Accessibility links

Uqo Çaves 58 yaşında vəfat etdi [Video - Fotoqalereya]


Venesuela rəsmilərinin verdiyi məlumata görə, prezident Uqo Çaves uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

Vitse-prezident Nikolas Maduro ölüm xəbərini dövlət televiziyasında elan edib. O, Venesuela xalqını "güc və ilham nümayiş etdirməyə," o cümlədən "bu böyük lider"in gözləntilərini doğrultmaq üçün birləşməyə çağırıb.

58 yaşlı Çaves keçən ay paytaxt Karakasa geri dönməmişdən öncə Kubada xərcəng xəstəliyindən müalicə olunurdu. Rəsmilər deyir ki, Karakas hərbi hospitalında güclü kimyaterapeya alandan sonra cənab Çaves ciddi infeksiyaya yoluxmuşdu.


Uqo Çavesin həyat yoluna qısa baxış

- 58 yaş
- 1992-ci ildə uğursuz çevriliş cəhdi ilə ölkənin diqqətini cəlb edib
- 1999-cu ildən prezidentdir
- 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən devrilib
- 2011-ci ildən xərçəng diaqnozu qoyulub
- ABŞ-ın qatı tənqidçisi, Kuba, İran, Suriyanın tərəfdarıdır

Çavesin çanaq sümüyündə xərçəng aşkarlanmışdı. O, ötən ilin dekabr ayından bəri ictimaiyyət qarşısında görünməmişdi və yanvar ayında növbəti müddəti prezidentliyi üçün inaqurasiya mərasimində iştirak etməmişdi.

Vitse-prezident Maduro Venesuelanın düşmənlərini prezidentə xərçənglə hücum etməkdə ittiham edib. Ancaq o, bunun necə baş verə biləcəyinə aydınlıq gətirməyib.

Bu gün habelə Birləşmiş Ştatların iki diplomatı ölkədəki vəziyyəti gərginləşdirməkdə ittiham edilərək ölkədən deportasiya edilib. Bu diplomatlar Hava Qüvvələrinin ABŞ səfirliyində fəaliyyət göstərən iki zabiti olub. [Mətn videodan sonra davam edir.]



Çavesin dostları

Bir zamanlar Çaves peşəkar beysbol oyunçusu olmağın xəyalını dalsa da, əvəzində böyük siyasətə daxil olmuşdu. Mübahisəli prezidentin yaxın dostları, Fidel Kastro, Mahmud Əhmədinejad və Müəmmar Qəzzafi kimi liderlər idi.

Ordudan siyasətə

1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Perezə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib və çevriliş baş tutmadığından azadlıqdan məhrum edilib. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib.

O özünü inqilabçı hesab edirdi və deyirdi ki, 50 il Kubada hakimiyyətdə olmuş siyasət müəllimi Fidel Kastrodan ilhamlanıb. Tənqidçilər tez-tez Uqo Çavesi tənqid edərək deyir ki, o, Venesuelanl Kubavari bir partiyalı diktatorluğa aparıb və ölkəni qeyri-demokratik bir dövlətə çevirib.

XS
SM
MD
LG