Accessibility links

Azərbaycanda adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə 782,6 dollar, imzalanmış sazişlər üzrə 1080 dollardır. Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

Ekspert bildirir ki, 2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 10,6 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.

“Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici borc 7,6 milyard ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizini təşkil edib. Adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə 782,6 dollar, imzalanmış sazişlər üzrə 1080 dollar olub”.

İbadoğlunun sözlərinə görə, 2016-cı ilin 1 iyul tarixinə xarici borc üzrə alınan kreditlərin 68,5 faizi ABŞ dolları, 18,3 faizi avro, 3,7 faizi yapon yeni, 1,7 faizi isə digər valyutalar ilə olub.

“Ölkəyə cəlb edilmiş kreditlərin 39,2 faizini sabit dərəcə ilə olan kreditlər, 60,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər olan müddətdə, 41,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır”.

2016-cı il 1 iyul tarixinə olan operativ məlumatlara əsasən dövlətin daxili borcu 7,3 milyard manat təşkil edib.

Show comments

XS
SM
MD
LG