Accessibility links

“Bir-birinin ardınca keçən xoş günlərdən dözülməz şey yoxdur,” deyə alman yazıçı Goethe insanın həyatda daim təzada ehtiyac duyduğunu vurğulamışdı. Beyin üzrə tədqiqatçı Jaak Panskepp elmi müşahidələrinə əsaslanaraq Goethe ilə razılaşır. Panskepp hesab edir ki, insan beynində mövcud olan yeddi özəl instinkt arasında – qəzəb, qorxu, kədər, analıq, ehtiras, oyun, və axtarış – ən mühümü axtarış instinktidir.

Alimlər aşkar ediblər ki, həyatda ən ümdə məqsədlərə nail olunması, hətta lotereya uduşu belə, insanların xoşbəxtlik əmsalında uzun-dönəmli dəyişikliyə yol açmır.

“Panskeppin qənaətincə, bütün məməlilərdə bu axtarış sistemi var,” Olivia Goldhill nevro-tədqiqatçının araşdırmasını xülasə edir. “Bu sistemdə mükafat və həzz hisslərinə bağlı domapin adlı nevro-ötürücü həmçinin fəaliyyət planlarının koordinasiyasında iştirak edir. Bu, o deməkdir ki, varlıqlar öz ətraf-mühitlərini araşdırmağa, yaşamaq naminə yeni informasiya əldə etməyə can atıdqlarına görə mükafatlandırılırlar.”

Hər bir insanın qəlbi arzularla doludur. Bu arzular sırasında tez-tez elələrinə rast gəlinir ki, insan onu əldə etdiyi andan sonra başqa heç nə istəməyəcəyini xəyal edir. Bu sıraya müxtəlif növ maddi və mənəvi nailiyyətlər daxil ola bilər. “İstər yeni iş, istər eşq, istərsə də şəxsi maariflənmə olsun, biz yaxşı həyat yaşamaq üçün aktiv şəkildə nəyəsə can atmalıyıq. Əslində, nevro-elm göstərir ki, xoşbəxtliyin açarı yetişilən məqsədlərdə yox, arama prosesinin özündədir,” Goldhill yazır.

Məqsədyönlü hərəkət insan beynini stimullaşdıran əsas amildir.

Məqsədyönlü hərəkət insan beynini stimullaşdıran əsas amildir.

Alimlər bu istiqamətdə maraqlı tapıntı ilə üzləşiblər. Məlum olub ki, insan orqanizmi ilə bir çox cizgiləri paylaşan siçovullara elektrik şoku almaq üçün laboratoriya şəraitində rıçaq veriləndə, onlar təkrar-təkrar özlərinə şok verirlər. Əlbəttə, bu, o anlama gəlmir ki, siçovullar özlərinə şok verməkdən həzz alırlar. Panskeppin yazdığına görə “özlərini bu yolla stimullaşdıran heyvanlar daha canlı, daha qıvraq təsir bağışlayırlar.” Onları özlərinə şok verdirtdirən mükafat yox, yeni nəsə aramaq instinktidir.

Alimlər onu da aşkar ediblər ki, həyatda ən ümdə məqsədlərə nail olunması, hətta lotereya uduşu belə, insanların xoşbəxtlik əmsalında uzun-dönəmli dəyişikliyə yol açmır. Daim nəyinsə sorağında olmağın insanda məyusluq doğurmasına lüzum yoxdur, aramağın özü xoşbəxtlik gətirən amildir, Goldhill müşahidə edir.

“Xoşbəxtlik nəyəsə malik olmaqda yox, nəsə etməkdədir.” Napoleon Hill

“Xoşbəxtlik nəyəsə malik olmaqda yox, nəsə etməkdədir.” Napoleon Hill

Buna nümunə olaraq o, Britaniya Kolumbiyası Universitetinin fəlsəfə üzrə professoru Evan Tompsona istinad edir. Fəlsəfənin yunanca mənası “idrak sevgisi”, “həqiqət axtarışı” deməkdir. Tompson hesab edir ki, filosofları hərəkətə gətirən, onları peşəyə cəlb edən başlıca faktor problemə həlli – həqiqəti tapmaq yox, tapıntı prosesinin özüdür.

“Artistlər üçün daim yeni ifadə növləri, qurub-yaratmağa, insanlara çatdırmağa yeni nəsə var. Dünya sabit deyil, daim dəyişir. Həmin dəyişiklilərin fonunda yeni nəsə yaratmalısan,” Tompson deyir. O, hesab etmir ki, nə vaxtsa elmin sonu çatacaq. “Elm sual verməkdir, yeni baxışlardır, yeni cihazlardır. Bu soraq hüdudsuzdur,” o bildirir.

Az adam tapılar ki, nə vaxtsa naşükürlükdə ittiham edilməsin. “Biz unuduruq ki, xoşbəxtliyin açarı bizim malik olmadığımız nemətdə yox, olanımıza şükran olmaqda, onu dəyərləndirməkdədir,” deyə alman ixtiraçı Frederik Keonig hələ 18-ci əsrdə bəşər övladlarını məzəmmət edirdi. Müasir tədqiqatçılar Keonigin fikrinin yarısı ilə razılaşardılar ki, xoşbəxtliyi yalnız axtarılan nemətdə tapmaq olmaz. Amma, onların qənaətincə, həyata sevinc qatan əsas amil mövcud maddi yaxud mənəvi nemətlər yox, elə axtarışın özüdür.

XS
SM
MD
LG