Accessibility links

Xədicə İsmayıl: Məhkəmə heyəti ittiham tərəfi ilə qanunsuz həmrəylik nümayiş etdirir [Video] (Yenilənib)


Jurnalist Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayıl

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib

Günün ikinci yarısında Xədicə İsmayılın işi üzrə prosesdə sənədlərin araşdırılmasına başlanılıb. Əsasən AzadlıqRadiosunun mühasibat sənədləri, şəhər prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinə məktubu tədqiq edilib.

X.İsmayılova bildirib ki, Tural Mustafayev məhkəməyə gəlməyənə qədər onun intihar həddinə çatdırılması barədə suallara cavab verməyəcək.

O həmçinin T.Mustafayevin martın 9-da “Meydan-TV”-dən çıxarılmasına təsir göstərməsi barədə fikirləri absurd adlandırıb. Belə ki, T.Mustafayev fevralın 27-də özü ərizə yazıb və bu barədə onun sms-məlumatı var.

Avqustun 19-da saat 15:00-da proses davam edəcək. Dövlət ittihamçısının yekun sözlə çıxış edəcəyi istisna olunmur.

***

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Proses zamanı X.İsmayıl prosesdə bir neçə vəsatətlə çıxış edib.

O, ilk olaraq məhkəmənin tərkibinə etiraz edib. Jurnalist bunu onunla əsaslandırıb ki, məhkəmə heyəti prokurorluğun mövqeyini nümayiş etdirir, iş üzrə vəkillər tərəfindən təqdim edilən lazımi sənədlər sübutlar siyahısına daxil edilmir, lazımsız sənədlərin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər də təmin edilmir.

Xədicə İsmayıl deyib ki, bu məhkəmə heyəti ittiham tərəfinin gətirdiyi arqumentləri bir-bir təkrarlayır, bununla da məhkəmə heyəti ittiham tərəfi ilə qanunsuz həmrəylik nümayiş etdirir.

Ona görə də o, məhkəmə heyətinin dəyişdirilməsini və 3 hakimin qanunsuz əməllərinin araşdırılması üçün Məhkəmə Hüquq Şürasına müraciət olunmasını xahiş edib.

Jurnalist həmçinin ironiya ilə məhkəmə heyətinin prosesi çox sürətlə aparmasını yay mövsümünün başa çatması, kurort dövrünün sona çatması ilə izah edir. “Hakim ona görə tələsir ki, tezliklə istirahətə getsin”, o qeyd edib.

Məhkəmə kollegiyası hakimlərin prosesdə iştirakını istisna edən halların müəyyən olunmadığını və vəsatətin əsassız olduğunu bildirərək onu baxılmamış saxlayıb.

Sonra X.İsmayıl AzadlıqRadiosunun Bakı bürosuna rəhbərlik etdiyi müddətdə onun imzası olduğu müqavilələrin və ya ödəniş tapşırıqları ilə bağlı sənədlər varsa, onların cinayət işinin materiallarına əlavə olunmasını istəyib.

Dövlət ittihamçısı Ramazan Hadıyev cinayət materialları içərisində bununla bağlı kifayət qədər sənədlərin olduğunu bildirərək vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə vəsatəti təmin olunmayıb.

Daha sonra X.İsmayıl jurnalist Ramal Hüseynov və Elçin Zahiroğlunun şahid qismində məhkəmə prosesində dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Hakim işlə bağlı kifayət qədər şahidlərin dindirildiyini bildirərək əlavə şahidlərin dindirilməsinə zərurət olmadığnı qeyd edib.

X.İsmayılova zərərçəkən Tural Mustafayevi müayinə edən psixiatr Araz Mahmudçaylının şahid qismində məhkəmə prosesində dindirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilləri 2010-cü ildə AzadlıqRadiosunun Bakı bürosunda aparılan vergi yoxlamaları barədə sənədlərin Vergilər Nazirliyindən alınaraq cinayət işi materiallarına əlavə edilməsi ilə bağlı vəsatət qaldırıb. Dövlət ittihamçısı R.Hadıyev vergi yoxlaması ilə bağlı 2008-ci ildən 2014-cü ilə qədər dövrü əhatə edən sənədlərin olduğunu bildirirərək vəsatətin təmin edilməməsini istəyib. Bu vəsatət də təmin olunmayıb.

Bu zaman vəkil Cavad Cavadov vəsatət verib. O Konstitutsiya Məhkəməsinə müraciət göndərilməsini istəyib. Vəkil vəsatətini bununla əsaslandırıb ki, ittiham aktılnda göstərilib ki, Xədicə İsmayıl xarici radioda işləməklə Xarici İşlər Nazirliyində akreditasiyadan keçmədiyinə görə onun bu fəaliyyəti qanunsuz sahibkarlıq kimi qiymətlənidirilb.

Dövlət başçısının 2 sentyabr 2002-ci il tarixli bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydaları ilə bağlı fərmanı var. Həmin fərmanda jurnalist fəaliyyəti üçün lisenziya tələb olunmur.

Ona görə, müdafiə tərəfi Konstitutsya Məhkəməsinə müraciət etməklə jurnalist fəaliyyətinin lisenziya tələb edib-etməsməsinə aydınlıq gətirməyi vacib sayır.

Xədicə İsmayıl da vəsatəti dəstəkləyərək, bunu fantaziya adlandırıb.

“Sizin prezidentiniz mətbuat işçilərini yığıb deyir ki, xarici mətbuata çıxış əldə edin. O biri tərəfdən də siz xarici mediaada fəaliyyət göstərən adamdan lisenziya tələb edirsiniz. Birinci mövqeyinizi müəyyənləşdirin. Hansı doğrudur. Ümumiyyətlə mətbuat lisenziyalaşdırılmamış fəaliyyət növüdür? Bunu qanunvericilik deyir?” o qeyd edib.

Hakim bu vəsatəti də təmin etməyib.

Sonra X.İsmayıl zərərçəkənTural Mustafayevin məhkəmə prosesinə gəlməsini, vəkilləri, ailəı üzvləri ilə görüşməsi üçün ona vaxt verilməsini istəyib. Dövlət ittihamçısı R.Hadıyev isə X. İsmayılın bütün vəsatətlərinin əsassız olduğunu və məhkəmə prosesini süründürməçiliklə uzatmaq məqsədi güddüyünü bildirib.

Hakim X.İsmayıla vəkilləri ilə görüşmək üçün vaxt verilmədiyini və gündə iki saat açıq havada olmaq hüququndan yararlana bilmədiyini və vəkilləri ilə məsləhətləşməkdən ötrü məhkəmənin bir həftə fasilə verməsini istəyib. Jurnalist bunu müdafiə hüququnun pozulması kimi qiymətləndirib.

Proses iki saat təxirə salınıb və günün ikinci yarısında davam etdiriləcək.

***

Avqustun 18-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın məhkəməsi davam edib.

Məhkəmə zalına ABŞ, Almaniya, Böyük Britaniya səfirliklərinin, Avropa İttifaqı nümayəndəliyinin əməkdaşları buraxılıb. Norveç səfirliyinin əməkdaşı isə məhkəməyə buraxılmayıb.

Eyni zamanda çoxsaylı müstəqil mətbuat nümayəndələri və ictimai fəallar məhkəmə binasının qarşısında gözləməli olub.

Məhkəmənin açıq keçirildiyinin elan edilməsinə baxmayaraq çoxsaylı insan və müstıqil jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

O, Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

XS
SM
MD
LG