Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində ölkədə postmünaqişə dövründə durum, iqtidar-müxalifət münasibətlərindən danışıb.
Amerikanın Səsi: İlk öncə "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə münasibətiniz necədir?
Azərbaycan-Türkiyə hərbi ittifaqının dərinləşdirilməsini təqdir edirik.
Əli Kərimli: Şuşa Bəyannaməsində Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsini, onun müttəfiqlik səviyyəsinə qaldırılmasını biz təqdir edirik. Hər zaman bunun tərəfində olmuşuq. Zaman-zaman Azərbaycan Xalq Cəbhəsi, Milli Şura Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın, ittifaqın dərinləşdirilməsini təklif edib. Ona görə də bu hərbi ittifaqın dərinləşdirilməsini biz təqdir edirik.
Amerikanın Səsi: Bir sıra ekspertlər postmünaqişə dövründə regionda yeni geosiyasi situasiyanın yarandığını bildirir? Siz necə hesab edirsiniz?
Bu, Rusiyanın monopoliyasında olmayan birinci danışıqlar idi.
Əli Kərimli: Bəli, son vaxtlar baş verən bir sıra hadisələr regionda geosiyasi vəziyyəti xeyli dəyişdi. İlk növbədə, mən nəzərdə tuturam Azərbaycan-Türkiyə hərbi birliyinin, əməkdaşlığının dərinləşməsini, ikincisi, Türkiyənin ənənəvi NATO müttəfiqləri ilə problemlərini aradan qaldırıb, qərb blokunda özünün layiqli yerini bir daha tutmasını, möhkəmləndirməsini, üçüncüsü, Ermənistanda keçirilmiş seçkilərdə müstəqillik tərəfdarı olan Paşinyanın yenidən seçilməsini və dördüncüsü, artıq təqribən bir ay bundan qabaq gördük ki, münaqişənin hərbi mərhələsi başa çatandan sonra bir ilk yaşandı. Gürcüstanın baş nazirinin vasitəçiliyi ilə Avropa Birliyi və ABŞ-ın dəstəklədiyi danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında hərbçilərin və minalanmış ərazilərin xəritəsinin mübadiləsi oldu. Bu, Rusiyanın monopoliyasında olmayan birinci danışıqlar idi. Bütün bunların hamısı regiondakı geosiyasi vəziyyətin dəyişdiyini göstərir.
Amerikanın Səsi: Postmünaqişə dövründə Azərbaycan iqtidarının müxalif qüvvələrlə, xüsusilə Milli Şura və AXCP ilə münasibətlərində dəyişikliklər varmı? Əgər münasibətlərdə yeniliklər varsa, bu nədən ibarətdir?
Əvvəlki basqı, repressiya şəraiti davam edir.
Əli Kərimli: Çox təəssüf ki, bu sahədə dəyişikliklər yoxdur. Müharibədən dərhal sonra Qarabağ məhbusları şərti olaraq ev dustaqlığına buraxılmışdılar. Amma bu günlərdə onların üzərindəki qondarma məhkəmə başa çatdı. Partiyanın, Səid Bakuvini də nəzərə alanda, 18 üzvü haqqında 3-4 il müddətinə şərti də olsa azadlıqdan məhrumetmə qərarları verildi. Bu nə deməkdir? Bu o deməkdir ki, partiyanın xeyli sayda əsas aparıcı funksionerləri sanki hakimiyyət tərəfindən girov götürülüb. Deməli, əvvəlki basqı, repressiya şəraiti davam edir. Eyni zamanda, partiyanın bir çox fəalları, o cümlədən Rəyasət Heyətinin üzvü də daxil olmaqla hələ də siyasi məhbus həyatı yaşayır. Bu gün də, yenə də Xalq Cəbhəsinin 5 nəfər fəalı siyasi məhbus həyatı yaşayır. Ölkədə isə çox təəssüf ki, bütövlükdə yüz nəfərdən artıq siyasi məhbus var.
Amerikanın Səsi: Gəlin etiraf edək ki, bu dəfəki məhkəmə qərarı əvvəlkilərdən çox fəqli oldu. Yəni ağır ittihamlarla şərti cəzalar verildi. Bu, hökumətin müxalifətə qarşı, xüsusilə də AXCP-yə qarşı münasibətində liberallaşma demək deyilmi? Bunu necə qəbul edirsiniz?
Azərbaycanda yenidən iqtidar-müxalifət münasibətlərində ritorika hökumətin təşəbbüsü ilə sərtləşib.
Əli Kərimli: Əvvəla, müharibədən sonra Azərbaycan cəmiyyətində çox ciddi gözlənti yaranmışdı ki, ümumiyyətlə ölkədə iqtidar-müxalifət münasibətləri sağlamlaşmalıdır. Müharibədən dərhal sonra həmin bu şəxslər artıq ev dustaqlığına buraxılmışdı. Yəni, bu, o zaman, noyabr ayında atılmış addımdır. Amma, noyabrdan sonra o addımın davamı gəlmədi. Əksinə, ev dustaqlığına buraxılmış şəxslər, hətta, şərti də olsa uzun müddətə məhkum ediliblər. Yəni, noyabrda başlanmış, bizim də təqdir etdiyimiz o proses, təəssüf ki, elə noyabrda da dayanıb. Ondan sonra onun inkişafı gəlməyib. Yenə də çox sərt nifrət dili ilə müxalifət haqqında danışıqlar davam edib. Azərbaycanda yenidən iqtidar-müxalifət münasibətlərində ritorika hökumətin təşəbbüsü ilə sərtləşib.
