İran prezidenti Həsən Ruhani deyir ki, İranla nüvə razılığını imzalayan digər qlobal qüdrətlər “müsbət işarələr” sərgiləmədiyi təqdirdə onun ölkəsi razılığa daha az əməl edəcək.
Birləşmiş Ştatlar ötən il birtərəfli olaraq razılıqdan geri çəkiləndən və İslam Respublikasına qarşı əlavə sanksiyalar tətbiq edəndən sonra İran may ayından bəri öhdəliklərini azaltmağa başlayıb.
Şübhəsiz ki, İran bu razılığa birtərəfli şəkildə əməl edə bilməz.Həsən Ruhani
Tacikistanda Asiya liderlərinin sammitində çıxış edən Ruhani xəbərdarlıq edib ki, Tehran müvaifiq cavablar almasa, “qaçılmaz olaraq əlavə tədbirlər görməli olacaq”. "Şübhəsiz ki, İran bu razılığa birtərəfli şəkildə əməl edə bilməz”, o deyib.
Ruhani İranın nəyi müsbət işarə hesab etdiyinə aydınlıq gətirməyib.
Ruhaninin bu sözləri cümə axşamı Oman körfəzindəki strateji sularda iki neft tankerinə hücumdan sonra İranla ABŞ arasında gərginliyin artdığı vaxta təsadüf edir. ABŞ hücuma görə Tehranı günahlandırıb, İran isə bu ittihamı rədd edib.
Ruhani razılığı imzalayan Britaniya, Çin, Fransa, Almaniya və Rusiyanın da iştirak etdiyi Asiyada Qarşılıqlı Əlaqə və Etimad Yaratmaq Tədbirləri Konfransında çıxış edib.
Rusiya prezidenti Vladimir Putin Moskvanın razılığa əməl edəcəyini deyib və digər üzvləri də bunu etməyə çağırıb. “Biz inanırıq ki, hər kəs üçün yeganə məntiqli qərar bütün iştirakçıların öhdəliklərinə əməl etməsidir”, Putin konfransda bildirib.
ABŞ-ın təzyiqi
ABŞ 2015-ci ildə İranla dünya qüdrətləri arasında sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırmasına dair əldə olunan razılıqdan geri çəkilib.
ABŞ razılığı qüsürlu hesab edir və İranı yeni danışıqlar aparmağa məcbur etməyə çalışır. Birləşmiş Ştatlar İslam Respublikasına qarşı neft sanksiyalarını bərpa edib və İran Körfəzi regionunda hərbi mövcudluğunu artırıb.
İran may ayında cavab olaraq razılığı imzalayan digər dünya qüdrətləri İranın neft və bank sektorunu sanksiyalardan qorumadığı təqdirdə uran zənginləşdirilməsi proqramını bərpa etməklə hədələyib.
Tehran ABŞ-ı regionu sabitsizləşdirməkdə günahlandırıb. İran nüvə proqramının dinc məqsəd daşıdığını və raketləri müdafiə məqsədilə inkişaf etdirdiyində təkid edir.
Fransa və razılığın digər avropalı üzvləri sazişi qoruyub saxlamaq istədiklərini, lakin şirkətlərinin çoxunun ABŞ-ın təzyiqi nəticəsində Tehranla biznes əlaqələrini ləğv etdiklərini bildirir.