Accessibility links

ABŞ səfiri: Xocalı faciəsi ilə bağlı Ağ Evin rəsmi saytında yerləşdirilən petisiyaya cavab verilməsi istiqamətində iş gedir


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar

“Qarabağ münaqişəsinin Azərbaycan vətəndaşları üçün nə qədər ürək ağrıdan bir məsələ olduğunu yaxşı anlayırıq”

“Xocalı faciənin 21-ci ildönümü ərəfəsində Ağ Evin rəsmi internet səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində Xocalı soyqırımı qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə yerləşdirilən petisiya üçün lazımınca imza toplanılıb. Hazırda həmin müraciətə cavab verilməsi istiqamətində iş gedir. Bu barədə indi nə isə demək hələlik tezdir”. APA agentliyinin xəbərinə görə, bu sözləri Kürdəmirə səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında deyib.

Səfir Xocalıda günahsız qadınlar, uşaqlar və qocaların qətlə yetirildiyi barədə məlumata malik olduğunu deyib:

“İnsanların bu ağrı-acısını yaxşı başa düşürük. Sizi əmin etmək istəyirəm ki, biz Qarabağ münaqişəsinin Azərbaycan vətəndaşları üçün nə qədər ürək ağrıdan bir məsələ olduğunu yaxşı anlayırıq. Azərbaycan xalqının yaşadığı bu ağrı-acılar, çətinliklər barədə ətraflı məlumatımız var. Münaqişə 20 ildən çoxdur ki, davam edir. Bu münaqişənin həlli prosesi mürəkkəb və çətindir. Biz Minsk Qrupu çərçivəsində əlimizdən gələni edirik ki, bu məsələ öz həllini sülh yolu ilə tapsın. Mən bu məsələ ilə bağlı Azərbaycanın yüksək vəzifəli şəxsləri və Minsk Qrupunun ABŞ-dan olan həmsədri ilə sıx əməkdaşlıq şəraitində işləyirəm. Bu prosesdə irəliləyişin əldə edilməsi üçün yeni ideyaların ortaya qoyulması istiqamətində işləyirik. Münaqişənin nizamlanması bütün tərəflərin marağındadır. Amma gördüyünüz kimi bu, mürəkkəb və çətin prosesdir. Biz birgə işləyərək bu problemlərin sülh yolu ilə həll edilməsi üçün fəaliyyətimizi davam etdirməliyik. Bu istiqamətdə səylərimizi bir az da artırmalıyıq”.

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdə məcburi köçkünlərlə bağlı söhbət apardığını bildirən səfir Riçard Morninqstar qeyd edib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli iş görüb:

“Amma ümidvarıq ki, bu problem yaxın gələcəkdə öz həllini tapacaq və məcburi köçkünlər də öz doğma yurd yuvalarına qayıda biləcəklər”.
XS
SM
MD
LG