Accessibility links

Ukraynanın cənub-şərqində hərarət artır və separatçıların idarə etdiyi Donetsk şəhərinin sakinləri yeni iqtisadi blokada ilə üzləşirlər. Orada banklar bağlı olduğu üçün nağd pul çatışmazlığı var. Ən çox zərər çəkənlər isə təqaüdçülərdir. Qaçqınların həyatı Donetskdə qalanlardan daha rahat olsa da, onlar çətin dolanırlar.

Moskvanın dəstəklədiyi separatçılar tərəfindən idarə olunan Donetsk şəhərində gündəlik həyat çox dəyişkən, gözlənilməzdir. Şəhərin ətrafında Ukrayna qüvvələri və qiyamçılar arasındakı atışmalar bəzən həddindən artıq çox olur. Ötən həftə su nasos stansiyasına atəş açıldığı üçün bütöv ərazi susuz qalıb.

Gözlənilməz olmayan isə əksər insanların, əsasən də təqaüdçülərin üzləşdiyi çətinliklərdir. Mağazalarda hələ ki, ərzaq və digər əşyalar var və yük maşınları əsas yollardan şəhərə kənardan mal gətirir. Lakin bu zaman da onlar nəzarət-buraxılış məntəqələrində danışıqlar aparmalı və rüşvət verməli olurlar.

Mallar şəhərə gətirilsə də, insanların o malları almağa pulları yoxdur. Hökümətin tətbiq etdiyi iqtisadi blokada özünü biruzə verir – banklar bağlıdır, bankomatlar işləmir və kredit kard şəbəkələri kəsilib. Yaşlı insanlar yaxın şəhərlərdə yenidən qeydiyyatdan keçməsələr, pensiyalarını ala bilmirlər. Ona görə də onlar müntəzəm olaraq digər şəhərlərə səfər edirlər ki, bu yol avtobusla 6 saat çəkir.

Bir çox insanın bu səfərə çıxmaq üçün ya pulları yoxdur, ya da uzun səfərə çıxmaq üçün çox zəifdirlər.

76-yaşlı keçmiş kömür mədənçisi Pavel deyir ki, hökümət insanları pensiya və maddi yardımla təmin etməlidir. O bildirir ki, onun həyat yoldaşı vəfat edib və ona yoldaşını dəfn etmək üçün pul lazımdır, amma o, pulunu ala bilmir.

Kiyev ümid edir ki, blokada separatistlərə zərbə vuracaq və sıravi vətdaşları onlara qarşı çevirəcək. Belə olsa da, bunun silahlı qiyama nə dərəcədə tez son qoyacağı məlum deyil. Qərb diplomatları isə əksinə blokadanın Kiyevə qarşı sərt reaksiyaya yol açacağından narahatdır . Onlar bildirir ki, Ukrayna höküməti təcridetmə siyasəti ilə bağlı daha yaxşı açıqlama verməlidir.

Donetskdən qaçanların atışma sırasında həyatları riskdə olmasa da, onlar çoxlu çətinliklərlə üzləşirlər. Ukraynanın şərqində yerləşən Donetsk və Luqanskdan qaçan insanların dəqiq sayı barədə heç bir məlumat yoxdur. BMT bildirir ki, 400 minən artıq məcburi köçkün var, amma bir çox insan qeydiyyatdan keçmədiyi üçün bu rəqəm dəqiq deyil.

Axşamlar Donetsk şəhərində yaşayış binalarının sadəcə 1/3-də işıqlar yanır. Separatist təşviqatından öncə şəhərin əhalisi 950 min idi.

38 yaşlı Vladimir iki övladı ilə birgə Donetskdən iyun ayında qaçıb. Onu qaçmağa məcbur edən hava limanındakı gərgin qarşıdurma olub.

O bildirir ki, separatçılar barrikadalar qurmağa başladıqları və ağır silahları olduğu üçün Vladimir orada qalmağın asan olmayacağını anlayıb. Hazırda o, ailəsi ilə birgə bir otaqda yaşayır və gələcəyin ona nələr göstərəcəyini düşünür.

O, gələcəkdə nə edəcəyini bilmədiyini və hər şeyin şərqdəki döyüşlərin nə qədər davam edəcəyindən asılı olduğunu deyir.

XS
SM
MD
LG