Accessibility links

Şəhla İsmayıl: Dövlətin erkən nikahlarla bağlı addımları yetərincə səmərəli deyil


Bir müddət əvvəl Gürcüstanda azərbaycanlıların yaşadığı regionda 11 yaşlı qız və oğlanın nişan mərasimindən yayılan video kadrlar Azərbaycanda da rezonans doğurub.

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Amerikanın Səsinə müsahibəsində erkən nikahların yaratdığı fəsadlardan və cəmiyyətin bu nikahlara münasibətindən danışıb.

Şəhla İsmayıl: Dövlətin erkən nikahların alınması istiqamətində tədbirlər yetərincə səmərəli deyil
please wait

No media source currently available

0:00 0:12:22 0:00

Gürcüstanın Daxili İşlər Nazirliyi 11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı sosial şəbəkələrdə yayılan video ilə əlaqədar istintaqa başlayıb.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yeniyetmələrlə İş üzrə Baş İdarəsi müvafiq video yayıldıqdan dərhal sonra reaksiya verib və Gürcüstan Cinayət Məcəlləsinin azyaşlının evlənməyə məcbur edilməsini nəzərdə tutan 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaqa başlayıb. Yayılan video materialda qeyd olunan cinayət hallarının müəyyənləşdirilməsi məqsədi ilə bütün müvafiq istintaq və prosessual tədbirlər aparılır,” Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatda bildirilib.

Amerikanın Səsi: 11 yaşlı qızın nişanlanması Azərbaycanda da rezonans doğurub və erkən nikahlar probleminə yenidən qiqqət cəkib. Bir neçə il əvvəlki ilə müqayisədə indi vəziyyət necədir?

Şəhla İsmayıl: Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın nişanlanması Azərbaycanda da əlbəttə ki, çox ciddi rezonans doğurub. Lakin erkən nikah mövzusu ümumiyyətlə Azərbaycanda çox geniş yayılmış mövzudur. Yeni bir hal deyil. Təəssüf ki, azərbaycanlılar arasında bu geniş yayılmış hal illərdir, hətta əsrlərdir davam edir. Lakin müasir dövrdə bu halların baş verməsi artıq daha fəsadlı görsənir. Çünki əvvəlki illərə nisbətən əgər erkən nikaha hansısa bəraət qazandırmaq mümkün idisə müəyyən tarixi, mədəni məsələlərə görə bu gün, müasir dövrdə bu problemin yaşanması ümumiyyətlə çox üzücü bir haldır. Bir neçə illə müqayisədə erkən nikahların vəziyyəti nisbətən daha düzəlib. Lakin eyni zamanda hesab edirəm ki, çox ciddi sıçrayış baş verməyib. Çünki bütövlükdə bu məsələnin nə dərəcədə ağır olması barədə tamlıqla məlumat əldə etmək çox çətindir. Fraqmentar kəsişən məsələlərlə deyək ki, qadınlar doğuşa gedərkən, doğum zamanı müəyyən "o halların" çıxması zamanı bəlli olur ki, erkən nikah baş verib. Əksər vaxt isə daha çox ört-basdır olunmağa, bir sövq olunduqda, hesab edirəm ki, erkən nikahlarda qadın mövzusunda olan digər problemlər kimi bir hissəsi görsənən vəziyyətdədir. Digər böyük bir hissəsi qapalı olaraq qalır. Ümumilikdə deyərəm ki, çox ciddi bir məsələdir. Erkən nikahların səbəbləri olduqca geniş bir diapozona malikdir. Belə ki, bunun içində əlbəttə ki, ilk növbədə insanların sosial və iqtisadi durumu, yəni qənaətbəxş olmayan bir iqtisadi durum istər-istəməz daha çox əlverişsiz şəraitdə yaşayan ailələrin övladlarını erkən nikaha sövq etməyə məcbur edir. Düzdür, bu birmənalı səbəb deyil. Amma ən çox yayılmış səbəblərdən biri budur. Övladlarının təhsil imkanları olmayan valideynlər daha çox onun gələcəyini ailə qurmaq perspektivi ilə bağlayırlar ki, bu da bilavasitə həm də sosial-iqtisadi durumla bağlıdır.

Şəhla İsmayıl
Şəhla İsmayıl

Amerikanın Səsi: Erkən nikahların səbəbi nədir? Valideynlər niyə qız övladlarının tez ailə qurmalarına razılıq verirlər?

Şəhla İsmayıl: Əslində əvvəllər də bu, daha çox dəyər kimi sayılırdı. Qızın daha erkən yaşda ərə getməsi onun təminata qovuşması kimi yozulurdu. Daha çox erkən yaşda ailə qurarsa daha tez övladı olar, daha tez nəvə-nəticə görər, daha təminatlı həyata qovuşar kimi yozulurdu. Amma əlbəttə müasir dövrdə bütün bu arqumentlərin aktuallığı itirilir. Çünki övladını erkən nikaha və yaxud məcburi nikaha sövq edən valideynlər mütləq anlamalıdırlar ki, onu çox ciddi bir zorakılığa məruz qoyurlar. Belə ki, bu, qadın hüquqlarının hər bir bəndinə ziddir. Qadınlara qarşı olan bir neçə növ zorakılıqla bilavasitə bağlı olan hadisədir. Həm fiziki, həm cinsi, həm psixoloji, həm də iqtisadi zorakılığa məruz qoyan bir aktdır ki, valideynlər tərəfindən törədilir. Eyni zamanda, qadını həmin əlverişsiz bir vəziyyətə qoyaraq onu növbəti zorakılıq aktlarına məruz qoyur.

Amerikanın Səsi: Dövlətin erkən nikahların qarşısının alınması istiqamətində tədbirlərı səmərəlidirmi?

Şəhla İsmayıl: Dövlətin erkən nikahların qarşısının alınması istiqamətində tədbirlər yetərincə səmərəli deyil. Belə ki, müəyyən qədər maarifləndirmə işləri vasitəsilə müəyyən qədər bu barədə məlumatın əlçatımlığı daha yaxşıdır. Müəyyən qədər insanlar daha çox bu məlumatı əldə eləyə bilirlər. Lakin bütövlükdə deyək ki, qanunvericilik tərəfdən məsələn, erkən nikah cinayət məsuliyyəti yaradır. Belə ki, ümumiyyətlə insanın 18 yaşında ailə qurmaq hüququ var. Deyək ki, 16 yaşına qədər olan qadınla hər hansı cinsi münasibət cinayət məsuliyyəti yaradır. Niyə ən çox qızı deyirəm, əslində erkən nikah həm də oğlanlar arasında olur. Amma reallıq bundan ibarətdir ki, qızlar arasında bu fenomenə daha çox rast gəlinir. Bilavasitə erkən nikaha və yaxud məcburi nikaha daxil olunmasını sövq edən valideynlər və yaxud hər hansı üçüncü bir şəxslər əlbəttə ki, cinayət məsuliyyətinə cəlb olunurlar. Bu da Azərbaycan cinayət məcəlləsinin bir neçə maddəsi ilə tənzimlənir. Dövlətin erkən nikahlarla bağlı olan addımları yetərincə səmərəli deyil. Paket daha geniş olmalıdır. Daha dərin məsələlərə toxunulmalıdır. Təhsil ocaqlarından tutmuş bütövlükdə deyək ki, qanunvericiliyə qədər müəyyən qədər dəyişikliklər olmalıdır. Bu məsələyə kompleks şəkildə yanaşılmalıdır. Erkən nikahlarla bağlı ən əsas qanunvericilik aktı belə ki, biz bilirik ki, kəbin deyilən dini nikah mərasimi də Azərbaycanda var. İnsanların təəssüf ki, bütün maarifləndirmə tədbirlərinə baxmayaraq, insanlar tamlıqla dərk edə bilmirlər ki, dini nikah əslində dövlət nikahı ilə bərabər tutula bilməz. Dini nikahın olması yalnız və yalnız dövlət qeydiyyatına nikah alınandan sonra mümkün ola bilər ki, bu qaydaya da riayət olunmur. Təəssüf ki, biz bunun tam əksini görürük. Əksər vaxtlarda ümumiyyətlə kəbin kəsiləndə nikah haqqında şəhadətnaməni tələb etmirlər. Yaxud olmadığı təqdirdə əlbəttə ki, buna göz yumurlar. Bu da bilavasitə qanun pozuntusudur. Bu erkən nikahlara zəmin yaradan bir haldır ki, kəbin olmadığı halda bir çox ailələri bu saxlamış olardı. Çünki nə dini nikahın olmadığından, nə dövlət nikahı olmadığından insanların birlikdə yaşamaq mədəniyyəti hələ bizdə formalaşmayıb. Ona görə insanlar bu nikahdan çəkinərlər, ta o vaxta qədər ki, ailə hüququ qanunvericilikdə qoyduğu qaydada 18 yaşı yaranana qədər. Amma reallıqda erkən nikaha bilavasitə gətirən amillərdən biri odur ki, kəbin daha erkən qılına bilir. İnsanlar dini nikahla kifayətlənib, əksər vaxt hətta dini nikah olandan sonra 15-16 yaşında və 3 ildən sonra yaşı çatanda dövlət nikahına girməyə də tərəddüd edirlər və ya çəkinirlər. Məsələ o vaxt aktuallaşır ki, ailə hər hansı bir neqativ fenomen yaşayanda, yəni, boşanma, hansısa zorakılıq halları olanda, hansısa mülklə əlaqədər bir məsələ ortaya çıxanda bəlli olur ki, həmin qadının ümumiyyətlə həmin mülkə çıxışı yoxdur. Dini nikah heç bir halda qadının hüquqlarını müdafiə eləmir.

Amerikanın Səsi: Cəmiyyətdə erkən nikahlara təpki varmı, belə hallar icmalarda ictimai qınaqla rastlaşırmı?

Şəhla İsmayıl: Ümumiyyətlə erkən nikahlara qarşı cəmiyyətdə nisbətən təpki var. Əlbəttə ki, bu, əyalətlərdə və şəhərlərdə fərqlənir. Şəhərdə daha müasir yanaşmanı görürük. Amma bu məsələdə cəmiyyət tam transformasiya olunmayıb. Düşünürəm ki, bu, getdikcə düzəlməkdədir. Şəhərdə, o cümlədən, paytaxtda münasibət xeyli fərqlidir. Erkən nikahlara cəmiyyətdən daha çox qınaq görsənir. Amma rayon yerlərində təəssüf ki, gözəgörünməyən bir marafon var. İcmalarda qızın bir az arxada qalması, yəni, qonşunun qızının daha erkən ailə qurması sanki valideynləri bir-biri ilə gözəgörünməyən bir yarışmaya girməyə sövq edir. Bu da əlbəttə ki, nə qədər primitiv səslənsə də, erkən nikahlarla nəticələnir.

Amerikanın Səsi: Erkən nikahların qarşısının alınması üçün dövlət, vətəndaş cəmiyyəti və media nələr edə bilər?

Şəhla İsmayıl: Erkən nikahların qarşısının alınması əlbəttə ki, hər bir şəxsin üzərindədir. Belə ki, bu məsuliyyəti cəmiyyətin hər bir sektoru öz üzərinə götürməlidir. Dövlət, mütləq ən çox pay onun üzərinə düşür. Hesab edirəm ki, bu yanaşma qanunvericiliyin çox sərt dəyişilməsi və sərt cərimələrin, cəzaların qoyulması ilə nəticələnməlidir. Nikah şəhadətnaməsi olmayan insanlara dini nikahın qılınmasına imza atan insanlara qarşı çox ciddi cərimələr və cəza olmalıdır. Eyni zamanda tədrisdən başlamalıdır. Belə ki, məktəblərdə mümkün qədər erkən yaşlardan tədrisdə qadın hüquqları mövzusunda ciddi maarifləndirmə işləri aparılmalıdır. Erkən nikahın fəsadı göstərilməlidir. Erkən nikahın fəsadları həm tibbi baxımdan, həm psixoloji baxımdan, həm fiziki baxımdan qadına, övlada, ümumilikdə ailənin rifahına fəsadları göstərilməlidir. Ümumiyyətlə maarifləndirmə işi həm qızlar, həm oğlanlar arasında aparılmalıdır. Eyni zamanda, valideynlər və icmalar arasında aparılmalıdır. Bu maarifləndirmə işinin bir hissəsini vətəndaş cəmiyyəti də görə bilər. Medianın da payına böyük bir məsuliyyət düşür ki, bu barədə maarifləndirici və ictimai vəkillik kampanentini özündə əks etdirən müəyyən təşəbbüslər olsun. Deyək ki, müəyyən yazılar bu istiqamətdə olan hansısa media müsabiqələr və sair, bu tipli təşəbbüslər olsun. Bir də mütləq əlbəttə ki, yerlərdə ictimai vəkillər olmalıdır ki, icmalarda zamanında bu çox məşhur model idi. 2014-cü ildən etibarən vətəndaş cəmiyyətinin bütövlükdə fəaliyyəti çox ciddi bir zərbəyə məruz qaldı. Amma ona qədər vətəndaş cəmiyyəti sektoru bir neçə uğurlu təşəbbüsə imza atmışdı. Bunlardan biri də icmalarda yerli insanların, mütəxəssislərin və qeyri mütəxəssislərin ictimai vəkil formasında fəaliyyət göstərməsi idi ki, erkən nikah olduğu halda müvafiq orqanları əvvəlcədən məlumatlandırmaq və bunun qarşısını kökündən kəsmək məqamı var idi. Təəssüf ki, bu model özünü doğrultsa da, hazırda bunu saxlamaq mümkün olmadı. Çünki, dediyim kimi vətəndaş cəmiyyəti ciddi problem yaşadı.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG