Accessibility links

AXCP Sumqayıt təşkilatının sədri həbs edilib


İsa Qurbanov (Foto isa Qurbanovun Facebook səhifəsindən götürülüb)
İsa Qurbanov (Foto isa Qurbanovun Facebook səhifəsindən götürülüb)

Martın 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatınımn sədri İsa Qurbanov həbs edilib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsi İsa Qurbanova polisə müqavimət ittihamı ilə inzibati qaydada 5 sutka həbs verib.

“İsa Qurbanov polisə müqavimət göstərməyib və onun heç bir günahı yoxdur. O Milli Şuranın martın 15-də “Talana son!” şüarı ilə keçirəcəyi mitinqə görə saxlanıb”, Bayramlı qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov musavat.com saytına bildirib ki, İsa Qurbanov avtomobili sərxoş vəziyyətdə idarə edərkən Yol Polisi onu saxlayıb.

“Qanunvericiliyə uyğun olaraq dərhal həkim müayinəsindən keçirilib və sərxoş olduğu müəyyən edilib. Avtomobili sərxoş vəziyyətdə idarə etməkdə təqsirləndirilən İ.Qurbanov məhkəməyə aparılarkən polis əməkdaşlarına tabesizlik də göstərib. Sumqayıt şəhər Məhkəməsi onun barəsində 5 sutkalıq inzibati həbs qərarı verib. Onun həbsinin siyasi fəaliyyəti ilə qətiyyən əlaqəsi yoxdur. Vəzifəsindən, siyasi və dini baxışından asılı olmayaraq hər kəs qanunların tələbinə riayət etməlidir”, o qeyd edib.

Öz növbəsində İsa Qurbanovun vəkili Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, İsa Qurbanov ittihamı əsassız sayır.

“Əvvəlcə onu avtomobillə yol hərəkət qaydalarını pozması adı ilə polisə çağırıblar. Sonra fikirlərini dəyişib həm bu məsələni saxlayıblar, həm də elə protokollaşdırıblar ki, bununla bağlı məhkəməyə aparılarkən polisə müqavimət göstərib, getmək istəməyib. Özü isə bütün bunları inkar edir”, vəkil deyib.

XS
SM
MD
LG