Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, intiharçı hücumu nəticəsində 19 nəfər həlak olub. Onlar arasında 10 nəfəri Nanqarhar vilayətinin Hindu və Six icmalrının üzvü olub.
Hücum insanların Cəlalabad şəhərində prezident Əşrəf Qani ilə görüşə getdikləri vaxt həyata keçirilib.
Regional polis idarəsinin rəisi, general Qulam Sənayi Amerikanın Səsinə 20-dən çox adamın yaralandığını bildirib.
İŞİD və Talibanın fəal olduğu bu vilayətdə hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.
Bundan bir neçə saat əvvəl İslam Dövləti yaraqlıları olduğundan şübhələnilənlər təhlükəsizlik qvardiyasının 3 üzvünün başını kəsib. Onlar Nanqahar vilayətindəki dövlət məktəbini mühafizə edirdi.
Bir qrup silahlı şəxs Xoqyani oğlan məktəbinə gecə ərzində hücum təşkil edib.
Vilayətin təhsil nazirliyinin sözçüsü Məhəmməd Asif Şinvari Amerikanın Səsinə bildirib ki, hücumçular məktəb binasını yandırıb və binanın bəzi hissələri tamamilə sıradan çıxıb.
Hücumun məsuliyyətini üzərinə alan olmasa da, hökumət İŞİD-i günahlandırır.