Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin nəzarətində olan ərazilərlə bağlı hesabat yayıb


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət" (http://mfa.gov.az/files/file/MFA_Report_on_the_occupied_territories_March_2016_1.pdf) adlı hesabat yayıb.

Sənəddə Ermənistanın açıq mənbələrinə istinadən aparılan araşdırmada qanunsuz iqtisadi fəaliyyət, Azırbaycanın ermənilərin nəzarətində olan ərazilərinə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə və digər məsələlər əks olunub.

“Münaqişənin siyasi yolla nizamlanması üzrə səylərə baxmayaraq, Ermənistan zəbt etdiyi torpaqların tam anneksiyası məqsədilə açıq şəkildə işğalın möhkəmləndirilməsi siyasəti həyata keçirir”, sənəddə deyilir.

Azərbaycan Ermənistanı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə, nəzarətində olan Azərbaycan ərazilərinə köçürülməni dərhal dayandırmağa, qanunsuz iqtisadi və ticari fəaliyyətə, mədəni irsin talanmasına son qoymağa çağırır.

Azərbaycan həmçinin beynəlxalq birliyi ermənilərin nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınmasına çağırıb.

Azərbaycan xəbərdarlıq edir ki, qanunsuz fəaliyyətə cəlb edilmiş fiziki və hüquqi şəxslər milli hüquqi sistem əsasında məhkəmə qaydasında təqib olunacaq.

“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün yeganə yol BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır.

Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünün xüsusilə işğal olunmuş ərazilərində hər hansı bir yol və vasitə ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və ya onda iştirak da daxil olmaqla, pozulmasına imkan verməyəcəkdir. Beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü, eləcə də vətəndaşlarının hüquqları və qanuni maraqlarını qorumaq üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə bağlı özünün milli hüquq sistemi və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş üçüncü ölkənin yerli məhkəmələri vasitəsilə fərdlər və şirkətləri təqib etmək məcburiyyətində qalması kimi hər hansı bir fəaliyyətin nəticələrinin məsuliyyəti bütünlüklə Ermənistanın və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş fiziki və hüquqi şəxslər, şirkətlər və qurumların üzərinə düşəcəkdir”, sənəddə qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yerli mediaya bildirib ki, Suriya böhranı başlayandan erməni mənşəli suriyalılar Azərbaycan ərazilərində məskunlaşdırılır.

“15-20 min suriyalı qaçqın Ermənistana yerləşdirilib. Onlardan yüzlərlə ailənin işğal altında olan ərazilərimizdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var. Ermənilər isə bununla bağlı real faktları gizlədirlər”, o qeyd edib.

Rəsmi Yerevan hələ Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatına və mətbuat katibinin bəyanatına münasibət bildirməyib.

XS
SM
MD
LG