Accessibility links

Əl-Şəbab militantları sufi din xadimini qətlə yetirib


Rəsmilərin və şahidlərin bildirdiyinə görə, Əl-Şəbab militantları Somalinin Qalkayo şəhərində mübahisəli ruhaninin iqamətgahına hücum edərək, azı 15 nəfəri qətlə yetirib.

Militantların bomba yerləşdirilmiş avtomobili darvazaya çırpmasından sonra iqamətgaha daxil olduqları bildirilib.

İqamətgah sufi ruhani Şeyx Əbdivəli Əli Elmi və onun tərəfdarlarının qərargahı idi.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri hücuma keçərək iki militantı öldürüb. Verilən məlumatlara görə, bir militant ələ keçirilib.

Hadisə yerində olan bir jurnalist təhlükəsizlik qüvvələrinin binanın nəzarətini ələ keçirdiyini və cəsədlərin toplanmasına başlanıldığını bildirib.

Hücumdan sonra Əl-Şəbab militant qrupla əlaqəsi olan veb səhifədə sufi dindar Şeyx Əbdivəli Əli Elminin qətlinə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Mənbələr də Amerikanın Səsinə Elmi və onun həyat yoldaşının öldürüldüyünü bildirib.

Əl-Şəbab keçən il YouTube-da mübahisəli videolar yerləşdirdikdən sonra Şeyx Əbdivəli Əli Elmini küfrdə ittiham etmiş və onu ölümlə təhdid etmişdi. Din xadimləri Elimini Məhəmməd Peyğəmbərin təsvir edildiyinə inandıqları şəklə işarə etdiyi göstərilən video görüntüləri paylaşdığına və ibadət zamanı musiqidən istifadə etdiyinə görə tənqid edirdi.

Elmi ona qarşı irəli sürülən ittihamları rədd edərək, musiqinın İslam təlimlərinə zidd olmadığını deyirdi.

XS
SM
MD
LG