Accessibility links

Çarəsizlik hər gün minlərlə əfqanı sərhədlərə aparır


Son bir gecədə Herat stansiyasında gözləyən avtobus bir saat ərzində sərnişinlərlə doldu. Sərnişinlər əsasən gənc oğlanlar idi və onların yükü yox idi. Sadəcə əyinlərindəki paltarları, bəlkə də qarşıdakı uzun yol üçün bellərindəki çantada çörək və su var idi.

Bu yol onları İrana aparır.

Əfqanıstanın qərbi Herat şəhərindən hər gün bir neçə avtobus yüzlərlə insanı sərhədə aparır. Orada onlar düşür, qaçaqmalçılarla əlaqə saxlayır və gah çöl əraziləri, gah da qaranlıqda dağların arasından piyada, və ya mühafizəçilərdən və oğrulardan qorunaraq, kiçik yük maşınlarına sığınaraq, günlərlə yol gedir.

İrana gələnlərin çoxu iş tapmaq üçün orada qalır. Bəziləri isə daha uzağa getməyə ümid edir.

Avtobusda dostu Fuadın yanında oturan 20 yaşlı Harun "Avropaya gedəcəyik" deyir. Onların kəndlərində iş yoxdur. “Başqa seçimimiz yoxdur, burada iqtisadiyyat dağılıb. Bu yolda bizi ölüm gözləsə belə, biz bunu edirik” - deyə, o bildirir.

Çarəsizlik daha çox əfqanı İran sərhədinə aparır. Avqustun ortalarında Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan iqtisadiyyatının tənəzzülü sürətlənib, iş yerlərini itirən milyonlarla insan ailələrini dolandıra bilmir.

Norveç Qaçqınlar Şurasının məlumatına görə, gündə 4-5 mindən çox olmaqla, son üç ayda 300 mindən çox insan qeyri-qanuni yollarla İrana keçib.

Avropa İttifaqı ölkələri ümumiyyətlə miqrant qəbul etməməkdə qərarlı olduğu bir vaxt, birlik ölkələrinin sahillərinə çatmağa çalışan əfqanların sayı artmaqda davam edir.

Taliban halimiyyətə gəldikdən sonra hələ ki, Avropaya əfqan miqrantlarının axınında artım olmayıb. Avropa İttifaqının noyabrın 21-dəki həftəlik hesabatına əsasən Əfqanıstandan olan miqrantların üzv ölkələrə girişi “əsasən sabit qalıb”. Hesabatda qeyd olunub ki, noyabr ayında Türkiyədən İtaliyaya keçən bəzi əfqanlar Taliban hakimiyyəti ələ keçirdikdən sonra ölkəni tərk edib.

Lakin miqrantların əhəmiyyətli bir hissəsi çox ehtimal ki, qapılarını bağlamağa çalışan İranda qalmaq niyyətindədir. İrana artıq son onilliklərdə qeyri-sabitlik səbəbindən vətənlərini tərk edən 3 milyondan çox əfqan keçib.

İran deportasiyanı gücləndirir. Hər həftə 20-30 min əfqanı geri göndərir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il noyabrın 21-nə qədər İran 1,1 milyondan çox əfqanı deportasiya edib ki, bu da 2020-ci ildəki ümumi göstəricidən 30% çoxdur. Deportasiya edilənlərin çoxu geri qayıtmağa cəhd edir.

Əfqanıstandakı mühacirat bəzi kəndləri demək olar ki, kişisiz qoyub. The Associated Press xəbər agentliyi ziyarət etdiyi Heratın şimalındakı Car-e Savz kəndində bütün gənc kişilərin getdiyini, kənddə yalnız bir yaşlı kişinin qaldığını bildirib.

Taliban Əfqanıstanı ələ keçirməzdən əvvəl artıq bu ölkə dünyanın ən yoxsul ölkələrindən biri idi və keçən il, 2020-ci ilin koronavirus pandemiyası və quraqlıq nəticəsində ölkə iqtisadiyyatının vəziyyəti daha da pisləşib.

Avqustun 15-də Taliban hakimiyyətə gəldikdən sonra isə Əfqanıstan iqtisadiyyatını ayaqda saxlayan əsas arteriya - beynəlxalq donor fondları da kəsilib. Taliban hökuməti yüz minlərlə dövlət işçisinin maaşını ödəyə bilmir.

XS
SM
MD
LG