Accessibility links

Türkiyədə seçkiqabağı kampaniyada Qəzza əsas mövzuya çevrilsə də, qadın hüquqları və qadınlara qarşı zorakılıq kimi problemlər keçən il Gezi etirazlarından sonra ölkədə getdikcə dərinləşməkdə olan siyasi və mədəni qütbləşmənin mərkəzində qalmağa davam edir.

Baş nazir Rəcəp Tayyib Ərdoğan keçən həftə sonu Qara dəniz sahilindəki Ordu şəhərində seçicilərlə görüşdə İsrailə qarşı kəskin tənqidlə çıxış etməklə yanaşı, Türkiyədə qadın insan hüquqları fəallarının ünvanına da tənqidi ifadələr işlədib. Baş nazir israilli qanunvericinin açıqlamalarına reaksiya göstərmədikləri üçün “Onlar nə üçün susurlar? Çünki onlar da eyni zehniyyətə malikdir. Onlar analığa qarşı çıxırlar” dedikdən sonra, “lakin bizə görə analıq qadın üçün ən yüksək mövqedir”- deyə əlavə edib.

Qadın hüquq müdafiəçiləri isə diqqəti ölkə daxilində mövcud problemlərə yönəldiblər. Baş nazirin seçki kampaniyası tədbirindən bir gün sonra onlar İstanbulda qadınlara qarşı məişət zəminində zorakılıqlara qarşı aksiya keçirərək, hökuməti bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün səyləri artırmağa çağırıb. Lakin hüquq müdafiəçiləri Baş nazir Ərdoğanın yaratdığı mühafizəkar və avtoritar siyasi sistemdə qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşmasına böyük ümidlər bəsləmir.

Hazırda prezidentliyə əsas namizəd hesab edilən Rəcəp Tayyib Ərdoğanın 11 illik hakimiyyəti dövründə yüksək iqtisadi inkişafa nail olmuş Türkiyədə qadın hüquqları sahəsində eyni inkişaf müşahidə edilmir. Beynəlxalq təşkilatlar və ölkənin özündə insan hüquqları müdafiəçiləri son dövrlərdə qadınlara qarşı zorakılıqların narahat doğuracaq bir səviyyəyə çatdığını bildirir. Dünya İqtisadi Forumunun Gender bərabərliyinə dair sonuncu illik hesabatında Türkiyə dünyanın 136 ölkəsi arasında 120-ci yerdə göstərilib.

Türkiyə prezidenti Abdulla Gül, xanımı Hayrunnisə Gül, Baş nazir Rəcəp Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Kubra Gülün toy mərasimində

Türkiyə prezidenti Abdulla Gül, xanımı Hayrunnisə Gül, Baş nazir Rəcəp Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Kubra Gülün toy mərasimində

Türkiyə uzun illərdir Avropa İttifaqına üzv olmağı arzu edir, lakin bunun üçün rəsmi Ankara qarşısında vətəndaş hüquqları və mətbuat azadlığı sahələrində vəziyyətin yaxşılaşdırılması kimi şərtlər durur. Türkiyə hökuməri qadın hüquqları məsələsinin Qərb standartlarına yaxınlaşdırılması istiqamətdə addım ataraq, keçən ay parlamentə baxılmaq üçün qanun lahiyəsi təqdim edib.

Həm Qərb, həm ölkə mətbuatında qızların erkən yaşlarında ərə verilməsi, namus üstündə qətllər və məişət zəminində zorakılıq mövzularında məqalələrin müəllifi və Türkiyənin beynəlxalq miqyasda ən tanınmış qadın yazıçısı Elif Şəfəq ölkədə siyasi qarşıdurma və mədəni toqquşmaların getdikcə artdığını və qadınların bu çəkişmələrin mərkəzində olduğunu qeyd edir.

