Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində Pegasus proqramı vasitəsi ilə insanların izlənilməsi və dinlənilməsinə qarşı hüquqi prosedurlar, insan hüquq və azadlıqlarına təsirləri haqqında danışıb.
Amerikanın Səsi: Azərbaycanda insanların dinlənilməsi və izlənməsi üçün Pegasus proqramlarından istifadə edilməsinin hüquqi əsasları varmı? Qanunvericiliyə görə belə proqramlar hansı hallarda tətbiq oluna bilər?
Ələsgər Məmmədli: Ümumiyyətlə proqramın kim tərəfindən hazırlanmasının o qədər əhəmiyyəti yoxdur. Əsas məsələ izlənmə və dinləmə cihazlarının əməliyyat-axtarış tədbirləri nəticəsində istifadəsi məsələsidir. Bununla bağlı əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilikdə, o cümlədən prosessual məcəllələrdə müəyyən məqamlar nəzərdə tutulub ki, cinayətkarların təqibi, cinayətin önlənməsi məqsədi ilə bu tip proqramlar tətbiq olunsun və bu, tətbiq olunan zaman müxtəlif infrastrukturlara tətbiq olunur. Xüsusi izləmə cihazı mobil operatorların, mobil provayderlərin avadanlıqlarına qoşulur. Bununla bağlı "Kommunikasiya haqqında" qanunda 7-ci maddə var, yanılmıramsa, orada çox açıq şəkildə göstərilir ki, həmin avadanlıqlar qoşulduqdan sonra da onun qoşulduğuna dair informasiyalar gizli saxlanılmalıdır həmin qrumlar tərəfindən. Hətta bu yayılarsa məsuliyyət yaradır. Yəni cinayətkarlığın önlənməsi və cinayətkarların təqibi baxımından belə proqramların istifadəsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Amerikanın Səsi: Özünü zərərçəkmiş hesab edən şəxslər araşdırılma aparılması və günahkarların cəzalandırılması üçün hansı orqanlara müraciət etməlidir? Buna görə rəsmi qurumların məsuliyyətə cəlb ediləcəyinə inanırsınızmı?
Əgər kimsə bu qanuni çərçivədən kənar formada izlənibsə və yaxud dinlənibsə, təqib olunubsa, bu, əlbəttə ki, cinayət məsuliyyəti yaradır. Çünki cinayət məcəlləsinin 156-cı maddəsi konkret olaraq şəxsi həyata müdaxiləni qadağan eləyir.
Ələsgər Məmmədli: Əvvala, Azərbaycan Respublikası Konstitutsiyasının 32-ci maddəsi şəxslərin şəxsi toxunulmazlıq hüququnu təminat altına alıb. Şəxsi toxunulmazlıq hüququ həm şəxslərin özlərinin razılığı olmadan izlənməsi, eyni zamanda təqib olunması, telefon danışıqlarının dinlənilməsi, foto, video çəkilişlərinin aparılması və s. əhatə eləyir. Bu, yalnız qanunla icazə verilən hallarda məhkəmə qərarı ilə mümkündür ki, fərd də hansısa formada bu təqibə məruz qalsın. Əgər kimsə bu qanuni çərçivədən kənar formada izlənibsə və yaxud dinlənibsə, təqib olunubsa, bu, əlbəttə ki, cinayət məsuliyyəti yaradır. Çünki cinayət məcəlləsinin 156-cı maddəsi konkret olaraq şəxsi həyata müdaxiləni qadağan eləyir. Və 155-ci maddə şəxsin telefon danışıqlarını, digər poçtlarını və s. izləmək gizlicə dinləməni məsuliyyətə məhkum eləyir. Beləliklə, hüququ pozulan şəxs bundan məlumat tutarsa ilk növbədə bununla bağlı prokurorluğa müraciət etməlidir. Bu fakt araşdırılaraq istintaq təqibinin aparılması zamanı bunu vəzifəli şəxlərin etdiyi müəyyən edilərsə, əgər vəzifəli şəxslər öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bunu həyata keçiribsə, o zaman bu həm də cinayətdə ağırlaşdırıcı hal hesab olunacaq. Çünki biri var ki, vəzifəli şəxslər sadəcə qanuni çərçivədə öz fəaliyyətlərini icra etsinlər. Biri var onlar qanundan kənar və heç bir məhkəmə təqibinə məruz qalmayan şəxsi izləyib təqib etsinlər. Bu halda həm də onların cinayət əməlində ağırlaşdırıcı hal kimi qiymətləndirilə bilər.
Amerikanı Səsi: İddia olunur ki, izləməyə hətta məmurlar və deputatlar da məruz qalıb, bunun səbəbi nə ola bilər?
