Accessibility links

Xədicə İsmayılova: Gələcək insanlığı itirməyənlərindir


Martın 13-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında jurnalist Xədicə İsmayılovanın həbsxanada tərcümə etdiyi “Çakaranda ağacının uşaqları” kitabın təqdimatı keçirilib. Tədbirin təşkilatçısı NİDA vətəndaş hərəkatıdır.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Xədicə İsmayılovanın həbsxanada tərcümə etdiyi bədii əsər - "“Cakaranda ağacının uşaqları” (Children of the Jacaranda Tree) əsərinin müəllifi Səhər Delicani (Sahar Delijani) 1983-cü ildə Tehranda - anasının həbsə atıldığı məşhur Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da anası kimi siyasi məhbus olaraq həbsdə idi. Səhər Delicani 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb və Kaliforniya ştatında Berkli Universitetində müqayisəli ədəbiyyat ixtisası üzrə məzun olub. “Çakaranda ağacının uşaqları” müəllifin ilk romanı olsa da, dərhal şöhrət qazanaraq 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub.

Səhər Delicani azərbaycanca nəşrə ön sözündə yazıb ki, onun əsərinin çox tərcümələri olub, amma heç biri Xədicənin tərcüməsi qədər onu təsirləndirməyib. Birincisi ona görə ki, onu azadlıq uğrunda çalışmalarına görə həbsdə olan mübariz bir insan tərcümə edib. İkinci səbəb də odur ki, Xədicə özü də bilmədən müəllifin əsərini onun ana dilinə tərcümə edib.

Səhər Delicani (Foto Səhər Delicaninin Facebook səhifəsindən götürülüb)
Səhər Delicani (Foto Səhər Delicaninin Facebook səhifəsindən götürülüb)

"Mənim anam Azərbaycan əsillidir. O, İranın Azərbaycan əyaləti olan Təbriz şəhərində anadan olub və sonradan doqquz yaşında ikən ailəsi ilə birgə Tehrana köçüb. Valideynlərimiz 1980-ci illərdə İran İslam Respublikasının həbsxanalarında olanda bizi böyüdən nənəm Aba farsca bilməzdi və bizimlə, nəvələri ilə ancaq azərbaycanca danışardı. Mən azərbaycanca, zəif olsa da, basa düşürəm və danışıram. Bu dil mənim üçün hər zaman doğmalıq, ailə, sevgi dili olmuşdur və heç bir başqa dil mənim qəlbimdə onun yerini tuta bilməz", xanım Delicani yazır.

Bugünki təqdimat mərasiminə ictimai-siyasi xadimlər, jurnalistlər, fəallar iştirak edib.

Kitabın redaktoru Elnur Astanbəyli ilk öncə Xədicə İsmayılovanın həbsxanadan göndərdiyi məktubu oxuyub.

“Bu kitabı ona görə seçdim ki, o, azad olmayan cəmiyyətlərdə insan faciələrinin nəsildən nəslə keçdiyini göstərir. Ən önəmlisi, elə davalar var ki, gələcək nəsillərə ötürülməlidir!

Bir gün hər iki tərəfdə olanların uşaqları eyni problemlərin məngənəsində qala bilər. Evin həbsxanasından fərqli olaraq, başqa siyasi məhbuslarla ünsiyyətdən məhrumam. Həbsxanadakı insanların çoxu mənimlə eyni dəyərləri bölüşmürlər və ya heç vaxt o dəyərlər üçün mübarizədə olmayıblar.

Amma bizi – cinayətkarları, oğrunu, jurnalisti, savadlı-savadsız, dəyərlərə hörmət edən və etməyən insanları bir şey birləşdirir: Biz hamımız ədalətin olmadığı ölkədə yaşayırıq.

Xədicə İsmayılova

Məni anlamaq onlar üçün çətindir. Amma bizi – cinayətkarları, oğrunu, jurnalisti, savadlı-savadsız, dəyərlərə hörmət edən və etməyən insanları bir şey birləşdirir: Biz hamımız ədalətin olmadığı ölkədə yaşayırıq.

Çətin olanı insanlara və gələcəyə inamı itirməməkdir.

İnsanlığı və sevgini unutmamağı hamınıza arzulayıram. Gələcək bu sevgini itirməyənlərindir”, məktubda qeyd edilir.

"Çakaranda ağacının uşaqları" romanının təqdimatı (Foto azadliq.info saytından götürülüb)
"Çakaranda ağacının uşaqları" romanının təqdimatı (Foto azadliq.info saytından götürülüb)

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Xədicə İsmayılova həbsxanada da Azərbaycan cəmiyyətinin həbsdə olmayan hissəsindən daha azaddır, amma bununla belə biz onun həbs yerindən çıxmasını arzu edirik.

“O, özündə yaşadığı azadlıq ruhu ilə həbsxanada da bir nümunə yaratdı, yaradıcılıqla məşğul oldu”-Həsənli qeyd edib.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər demokratik düşərgənin kitabın təqdimatında iştirakını önəmli adlandırıb.

“Bu, zindanda olan bir azad insanın yaradıcılığının məhsuludur”, o qeyd edib.

AXCP sədri Əli Kərimli deyib ki, Səhər xanımın kitaba yazdığı ön söz bu kitabı daha da doğmalaşdırıb.

“Heç şübhəsiz, bugünkü tədbirin əsas qəhrəmanı Xədicə İsmayılovadır. Bunu əminliklə deyirəm ki, Xədicə xanım zəmanəmizin bir fenomenidir. İlk növbədə Xədicə xanım öz cəsarətini heç kimin edə bilmədiyi bir dövrdə edib. O, İlham Əliyev və onun ailəsi barədə araşdırmalarını o zaman etdi ki, həmin vaxt faktiki olaraq bu barədə bir tabu mövcud idi. Bu mövzuda yazmaq qadağan edilmişdi. Hətta Xədicə xanıma edilən təhdid və şantajlar da onu bu yoldan çəkindirmədi”, o qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, ölkədə siyasi məhbuslar çoxdur, amma onların içərisində Xədicə xanım kimi cəmiyyətə örnək olanlar bir nümunə yaradıb.

ReAl Hərəkatının icra katibi Natiq Cəfərli Xədicə İsmayılovanın həbsi ilə hakimiyyətin vətəndaş cəmiyyətində yaratmaq istədiyi qorxunun baş tutmadığını bildirib.

“Hakimiyyət elə düşünürdü ki, belə həbslərlə jurnalistika zəifləyəcək, sivil toplum sıradan çıxacaq. Lakin Xədicə öz yaradıcılığı ilə bunların əksinin olduğunu sübut etdi”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG