Accessibility links

İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir


İsrail rəsmiləri cümə axşamı prezident Co Baydenin İsrailin Rəfahda hərbi əməliyyatı genişləndirmək planından narahat olaraq, bəzi silahların İsrailə göndərilməsini dayandırmaq qərarına etiraz edib.

İsrailin BMT-dəki səfiri Gilad Erdan "müharibə başlayandan bəri minnətdar olduğumuz bir prezidentdən bunu eşitmək çox ağır və məyusedicidir" deyib.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir əvvəllər Twittter kimi tanınan X-də "HƏMAS Baydeni sevir" yazıb.

Bayden çərşənbə gecəsi yayımlanan CNN kanalına verdiyi müsahibəsində deyib ki, ABŞ İsrailə "Dəmir Günbəz" döyüş sursatları kimi müdafiə silahları verməyə davam edəcək.

"Mən açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha getsələr - hələ Rəfaha getməyiblər, əgər Rəfaha getsələr mən onları tarixən Rəfah və digər şəhərlərin problemləri ilə əlaqədar istifadə edilən silahlarla təmin etməyəcəm", Prezident deyib.

Yüksək səviyyəli administrasiya rəsmisinin Amerikanın Səsinə verdiyi açıqlamada Baydenin bu qərarı İsraillə "HƏMAS-a qarşı Qəzzanın başqa yerlərində olduğundan fərqli şəkildə necə fəaliyyət göstərəcəyi" ilə bağlı müzakirələrdən sonra verdiyini deyib. Həssas məsələ barədə danışan rəsmi adının açıqlanmasını istəməyib.

Qəzzanın cənubundakı Rəfaha qurudan edilən hücum
oktyabrın 7-də HƏMAS militant qrupunun İsrailə ölümcül hücumundan və İsrailin buna cavabından sonra Qəzzanın mərkəzi və şimal bölgələrindən qaçaraq, Rəfahda sığınacaq tapan 1,3 milyondan çox mülki şəxsin həyatını təhlükəyə atacaq.

Administrasiya rəsmiləri dəfələrlə bildiriblər ki, İsrail mülki əhalini necə qoruyacağına dair etibarlı plan təqdim etməsə, ABŞ Rəfaha hücumu dəstəkləməyəcək. Aprelin 4-də telefon danışığı zamanı Bayden Baş nazir Benyamin Netanyahuya İsrail müharibə davranışını dəyişməsə, hərbi yardımı dayandıracağı ilə bağlı xəbərdarlıq edib.

Forum

XS
SM
MD
LG