Ələsgər Məmmədli: Bilirsiniz, söhbət əgər qanuni izləmədən getsəydi qanuni izləmənin səbəbi çox aydındır, bu hansısa cinayəti önləmə və yaxud hətta hökümətin yüksək eşolonunda olan şəxslər də qanuni çərçivədə izlənilə bilər. Bunlar, əgər hansısa korrupsiya ehtimalı varsa, qanundan kənar fəaliyyət, sui-istifadə halları varsa, bunun müəyyən olunması da məhkəmə qaydasında təqibə səbəbiyyət verə bilərdi. Amma, bu tamamilə kənardan və heç bir hüquqi əsası olmadan baş veribsə, burada birinci növbədə baş verən bütün hallarda şəxsin kimliyindən asılı olmayaraq, bu, cinayət əməli hesab olunacaq və məsuliyyət yaradır. Çünki hər iki halda Konstitutsiyanın pozulmasıdır. Amma ikinci önəmli məqam odur ki, əgər hökümət öz siyasi komanda üzvlərinə etimad etmir və onları hansısa formada xüsusi avadanlıqlar və eyni zamanda vəsait xərcləyib dinləyirsə, burada daha çox siyasi etimadsızlıqdan söhbət gedə bilər. Yəni aydındır ki, rəqibləri,qarşı tərəfi, müxalif düşüncədə olan jurnalistləri və s. izləmək, bu da qanunsuzdur. Amma burada bir məntiqi əsas var ki, tutalım hökümət istəyir ki, onun rəqibləri nə düşünür, bunu öyrənsin, qanunsuz yolla öyrənmək istəyir. Amma öz komanda üzvlərinə qarşı əgər doğrudan da izələmə olubsa, mən buna əmin deyiləm, çünki açıqlanan məlumatlar çox məhdud açıqlandı.Təəssüf ki, davamı gəlmədi. Bu da həmin məlumatların özünün mötəbərliyini ciddi şübhə altına qoyur. Yaxşı olardı ki, əgər belə bir məlumat varsa, bütünlüklə açlıqlanardı. Əmin olardıq ki, həqiqətən də fakt var. İndiki halda daha çox spekulyativ bir yanaşma kimi göürünür. Bir qrupu açıqlayıb, sonra digərlərini qapalı saxlamaq. Ona görə, mən bunu bir ehtimal kimi qiymətləndirə bilərəm. Belə bir ehtimal varsa ki, kimsə hökümətdə özü özünü, öz çevrəsini dinlədib. O zaman burada etimadsızlıqdan başqa ağla ikinci bir şey gəlmir.
Amerikanı Səsi: Gələcəkdə bu qəbildən miqyaslı izləmə hallarının qarşısının alınması üçün beynəlxalq səviyyədə hansı tədbirlər görülməlidir?
Demokratik oldu ya olmadı hansısa hökümətlər bu tip proqramların hansısa sifarişçisi ola bilirlərsə, deməli bu tip proqramların hazırlanmasına da kimlərsə vəsait ayıracaq.
Ələsgər Məmmədli: Bilirsiniz, texnologiya o qədər sürətlə inkişaf edir ki, hansısa tədbirin görülməsini demək, məsələ bir az bəsit kimi görünür. Sözsüz ki, bir tərəfdə bu texnoloji inkişafda bəlli bir tərəf bunu effektiv tərəfindən faydalanmağa çalışır, bir tərəf də bundan öz mənafelərini necə möhkəmləndirə bilər. Onun üçün çalışır. Hətta belə proqramların ortaya çıxmasının da səbəbi budur. Virusların, antivirusların ortaya çıxmasının da səbəbləri budur. Ona görə bunu top yekun qadağan edəcək hansısa bir əmr mümkün deyil. Belə baxdığımızda bundan bir neçə il öncə biz Almaniyanın Kanslerinin də Amerika tərəfindən dinlənildiyinin şahidi olduq. Dolayısıyla bu məsələ sadəcə hansısa hökümətlərdaxili məsələ deyil. Eyni zamanda beynəlxalq miqyasda xarici siyasət baxımından da bəlli alət kimi istifadə olunur. Bu baxımdan mən inanmıram ki, hansısa hökümətlər birmənalı olaraq öhdəlik götürüb bu tip fəaliyyəti bitirib bütünlüklə qadağan edəcəklər. Çünki, bu, eynilə internet kimidir. İnternetin siz faydalı tərəfini də istifadə edə bilərsiniz, yaxud internetdən istifadə edib xakerlik də edə bilərsiniz. Burada niyyət daha önəmlidir. Siz ondan nə niyyətlə istifadə edirsiniz. Bu tip proqramlar əlbəttə ki, olmalıdır, ona görə ki, terroru önləmək üçün, terroristlərin bağlantılarını öncədən aşkar eləmək və böyük fəlakətləri önləmək üçün, hansısa cinayətkar şəbəkənin təqib edib üzə çıxarmaq üçün. Amma bəzən də olur ki, bu öz məqsədindən kənara çıxır və gedir hansısa öz rəqibini tərksilah eləmək üçün istifadə edilir. Bu baxımdan beynəlxalq miqyasda bununla mübarizə aparmaq mənə görə mümkün olmayacaq. Çünki bir tərəfdə bazar var. Bir tərəfdə tələb var. Bir tərəfdə də təklif var. Tələb olan yerdə təklif də yaranacaq. Demokratik oldu, ya olmadı hansısa hökümətlər bu tip proqramların hansısa sifarişçisi ola bilirlərsə, deməli bu tip proqramların hazırlanmasına da kimlərsə vəsait ayıracaq. Ona satacaq, ondan bəhrələnəcək. Əlbəttə, bununla bağlı hansısa ümumi prinsipləri inkişaf elətdirmək olar. Amma indi gəlin etiraf edək ki, mövcud qanunvericilik hüquq baxımından da fərdi məlumatların qorunması olsun, şəxsi həyata müdaxilənin yol verilməsi olsun .Bu istər Birləşmiş Millətlərin mülki və siyasi paktlarında, istərsə də Avropa İnsan Hüquqları Konvensiyasında çox açıq göstərilib. Amma buna baxmayaraq pozulur. Yəni bundan sonra 5 dənə də konvensiya imzalasaq demək ki, kimlərsə bunu pozmağa cəhd edəcək. Bunu da birmənalı olaraq önləmək mümkün olmayacaq.