Amerikanın Səsi: Sizə qarşı münasibət necədir? Bir ara bəyan etdiniz ki, telefonunuz kəsilib, internetə çıxışınız yoxdur. Evinizlə bağlı, həyat şəraitinizlə bağlı çətinliklər var. İndi vəziyyət necədir? Telefona çıxışınız varmı, internetə əlçatımlığınız varmı, ərzaqa əlçatımlığınız varmı? Ümumiyyətlə necə dolanırsınız, necədir vəziyyət?
Azərbaycan hökuməti mənim internetimi və mobil telefounumu nəzarətdə saxlamaqda davam edir.
Əli Kərimli: Bir ildən artıq bundan əvvəl, 2020-ci ilin 13 aprelindən mənim özümün evdə, mobil telefonumda və həyat yoldaşımın mobil telefonunda internet kəsilib. O vaxtdan bəri vəziyyət dəyişməyib. Bu gün də, yenə də nə evdə, nə də mobil telefonlarımızda internet yoxdur. Yalnız, gəlib-gedən qonaqlarımızın vasitəsi və sair vasitələrlə dünyada baş verənlərdən xəbər tuturuq. Ona görə də çox təəssüf ki, internet blokadası davam edir. Baxmayaraq ki, ABŞ Konqresinin Helsinki Komissiyası bu barədə xüsusi bəyanat verib. Dövlət Departamentinin bu barədə açıqlaması var. Avropa Şurası Parlament Assambleyasının bu məsələ ilə bağlı xüsusi qətnaməsi var. Amma, Azərbaycan hökuməti mənim internetimi və mobil telefounumu nəzarətdə saxlamaqda davam edir. Mobil telefonumu necə? Həm özümün, həm də həyat yoldaşımın mobil telefonu səhər saat 9-dan axşam saat 8-dək işləyir. Axşam saat 8-də telefon kəsilir. Müstəsna hallarda, bəzən unudurlar bir az gec bağlayırlar, ya da heç bir gün açmırlar. Amma, rejim bundan ibarətdir ki, səhər saat 9-dan axşam saat 8-ə qədər mobil telefonumuz işləyə bilir. Demək olar ki, mənə evdə həbsxana şəraiti yaradıblar. Əslində, de-fakto bu, ev dustaqlığıdır. Başqa, indi mənim ərzaq almağıma müdaxilələr yoxdur. Ora hələ gəlib çıxmayıb. Bu barədə şikayətim yoxdur. Amma, pasportum yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin beş il bundan qabaq verdiyi qərara rəğmən, o qərar yerinə yetirilməyib. Ofisimiz yoxdur. İnternetimiz yoxdur. Keçmiş sürücüm həbsdədir. Mühafizəçim həbsdədir. Partiya funksionerləri həbsdədir.
Amerikanın Səsi: Azərbaycan iqtidarına və beynəlxalaq ictimaiyyətə bir mesajınız varmı?
İlk növbədə iqtidar-müxalifət münasibətlərini sivilləşdirmək lazımdır. Ölkədə rəqabət mühiti yaratmaq lazımdır.
Əli Kərimli: Azərbaycan iqtidarına demək istəyirəm ki, həm regionda, həm dünyada baş verən qlobal dəyişikliklər göstərir ki, onsuz da avtoritarizmin perspektivi yoxdur. Nə bu regionda, nə də dünyada. Xüsusən, bu regionda heç yoxdur. Ona görə də müqavimət göstərməyin mənası yoxdur. Xalqa doğru addımlar atmaq lazımdır. İlk növbədə iqtidar-müxalifət münasibətlərini sivilləşdirmək lazımdır. Ölkədə rəqabət mühiti yaratmaq lazımdır. Beynəlxalq təşkilatlara demək istəyirəm ki, Azərbaycanın demokratikləşməsinə də diqqət ayırmaq lazımdır. Bu gün Azərbaycandakı beynəlxalq diqqət yalnız Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlıdır. Sanki, Azərbaycanın daxilindəki idarəetmə yaddan çıxıb. Necə idarə edirlər? O cümlədən, hansı haqsızlıqlar, hansı repressiyalar həyata keçirirlər, sanki bu, beynəlxalq təşkilatların gündəmindən çıxıb. Belə olmamalıdır.
Qeyd: Bu, AXCP sədri Əli Kərimlinin fikirləridir. Azərbaycan iqtidarı əksini deyir. Ölkə rəhbərləri bildirir ki, hazırda bir çox müxalifət partiyaları ilə dialoq mövcuddur. Ölkədə insanlar siyasi iradələrinə görə təqib olunmur, hamı qanun qarşısında bərabərdir və insanların fundamental hüquları tam təmin edilib. Dövlət rəsmiləri siyasi məhbusların olması ilə bağlı deyilənləri də qəbul etmir və tənqidləri qərəzli sayır.