Accessibility links

Azərbaycan sərhəd bölgəsində mülki şəxsin həlak olduğunu bildirir


İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini Əziz Əzizov həlak olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında deyilir.

“Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur. Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur. Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və Azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq,” məlumatda qeyd edilir.

Ermənistan tərəfi Azərbaycan qüvvələrini Tavuş və Berd rayonlarında mülki əhalini hədəf almaqda günahlandırıb. Hərbi rəsmilər cavab tədbirləri nəticəsində Azərbaycanın dron nəzarət sistemini və təmas xəttindəki istehkamlarını dağıtdığını bildirib.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) iyulun 12-dən başlayan gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, "artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə Azərbaycan bölmələrinin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib".

Nazirlik bildirir ki, indiyədək Azərbaycan Ordusunun 11 hərbi qulluqçusu həlak olub, 4 hərbi qulluqçu yaralanıb. Bir mülki şəxs artilleriya atəşinin qurbanı olub.

Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, atışmalar zamanı 2 hərbçi həlak olub, 3 hərbi qulluqçu və 2 polis əməkdaşı yaralanıb.

XS
SM
MD
LG