Vaşinqtonda qərargahlanan Human Rights First təşkilatı 9 dekabrda amerikalıların insan haqlarının təşviqatına baxışlarını araşdıran sorğunun nəticələrini açıqlayıb. Noyabr ayında rəyi soruşulan minlərlə amerikalının əksər qismi insan haqlarının müdafiəsi sahəsində kifayət qədər iş görülmədiyi qənaətindədir. Amerikalıları narahat edən başlıca məsələlər etnik zəmində zorakılıqların artması, insan qaçaqmalçılığı, və dünya boyu etiqad azadlıqlarının boğulmasıdır. Hər dörd amerikalıdan üçü hesab edir ki, ABŞ hökuməti insan haqlarının müdafiəsi üçün daha çox səy göstərməli və bu sahədə liderliyi lə almalıdır. Parisdə baş verən terror hücumları rəy sorğusunun suriyalı qaçqınlara dair hissəsinə təsir göstərsə də, əksər amerikalılar suriyalı qaçqınların qorunmasını prioritet kimi dəyərləndirir.
Human Right First təşkilatının hökumətlə əlaqələr üzrə baş direktoru Maurice Daniel sorğunun tapıntılarını Amerikanın Səsinə müsahibədə şərh edib.
Amerikanın Səsi: Sizin təşkilatınız bu yaxınlarda amerikalıların insan haqlarına münasibəti haqda rəy sorğusu keçirib. Bu sorğu haqda nə məlumat verə bilərsiniz? Harada, hansı metodla keçirilib bu sorğu?
Maurice Daniel: Human Rights First ictimai dialoqda ABŞ vətəndaşlarının insan haqları məsələlərinə münasibətlərini öyrənmək üçün ölkə boyu belə bir sorğunun keçirilməsinə sponsorluq edib. Biz sorğunu iki həftəlik period ərzində keçirmişik. İlkin sorğu Parisdə faciəvi olaylar fonunda keçirildi, və bu üzdən biz qərara gəldik ki, bir həftə sonra bir də sorğu keçirək. Məqsəd Paris hadisələrinin sorğumuza göstərə biləcəyi mümkün təsirdən kənarda həqiqi baxışların öyrənilməsini təmin etmək idi.
Amerikanın Səsi: Amerikalıların çoxu insan haqlarının qorunması sahəsində kifayət qədər iş görülmədiyi qənaətindədir. Onlar üçün başlıca məsələ hansıdır?
Maurice Daniel: Amerika ictimaiyyəti hesab edir ki, bir çox məsələlərə gəldikdə insan haqlarının qorunmasında kifayət qədər iş görülmür. Heç bir məsələ 50 faizlik baryeri aşmayıb. Ümumiyyətlə, insan qaçaqmalçılığı, quldarlıq, Quantanamo körfəzi kimi məsələlər narahatlıq doğurur. Sorğunun nəticələri bizə aydın etdi ki, bu cür məsələlərin müzakirə edilməsi və işıqlandırılması üçün ictimaiyyətdə kifayət qədər iştah var.
Amerikanın Səsi: Tapıntılarınızdan hansı sizi təəccübləndirdi?
Maurice Daniel: Əslində təəccübləndirici bir sıra məqamlar var idi. Hətta Paris hadisələrinin ardınca da çox adamlar insan haqlarının mühüm məsələ olmasını düşünürdü, ələlxüsus suriyalı qaçqınların qəbul edilməsinə gəldikdə. Post-Paris mühitində müəyyən azalma hiss olundu. Amma bununla belə, amerikalıların əksəriyyəti hesab edir ki, suriyalı qaçqınlar ABŞ-a buraxılmalıdır. Bu, bizim mühüm tapıntılarımızdan idi. Biz həmçinin aşkar etdik ki, amerikalılar biznes və sənaye şirkətlərini hökumətdən də çox insan haqları standartlarına cavabdeh tuturlar.
Amerikanın Səsi: Hər 4 amerikalıdan 3-cü hesab edir ki, ABŞ insan haqları məsələsində liderliyi ələ almalıdır. Belə görünür ki, ictimaiyyət hazırda ABŞ-ın bunu etmədiyi qənaətindədir. Sizcə, ictimaiyyət hazırkı duruma görə kimləri günahlandırır?
Maurice Daniel: Əminliklə demək olar ki, Amerika ictimaiyyəti hökumətin insan haqları sahəsində daha çox iş görməsini arzulayır. Biz insan haqları məsələsində qlobal lider olmalıyıq. Onların kimi daha çox qınamaları bizim sorğumuzun əhatə dairəsindən xaricdə idi. Amma aldığımız rəqəmlər göstərir ki, ictimaiyyət ABŞ-ın insan haqları məsələsində daha aqressiv mövqe sərgiləməsini qəbul edərdi. Burada söhbət təkcə ölkə daxilində yox, həm də ölkə xaricində insan haqlarının qorunmasından gedir.