Accessibility links

Əfqanıstan qaçqınları Avropada daha bir miqrant böhranı yarada bilərmi?


Bir qrup əfqanıstanlı miqrant
Bir qrup əfqanıstanlı miqrant

Altı il əvvəl dünyanın siyasi yara izləri buraxan bir çox ölkəsindəki böhrandan qaçan 1,2 milyondan çox miqrant Avropada yeni həyat axtarmaq üçün yüzlərlə və ya minlərlə kilometr yol qət etdi.

Talibandan qaçmağa çalışan milyonlarla əfqan qitədə daha bir qaçqın böhranı yaşada bilərmi?

Avropanın bir neçə lideri son günlər bununla bağlı narahatlıqlarını bildirib. Fransa Prezidenti Emmanuel Makron avqustun 16-da televiziya ilə etdiyi çıxışında "Talibandan qaçanlar üçün mütəşəkkil və ədalətli beynəlxalq səylərə ehtiyac olacaq" deyib.

"Mövcud vəziyyətin nəticələrini Avropa təklikdə öz üzərinə götürə bilməz" - deyə, o bildirib.

"Bizim üçün aydındır ki, 2015-ci il təkrarlanmamalıdır. Əfqanıstan məsələsini Almaniyaya miqrasiya ilə həll edə bilməyəcəyik" - deyə Almaniyanın hakim Xristian Demokratlar partiyasının baş katibi N-tv telekanalına bildirib.

2015-ci ildə Avropaya gedənlərin əksəriyyəti Suriyadakı müharibədən qaçıb. Türkiyəyə keçdikdən sonra onlar Avropa Birliyinin üzvü olan Yunanıstan adalarına ya qayıqla, ya da iki ölkəni ayıran Evros çayı üzərindəki sərhədi pozmağa cəhd edərək daxil ola bilib. Daha sonra isə onlar Balkanlardan keçərək Qərbi Avropaya daxil olub.

Bənzər bir səyahətə çıxan əfqan miqrantlar daha çox maneələrlə üzləşir. Əfqanıstan miqrantlarının Avropaya gedən əsas yolu olan Türkiyə İranla sərhəd boyunca divar inşa edir.

Yunanıstan da eyni ilə Türkiyə ilə quru sərhədi boyunca çəkdiyi hasarın inşasını tamamlayıb. Türkiyədən Yunanıstan adalarına qayıqla keçməyə çalışan bir çox miqrant həddən artıq dolu olan qaçqın düşərgələrində qalmalı olur.

2016 -cı ildə Avropa İttifaqıi ilə Türkiyə arasında bağlanan miqrant müqaviləsi də miqrantların səyahətini xeyli çətinləşdirib.

Şənbə günü sərhəd divarını ziyarət edən Yunanıstanın vətəndaşların müdafiəsi Naziri Mixalis Xrisoxoidis hökumətinin qərarlarını müdafiə edib.

"Əfqanıstan böhranı geosiyasi sahədə yeni faktlar və eyni zamanda miqrant axını üçün imkanlar yaradır. Məlumdur ki, biz bir Avropa ölkəsi olaraq Avropa İttifaqı institutlarında iştirak edirik və orada bir sıra qərarlar verilir. Lakin bizə olacaq mümkün təsirləri passiv şəkildə gözləyə bilmərik" - deyə, Xrisoxoidis jurnalistlərə bildirib.

Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin miqrasiya üzrə analitiki Helena Han bir çox əfqanın ilk növbədə ölkəni tərk etməkdə çətinlik çəkəcəyini deyir.

Han "Qonşu ölkələrin tədbirləri, eləcə də Talibanın özünün də öz gündəmini ortaya qoymağa davam etdiyi bir zaman əslində insanların ölkəni tərk etməsinin qarşısını alacaq. Məsələn, İran dəfələrlə sərhəd keçidlərini bağlayıb və qaçqın düşərgələrinin ölkə daxilində olmalı olduğunu deyib. Türkiyə İranla sərhəddə divar inşa edib və repatriasiya mərkəzlərinin imkanlarını artırıb" deyə, Amerikanın Səsinə bildirib.

Lakin bu ölkələrin nə qədər qaçqın qəbul edəcəyi bəlli deyil. Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen Madrid yaxınlığındakı Əfqan qaçqınların qəbul mərkəzini ziyarət edib və üzv ölkələri daha çox iş görməyə çağırıb.

"Mən Əfqanıstan missiyasına qatılan bütün dövlətləri, avropalıları və digərlərini kollektiv şəkildə yardıma ehtiyacı olanları yerləşdirmək üçün köçkünlər limitini artırmağa və təhlükəsiz yollarla təmin etməyə çağırıram" - deyə, fon der Leyen jurnalistlərə bildirib.

Bu arada Polşa da son həftələrdə Əfqanıstandan da olmaqla, son həftələr qaçqın axını ilə üzləşən Belarusla sərhədində divar inşa edəcəyini bildirib.

XS
SM
MD
LG