Accessibility links

Güneyli fəalları 13 il həbsə məhkum edən hökmdəki təzadlar [Audio-Müsahibə]


Taha Kirmani və Hüseyn Əli Məhəmmədi

Taha Kirmani və Hüseyn Əli Məhəmmədi

Türkmən Gəmiçi: Hüseyn Əli Məhəmmədi və Taha Kirmaniyə qarşı çıxarılan hökmdə təzadlı məqamlar var

Türkmən Gəmiçi güneyli fəallar Hüseyn Əli Məhəmmədi və Taha Kirmanini 13 il həbsə məhkum edən İnqilab Məhkəməsi qərarlarında aşkar təzadlar və İran İslam Respublikasının qanunlarına uyğun olmayan məqamların mövcüd olduğunu deyir. ABŞ-da yaşayan hüquq müdafiəçisi Amerikanın Səsi ilə söhbətdə iki fəala qarşı irəli sürülən ittihamlardan xüsusilə “ali ruhani lideri təhqir etmək”, “müqəddəsləri aşağılamaq” və “ictimai mülkiyyətə qəsdən ziyan vurmaq” bölmələrinin zəminsiz və əsassiz bir şəkildə qərara bağlandığını ifadə edir.

Seyyid Taha Kirmani və hazırda həbsdə olan Hüseyn Əli Məhəmmədiyə qarşı çıxarılan ən son məhkəmə qərarı bu yaxınlarda onların vəkili Cəfər Əfşarniya və fəalların özünə bildirilib. Hökmdə Təbriz Bələdiyyəsinə məxsus olan İran İslam Respublikasının bayrağının müttəhimlər tərəfindən yandırıldığı irəli sürülür.

Türkmən Gəmiçi

Türkmən Gəmiçi

Sənəddə yazılanlara əsasən, hər iki fəal irəli sürülən ittihamı rədd etsələr də Ümumi Məhkəmə və İnqilab Məhkəməsinin hesabatları aktın müttəhimlər tərəfindən həyata keçirildiyinin təsdiqi istiqamətindədir və müttəhimlər bunun əksini sübut edə bilmədikləri üçün 5 ili “müqəddəsləri təhqir etmək”, digər 5 ili isə “ictimai mülkiyyətə qəsdən ziyan vurmaq” ittihamına məxsus olmaqla cəmi 10 il həbsə məhkum ediliblər.

Müttəhimlər İnqilab Məhkəməsi və Ümumi Məhkəmə hesabatlarında təsdiq edilən ittihamları həyata keçirmədiklərinə dair iddialarını sübut edə bilməyiblər.

Türkmən Gəmiçinin dediklərinə görə, hakim Bağırpur bu qərarı ilə Təqsirsizlik Prezumpsiyası prinsipini açıq şəkildə pozmuşdur və müttəhimlərin Apellyasiya Məhkəməsinə müraciəti də, böyük ehtimalla, bu prinsipin pozulmasına etiraz üzərinə hazırlanacaqdır.

Məhkəmə qərarında ictimai mülkiyyətə qəsdən ziyan vurmaq ittihamının bayrağın bələdiyyə malı olması, müqəddəsləri aşağılamaq ittihamı isə İran bayrağının ortasında “Allah” əlaməti və rənglər arasında 22 dəfə yazılmış “Allahu Əkbər” ifadəsinin yandırılması ilə əlaqədar olduğu önə çəkilib.

Təbriz İnqilab Məhkəməsinin hakimi bu qərarla Təqsirsizlik Prezumpsiyası prinsipini pozmuşdur.

Bu arada iki fəalın təqribən bir il öncə həmin hakimin qərarı ilə aldıqları 3 il həbs cəzası da nəzərə alındığı zaman hazırda Hüseyn Əli Məhəmmədi və Seyyid Taha Kirmaninin qarşısında 13 il həbs cəzası vardır.

Ötən ilki hökmə əsasən, fəallar “Azərbaycan Milli Hərəkatı ya Azərbaycan Milli Hərəkatının Müstəqil Fəalları adlı qanunsuz təşkilatda üzvlük, Susma adlı dərgi ilə əməkdaşlıq, Susuz Göl adlı bloq icad edərək separatçılığı təbliğ etmək, Günaz TV ilə geniş telefon təması qurmaq, Traktorsazi-Əl-cəzirə matçında üzərində ingilis dilində Güney Azərbaycan İran Deyil sözlərinin yazıldığı plakatın nümayiş etdirilməsində əməkdaşlıq” etməkdə günahlandırılıb rejimə qarşı təbliğat” və “ali ruhani lideri təhqir etmək” ittihamlarına məruz qalaraq 3 il həbs cəzası alıblar.

Susma Dərgisi

Susma Dərgisi

Türkmən Gəmiçi fəalların eyni məhkəmə tərəfindən iki dəfə həbs cəzası almalarının səbəbini belə açıqlayır:

“Ötən ilki məhkəmə prosesində müttəhimlərin vəkili İnqilab Məhkəməsinin ittihamların bir hissəsi ilə bağlı qərar vermək səlahiyyətinə sahib olmadığını önə çəkərək mühakimənin Ümumi Məhkəmələrdə davam etməsini tələb etmişdi. Fəqət Ali Məhkəmə İnqilab Məhkəməsinin ittihamların tamamı ilə bağlı səlahiyyətli olduğuna rəy verib faylı təkrar Təbriz İnqilab Məhkəməsinə göndərdi. Beləliklə, ikinci hökm də həmin məhkəmə tərəfindən çıxarıldı.”

Hökmdə Hüseyn Əli Məhəmmədi və Taha Kirmani ali ruhani lideri təhqir etməkdə günahlandırılırlar. Belə ki, hakim Susma dərgisinin 8-ci sayının 20-ci səhifəsində dərc edilən yazıların ali ruhani lideri aşağılama mahiyyəti daşıdığını qeyd edir. Halbuki, dərginin digər bir əməkdaşı daha əvvəl həmin yazılarla bağlı mühakimə edilib və bəraət qazanmışdı. Yəni başqa bir fəalla əlaqədar təşkil olmuş məhkəmə eyni yazıların təhqir mahiyyəti daşımadığına rəy verib.

ABŞ-da mühacirətdə yaşayan güneyli fəal keçən il çıxarılan qərarda da ciddi təzadların mövcud olduğunu vurğulayır:

“Hökmdə Hüseyn Əli Məhəmmədi və Taha Kirmani ali ruhani lideri təhqir etməkdə günahlandırılırlar. Belə ki, hakim Susma dərgisinin 8-ci sayının 20-ci səhifəsində dərc edilən yazıların ali ruhani lideri aşağılama mahiyyəti daşıdığını qeyd edir. Halbuki, dərginin digər bir əməkdaşı daha əvvəl həmin yazılarla bağlı mühakimə edilib və bəraət qazanmışdı. Yəni başqa bir fəalla əlaqədar təşkil olmuş məhkəmə eyni yazıların təhqir mahiyyəti daşımadığına rəy verib.”

Hüseyn Əli Məhəmmədi və Seyyid Taha Kirmaninin məhkum olduğu 13 il həbs cəzasından iki ili “ali ruhani lideri təhqir etmək” ittihamı ilə bağlıdır.

Gəmiçinin sözlərinə görə, 2014-cü ilin iyul ayında iki fəala qarşı çıxarılan 3 il həbs cəzasını həmin ilin sentyabr ayında təşkil olmuş Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb və hökm qətidir. Digər 10 il həbs cəzasına etirazın nəticəsi ilə yaxında keçiriləcək Apellyasiya Məhkəməsində müəyyən olacaq.

XS
SM
MD
LG