəsmi dili kimi tanınması barədə məsələ qaldırmışdı.

Cavab: Türk dilinin BMT-də və Avropanın aparıcı təşkilatlarında statusunu müəyyənləşdirmək üçün məsələ müzakirəyə çıxarılmalıdır. Bunun üçün türkdilli dövlətlərin məsələ qaldırması yetərlidir. Xüsusilə, Türkiyə türkcəsi türkdilli dövlətlərdə, o cümlədən Avropada geniş yayılıb. Türk dili hazırda BMT-nin 6 rəsmi dili arasında olmasa da, dünyada istifadə edilən beşinci dildir.

XS
SM
MD
LG