Accessibility links

Azərbaycanlılar Ukrayna xalqının mübarizəsini dəstəkləyir


Ukraynada yaşayan azərbaycanlılar, tatarların, qaqauzlar, yəhudilər, moldavanlar, Orta Asiyadan və başqa bölgələrdən olan türkdilli xalqlar Maydanda bəyanatla çıxış edib


Ukraynanın paytaxtı Kiyevdə Maydanda ölkənin ərazi bütövlüyünün pozulması ilə bağla yenidən başlayan aksiyalara bu ölkədə yaşayan azərbaycanlılar və digər azsaylı xalqlar da qatılaraq rəsmi bəyanat yayıblar.

Musavat.com saytı Ukrayna Millətlər Assembleyasına istinadən bildirir ki, ölkədə yaşayan azərbaycanlıların, tatarların, qaqauzların, yəhudilərin, moldavanların, Orta Asiyadan və başqa bölgələrdən olan digər Türkdilli xalqların təmsil olunduğu cəmiyyətlərin, konqreslərin üzvləri Maydandakı mitinqə qoşularaq tribunadan bəyanatlarını elan ediblər.

Maydanda Ukrayna Millətlər Assambleyasının hazırkı prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək bildirib ki, ruslara qarşı ölkədə heç bir ayrı-seçkilik yoxdur: “Ukrayna dilində səlis danışa bilirəm, amma indi rus dilində danışıram. Heç kim bizə rus dilində danışdığımıza görə mane olmur, tənqid etmir. Ukraynada guya ksenofobiyanın, antisemitizmin olduğu barədə Kremldə uydurulan bütün bu iddiaların heç bir əsası yoxdur, bu yalandır. Ukrayna çoxmillətli dövlətdir. Mən tarixi vətənim Azərbaycandan 27 il əvvəl ayrılsam da bizə yaxşı məlumdur ki, Azərbaycan da tolerantlığın nümunəsidir. 2013-cü ildə tolerantlıq üzrə ilk beşliyə daxil olub. Burada Maydanda da Azərbaycan bayrağı dalğalanır. Bu gün səhər mən Teymur Mustafayev adlı azərbaycanlı ilə danışırdım. O, burada yaralanıb və sonradan Lutska köçürülüb. O deyir ki, mənim könlüm Maydanladır, mən sağalıram. Demək istəyirəm ki, bütün azərbaycanlılar, dünya azərbaycanlıları Ukrayna ilə həmrəydirlər. Bizim Azərbaycanımız da Qarabağda separatizm probleminə malikdir. Qonşu Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi problemi var. Moldovanın da Dnestryanı problemi var. Təəssüf ki, bu sıraya Ukraynanın da Krım problemi əlavə olundu. Amma mən əminəm ki, ukraynalılardan, ruslardan, yəhudilərdən, azərbaycanlılardan, yunanlardan və digər millətlərdən ibarət Ukrayna bu sınağa layiqincə tab gətirə biləcək. Mən Şərqi Ukrayna sakinlərinə müraciət edirəm və onları eyforiyaya uymamağa, yaşadıqları ölkənin ərazi bütövlüyünə sadiq qalmağa çağırıram”.

R. Tağıyev Ukraynada yaşayan azərbaycanlılar adından müraciəti təqdim edib. Müraciətdə iki ölkənin xalqları arasında məhvedici müharibənin əlamətinə çevrilə biləcək Ukrayna-Rusiya münaqişəsində hadisələrin mənfi inkişafının dayandırılması tələb olunub: “Bizim təşkilatımız Ukraynada dərisinin rəngindən, inancından və milliyyətindən asılı olmayaraq, xalqlar arasında sülh və qarşılıqlı anlaşma məqsədilə yaradılıb. Biz xalqlar arasında nifrət və təcavüzə qarşıyıq. Ukrayna və Rusiya xalqları arasında sülh və əməkdaşlığın qorunub saxlanılması üçün digər beynəlxalq təşkilatlarla birgə bütün səylərimizi səfərbər etməyə hazırıq. Bununla əlaqədar olaraq, ölkədə vəziyyətin sabitliyin pozulmasına yönəlmiş istənilən bütün dağıdıcı qüvvə cəhdlərini qınayırıq. Ümumukrayna təşkilatı kimi, yerli idarəetmə orqanlarının və dövlət inzibati idarələrin rəhbərlərinə, Rusiya ilə həmsərhəd olan Xarkov, Luqansk, Donetsk, Çerniqov, Sumı, Xerson, Krım Muxtar Respublikası və sair bölgələrdəki ictimai təşkilatların rəhbərlərinə müraciət edərək, onları Ukrayna silahlı qüvvələrinin hərbiçilərinə bütün mümkün humanitar vasitələrlə yardım etməyə çağırırıq və özümüz də bu yardımda iştirak edəcəyik!”, o qeyd edib.
XS
SM
MD
LG