Elif Şəfəq “New York Times” qəzetində bu günlər dərc edilmiş “Qadın bədəni döyüş meydanı kimi” adlı məqaləsində yazıb: “Müxtəlif siyasi baxışlara malik kişilər qadınlara necə geyinməyi və necə yaşamağı öyrətməkdən çəkinmirlər. Baş nazir Rəcəp Tayyib Ərdoğan çıxışlarında hər bir türk qadınının azı üç uşaq olmasına çağırır və hökumət gəncləri daha tez evlənməyə təşviq etmək üçün faizsiz kredit ayırır. Lakin universitetdə oxyub ərə getmiş və uşağı olmuş qadın tələbələr təhsili bitirdikdən sonra çox güman işləməyəcəklər. Eyni zamanda, qız uşaqlarının ərə verilməsi və qadınlara qarşı zorakılıqların azaldılması kimi həyəcan doğuracaq bir səviyyədə olan bu sahələrdə çox az inkişaf müşahidə edilir. Türkiyə qadınları davamlı olaraq deyir ki, onların dəyəri ana və həyat yoldaşı olmaqla ölçülür.”

Türkiyədə qadınların ictimai yerlərdə baş örtüyü ilə görünməsinə 1920-ci illərdə Atatürk dövründə tətbiq edilmiş qadağaya görə icazə verilmirdi. Baş nazir Ərdoğanın təmsil etdiyi Ədalət və İnkişaf partiyası tərəfindən qadağanın ləğv edilməsi türk qadınlarının təkcə universitetlər və ofislərdə deyil, parlamentdə də baş örtüyü ilə görünməsinə imkan verir. Həm Baş nazir Ərdoğan, həm prezident Abdulla Gülün xanımları baş örtüyü taxır.

Elif Şəfəq yazır ki, indi baş örtüyü geyməyən qadınlar özlərini sosial təzyiq altında hiss edir. O bunun əsas səbəbini cəmiyyətdə qütbləşmənin dərinləşməsi, müxtəlif dünya görüşünə malik fərqli insanların birgə yaşayış ənənəsinin getdikcə dağılmasında görür. Onun fikrincə, sosial qeyri-bərabərsizlik və dözümsüzlüyün mövcud olduğu şəraitdə qadınlar kişilərdən daha çox təzyiqə məruz qalır.

Elif Şəfəq məqalədə bu yaxınlarda İstanbul küçələrində ədəbsizlik kimi qəbul edildiyi üçün qadın modellərin reklam fotolarının üstünün qaralanması insidentini təsvir edib. Bunu senzuranın bir forması hesab etdiyini qeyd edən müəllif fotoların qaralanmasını qınadığını Tvitter səhifəsində yazdıqdan sonra müxtəlif sosial təbəqələrə malik qadınlar buna öz münasibətlərini bildirib və məsələ ətrafında qızğın debat başlayıb. Elif Şəfəq reklam bilbordlarının cəmiyyətdə qalmaqal yaratmasının Türkiyədə ilk dəfə baş vermədiyini qeyd edib. O, 2007-ci ildə çimərlik kostyumlarını reklam edən şirkətlərə iqtidarda olan Ədalət və İnkişaf partiyasının başçılıq etdiyi bələdiyyələrdə üzərində qadın bədəni göstərilən bilbordların yerləşdirilmək icazə verilmədiyini xatırladır.

Bu ayın əvvəli “Aşqı-Memnu” və “Fatmagülün suçu nə?” filmlərində baş rolları ifa edən tanınmış türk aktrisası Beren Saat öz reklam şəklinin üzərinin boyanmasına kəskin reaksiya göstərərək, Facebook səhifəsində “Uşaqlıqdakı ölkəmi nə qədər özləmişəm” yazıb.

Aktrisanın reklam edildiyi fotonun üzərində “əxlaq və mənəviyyat təxribatına yox” sözləri yazılan vərəqələr yapışdırılıb. 30 yaşlı Beren Saatın özlədiyi Türkiyə 1993-cü ildə ilk dəfə olaraq qadının baş nazir seçildiyi ölkədir. Tansu Çiller 1996-cı ilə qədər hakimiyyətdə qalmış və Türkiyənin ilk, həm də sonuncu qadın baş naziri olmuşdur.

Beren Saat

Beren Saat

Zorlanmış gənc qadının günahkarların ədalət məhkəməsinə çıxarılmasına nail olmasından bəhs edən “Fatmagülün suçu nədir?” filminin final səhnəsi Fatmagül (Beren Saat) və onu müdafiə edən yüzlərlə qadının "təcavüzə yox" şüarını səsləndirməsi ilə bitir. Aktrisanın çəkildiyi və dünyanın bir çox dillərinə tərcümə edilib müxtəlif xarici ölkələrdə nümayiş etdirilən türk tele serilları milyonlarla tamaşaçı tərəfindən sevilir. Ekspertlər bu filmlərə böyük marağı Qərb və Şərq mədəniyyətlərini özündə birləşdirən bir cəmiyyət və müasir münasibətlərin ekranda göstərilməsilə ilə izah edir.

İnternetdə dərc edliən Al-Monitor jurnalının Türkiyə üzrə yazarı Semih İdiz məqalələrinin birində ərəb ölkələrində türk seriallarının populyarlığını təhlil edib. Semih İdizin yazdığına görə, bunun başlıca səbəblərindən biri məhdudiyyətlərin mövcud olduğu cəmiyyətlərdə yaşayan insanların qadın və kişilər arasında bərabərliyə əsaslanan müasir münasibətləri ekranda müşahidə edə bilməsidir. O yazıb ki, türk kişilərin qadınlarla rəftar tərzinin nümunəvi olmaması və Türkiyədə qadınlara qarşı məişət zəminində zorakılıq hallarının yüksək səviyyəsi qalması faktları belə Türkiyə filmlərinin müasir həyat haqda yaratdığı ideal təsəvvürə mane ola bilməyib:“Yaxın Şərqdə insanlar baxıb deyirlər ki, müasir və mədəniyyəti bizə yad olmayan, eyni din və tarixi bölüşdüyümüz Türkiyədən ilham ala biləcəyimiz yerdə biz nəyə görə yabançı və ərəblərə yad olan Qərb mədəniyyətinə baxmalıyıq?”

"Aşkı-Memnu" serialının aktyor truppası

"Aşkı-Memnu" serialının aktyor truppası

O, Fələstin ərazilərindən tutmuş Səudiyyə Ərəbistanına qədər ərəb qadınlarının türk seriallarında gördükləri qadın-kişi münasibətlərilə yanaşı, müasir türk qadınlarının həyat və geyim tərzinə rəğbətlə yanaşdığını qeyd edib.

Semih İdizin yazdığına görə, 2011-ci ildə Yaxın Şərq və Şimali Afrikada Ərəb baharı adı ilə tanınan inqilabların başladığı zaman bir sıra ölkələrdə Türkiyə modeli ilə bağlı fikirlər söylənsə də, bu siyasi modelin ölkələrin çoxunda tətbiq edilməsinin mümkün olmadığı aydın oldu. Lakin o, yazıb ki, bir sıra şərq ölkələrində Türkiyənin sosial modelinə marağın artması müşahidə edilir.

Mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşən, ənənələr və müasirliyi özündə birləşdirə bilən Türkiyə tarixi prezident seçkisi ərəfəsindədir. Müşahidəçilər Baş nazir Ərdoğanın seçkidə qələbə çalacağını gözləyir və növbəti beş ildə onun öz nüfuzunu daha genişləndirəcəyini ehtimal edir. Qadın hüquqları müdafiəçiləri getdikcə avtoritar idarə sistemi tətbiq edən baş nazirin prezident seçildyi təqdirdə cəmiyyətdə siyasi qütbləşmənin daha da artacağından, bunun isə qadınların sosial həyatda qarşılaşdığı problemlərin həllini daha da çətinləşdirəcəyindən ehtiyat edir.

Dilşad Əliyarlının "Qadın dünyası" bloqunu burada izləyə bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG