Accessibility links

"Gəncə işi"ndə işgəncələrlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi qərarı qəbul edilib


“Bu gün, mayın 16-da "Gəncə işi" ilə bağlı keçirilən məhkəmədə müsbətə doğru kiçik bir addım atılıb. Müdafiəçilərin və təqsirləndirilən şəxslərin birgə vəsatətindən sonra məhkəmə heyəti işgəncələrin araşdırılması ilə bağlı məhkəmə tibbi ekspertizasının təyin olunması barədə qərar qəbul edib. Bu müsbət və doğru addımdır. Hakimlərin və ittihamçının hərəkətlərində yumşalmalar hiss olunur.”

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində yazıb.

Gülalıyev hesab edir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə verilən işgəncələrin araşdırılması ilə bağlı ekspertizanın təyin olunması son zamanlar cəmiyyətdə repressiya və işgəncələr əleyhinə apardığı fəaliyyətin, ictimai təpkinin nəticəsidir.

“Repressiya və işgəncələr əleyhinə fəaliyyətimizə bir an olsa da ara verməyəcəyik,” o qeyd edir.

Xatırladaq ki, Repressiya və İşgəncələr Əleyhinə Komitə mayın 18-də Musavat partiyasının Qərargahında repressiya və işgəncələr əleyhinə geniş ictimai dinləmələr keçirəcəyini elan edib.

Hüquq müdafiəçisi bu mayında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa dəvət edilib. Mayın 13-də Gülalıyevə Baş Prokurluq xəbərdarlıq edib.

“Mənimlə baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş Prokurorluğun digər əməkdaşları görüşdü. Mənə bildirildi ki, işgəncələrlə bağlı yazılarımda vətəndaşları itaətsizliyə çağırış var və işgəncələrlə bağlı məlumatları yaymaqda davam etsəm mənə qarşı cinayət işi açacaqlar. Təəssüflər ki, işgəncə faktlarını ictimailəşdirdiyimə görə insanlara işgəncə verən şəxslərin əməllərini araşdırmaq əvəzinə mənə xəbərdarlıq edirlər," hüquq müdafiəçisi Baş Prokuroluğun xəbərdaqlığına münasibət bildirərkən deyib.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə verilən işgəncələrin araşdırılması ilə bağlı ekspertizanın təyin olunması son zamanlar cəmiyyətdə repressiya və işgəncələr əleyhinə apardığı fəaliyyətin, ictimai təpkinin nəticəsidir.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb.

Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluğ bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

Hazırda “Gəncə işi” ilə bağlı bir qrup şəxsin məhkəməsi Bakının Sabunçu rayon Məhkəməsində davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG