Accessibility links

ÜST ABŞ-ın maliyyəni dayandırmasından sonra boşluğu doldurmağa çalışır


Ümumdünya Səhiyyə Təşkilatı Tramp administrasiyasının təşkilata 400 milyonluq maliyyə ayrılmasını dayandırdığını elan etməsindən sonra koronavirus pandemiyasına qarşı mübarizənin fasiləsiz davam etdirilməsi üçün tərəfdaşlarla işlədiyini bildirib.

ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırması BMT-nin səhiyyə agetliyinin dünyada 2 milyondan çox insanın ölümcül koronavirusa yoluxduğunu bildirdiyi bir vaxta təsadüf edir.

Təşkilatın direktoru Tedros Adhanom Gebreyesus Vaşinqtonun qərarından təəssüfləndiyini deyərək, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının uzun müddətdir səxavətli dostu odluğunu qeyd edib və bunun davam edəcəyinə ümid bəslədiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Gebreyesus
Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Gebreyesus

O deyib ki, Birləşmiş Ştatların xalqı və hökumətinin dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı dünyada ən yoxsul və ən həssas durumda olan insanların sağlamlığının yaxşılaşdırılması işini yerinə yetirir.

“Ümumdünya Səhiyyə Təşkilatı təkcə COVID-19-a qarşı mübarizə aparmır, biz həmçinin poliomelit, qızılca, malyariya, Ebola, İİV, vərəm, pis qidalanma, xərçəng, diabet, zehni sağlamlıq və bir sıra başqa xəstəliklər və hallar üzərində işləyirik.”

Tedros bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı irqi, dini və ya siyasi baxışlarından asılı olmayaraq, hamının sağlamlığının təmin edilməsi ilə məşğul olur. Onun bildirdiyinə görə, təşkilat dünya xalqları arasında ayrı-seçkiliyə yol vermədiyi kimi COVID-19 da zəngin və yoxsul ölkələr arasında seçim etmir. Xəstəlik milliyyət, etnik mənsubiyyət, ya da ideologiyalar arasında fərq qoymur.

Tramp Ümumdünya Səhiyyə Təşkilatını koronavirusun qarşısının alınması səylərində ciddi qüsurlara və insan ölümünə gətirib çıxaran səhvlərə yol verməkdə və Çinə həddindən artıq çox inam göstərməkdə ittiham edib. Ağ Ev Ümumdünya Səhiyyə Təşkilatının iddia edilən səhvləri araşdırılana qədər maliyyənin dayandırılacağını bildirib. Proses iki aydan üç aya qədər sürə bilər.

Tedros Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı mübarizə səylərinin şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə üzv dövlətlər və müstəqil qurumlar tərəfindən nəzərdən keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, işin yaxşılaşıdırılması lazım olan sahələr şübhəsiz müəyyən ediləcək. Tedros bunun hamı üçün bir dərs olacağını qeyd edib. Lakin hələlik onun bildirdiyi kimi, təşkilatın prioriteti virusun yayılmasının qarşısının alınması və həyatların xilas edilməsindən ibarətdir.

XS
SM
MD
LG