Accessibility links

The Washington Post: Azərbaycanda məhkəməsiz həbslər


The Washington Post-da Azərbaycanla bağlı məqalə

The Washington Post-da Azərbaycanla bağlı məqalə

Jurnalistlər, blogerlər, hüquqşünaslar - Azərbaycanda fundamental azadlıqlar haqqında danışan hər kəs həbs və təqiblərə məruz qalır. Bu barədə “The Washington Post” qəzetinin redaksiya məqaləsində deyilir.

“Uzun illər rejimin dayağı olan neft gəlirlərinin azalmasından əziyyət çəkən Əliyev hökuməti ona qarşı çıxanları aradan qaldırır”, deyə məqalədə qeyd edilir.

Rejimin ən sevimli alətlərindən biri məhkəməyəqədərki həbslərdir. Azərbaycan qanunlarına görə, bundan yalnız məhdud hallarda istifadə edilə bilər. Lakin bu gün bu, hakimiyyətin opponentlərinə qarşı geniş yayılmış təcrübədir.

“Təcrübədə məhkəmələr ittiham tərəfin qulluqçusuna çevrilib”.

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus iyulun 30-dan dövlətə xəyanət və vergidən yayınma saxta ittihamları ilə həbsdədir. O, hepotit və diabetdən əziyyət çəkir. Fevralın 18-də Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və həbs müddətini beş ay uzadıb. Beləliklə, demək olar ki, məhkəmə hökmü olmadan o, bnir il dəmir barmaqlıqlar arxasında qalacaq.

Onun ürək-damar xəstəliyindən əziyyət çəkən həyat yoldaşı, tarixçi Arif Yunus avqustun 5-də saxlanılıb, fevralın 23-də onun apellyasiya şikayəti təmin edilməyib, o da daha 5 ay ibtidai həbs cəzası alıb.

Tənqidi əhval-ruhiyyəli jurnalistlərə qarşı kampaniya da davam edir. Xədicə İsmayılova ibtidai həbsdədir. Fevralın 23-də qapalı keçirilən məhkəmə isə onu böhtanda təqsirli bilib və cərimə edib.

“Cənab Əliyevə elə gəlir ki, Xədicə İsmayılovanın da əməkdaşı olduğu “Azadlıq” radiosunun Azərbaycan xidməti xüsusi narahatlıq yaradır.

2014-cü il dekabrın 26-da polisin radionun ofisinə hücumundan sonra “Azadlıq” radiosunun 26-dan çox jurnalisti və əməkdaşı dindirilib.

Bu yaxınlarda bir reklamda cənab Əliyev deyib ki, o, Azərbaycanı dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələrindən birinə çevirmək istəyir.

“Lakin, əlbəttə, o, ölkəni despot kimi idarə etməyə davam edərsə, bu, baş verməyəcək”, deyə redaksiya məqaləsində vurğulanır.

Show comments

XS
SM
MD
LG