Accessibility links

Vaşinqtonda azərbaycanlı müəlliflərin kitabının təqdimat mərasimi olub


Vaşinqtonda azərbaycanlı müəlliflərin kitabının təqdimat mərasimi olub
Vaşinqtonda azərbaycanlı müəlliflərin kitabının təqdimat mərasimi olub

Cons Hopkins Universitetində keçirilən mərasimdə müəlliflər kitab haqda məlumat verib

Martın 18-də Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda azərbaycanlı müəlliflərin yeni kitabının təqdimat mərasimi keçirilib. Mərasimi həmişəki kimi giriş sözü ilə açan institutun direktoru Frederik Star “Azərbaycanın münaqişədən çıxmış ərazilərinin reabilitasiyası üçün əsas prinsiplər” kitabının müəllifləri Eldar İsmayılov və Nazim Müzəffərlini panel iştirakçılarına təqdim etdi.

Daha sonra o, kitab haqqında məlumat vermək üçün sözü müəlliflərə verdi. Qafqaz Strateji Araşdırmalar İnstitutunun təsisçisi və direktoru Dr. Eldar İsmayılov kitabın 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində nəşr edildiyini bildirdi. O bildirdi ki, bu kitab siyasi kitab deyil və burada diqqət Dağlıq Qarabağ problemi həll ediləndən sonra orada yenidənqurma və digər reabilitasiya işlərinin necə aparılmalı olmasından bəhs edir. Qarabağ problemindən danışılan zaman bu mövzunun həmişə kölgədə qaldığını dilə gətirən cənab İsmayılov bu mövzunun evlərindən didərgin düşmüş bir milyon məcburi köçkünün həyatında böyük rol oynayacağını da söylədi.

Daha sonra mikrofon qarşısına keçən kitabın digər müəllifi Qafqaz Strateji Araşdırmalar İnstitutunun əməkdaşı, Qafqaz və Qloballaşma jurnalının baş redaktoru və Milli Məclisin sabiq üzvü Nazim Müzəffərli kitabda müxtəlif mövzulara yer verildiyini bildirdi. Onun sözlərinə görə, Qarabağa qayıdacaq hər hansı bir şəxsin ilk sualı belə olacaq: “Ev, sosial təminat, enerji və s təzminatlarla təmin olunacağammı?” Bu kimi infrastrukturların regionda bərpa olunması 5 və daha artıq il ala biləcəyini dilə gətirən müəllif kitabda orada yaşayan əhalinin nə kimi işlərlə məşğul ola biləcəyinə də aydınlıq gətirildiyini bildirdi. Cənab Müzəffərli regiona xarici investorların cəlb olunmasının vacibliyinə də dilə gətirdi.

Daha sonra söz alan Azərbaycan Beynəlxalq Bankın sədri Cahangir Hacıyev kitabda maraqlı aspektlərə yer verildiyini və reabilitasiya prosesində hər bir Azərbaycan vətəbdaşının iştirak etməli olduğunu vurğuladı.

Azərbaycanın ABŞ-dakı səfəri Yaşar Əliyev isə müəlliflərə belə vacib mövzuya toxunduqları üçün təşəkkür etdi.

Panel sual-cavab sessiyası ilə sona çatdı.

XS
SM
MD
LG