Accessibility links

Təbrizdə Həbib Sahirin xatirəsi anılıb


İranda türkcə sərbəst vəzndə yazılmış “şeirin atası” kimi tanınan azərbaycanlı şair Həbib Sahirin (Ülkər) Təbrizdə anım mərasimi keçirilib. Azərbaycanlı şairlər, yazıçılar və mədəni fəalların iştirakı ilə keçirilən bu tədbirdə Azərbaycan musiqisi səsləndirilib və şairin həyatı və ədəbi yaradıcılığı ilə bağlı çıxışlar olub.

“Oyan News” veb səhifəsinin yazdığına görə, mərasimdə Həbib Sahirdən əlavə Azərbaycan Milli Höküməti dövründə “Şairlər Məclisi”nə daxil olan başqa şairlərin də xatirəsi anılıb. Mərasimə qatılanlardan milli-mədəni fəal Əli Pakbaz Həbib Sahir kimi şairlərin cəmiyyətdə yaxşı tanıdılmadığını deyib. “Həbib Sahirin əsərləri Türkiyə üniversitetlərində oxunur və araşdırılır, ancaq bizlər hələ onu yaxşı tanımırıq”-deyə o əlavə edib.

Şair və yazıçı Ruzbeh Səadəti isə 1945-46 illərdə qurulan Azərbaycan Milli Hökümətini Sahirin həyatında bir dönüş nöqtəsi hesab edildiyini bildirib. Cənab Səadəti əlavə edib ki, Sahirin şeirləri millətin necə yağmalanıb, soyqırıma məruz qaldığının hesabatıdır.
Həbib Sahir 1903-də Miyana şəhərindən Təbrizə köçmüş bir kəndli ailədə dünyaya gəlib. O, Təbrizdə Katoliklər məktəbində fransız dilini öyrənib və dövlət orta məktəbini bitirdikdən sonra müəllimliyə başlayıb. Həbib Sahir 24 yaşında ikən Türkiyəyə gedib, lakin İstanbul üniversitetində təhsilini bitirdikdən sonra ölkəyə dönüb müəllim olaraq işləməyə davam edib.

Ülkər Azərbaycan yurdu və Türk dilinə vurğun bir şair kimi tanınır.

Görüm könül gülzarına
Səhərlədən işıq dolsun.
O vətənin baxçasından
Nə quş uçsun, nə gül solsun.
Türkcə yazan hər şairə
Alqış olsun, alqış olsun.


Azərbaycanlı araşdırmaçı Əlirza Miyanalının yazdıqlarına görə, milli hökümət dövründə Sahirin torpağa, yurda, elə və obaya cani dildən vurğun olduğunu görən bəzi sol düşüncəyə mənsub olanlar onun bu fikirlərinə qarşı mənfi münasibət bəsləyirdi.
Həyatı boyu müəllim olan şair öz şerlərində azərbaycanlı məktəb uşaqlarına da toxunub:

Anlatdılar
Get məktəbə, uşaq oxut,
Dərsdən sonra, dön evinə
Xoşdur daxma,
Qaranlığa qərq oluban,
Parlaq qızıl günə baxma
Yada qul ol,
Dərdə alış,
Farsca danış,
Əsirliyi, dərvişliyi təlqin eylə uşaqlara!


Bəzi ədəbiyyatçılar Həbib Sahiri İranda sadəcə sərbəst Türk şeirinin atası deyil, onu Təbrizli Tağı Rəfət ilə birlikdə, əsasən İranda sərbəst şeirin tanınmış nümayənlərindən biri hesab edirlər. Həbib Sahirin 20-ə yaxın şeir və başqa mövzularda kitabı çap olunub. O, 1985-ci ilin dekabr ayında Tehranda vəfat edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG