Accessibility links

Saleh İldırım: Siyasi məhbuslarımız üçün Türkiyə və Azərbaycan mediasına ciddi ehtiyacımız var


Siyasi fəal Saleh İldırım Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında gündəmdə olan məsələlər, o cümlədən türk fəallara qarşı basqıların artması, Güney xəbərlərinin Türkiyə mediasında daha sıx gündəmə gəlməsi, habelə İran-ABŞ arasında nüvə sazişinin taleyi ilə bağlı öz fikirlərini ifadə edib.

Saleh İldırım Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:07 0:00

Hüquq müdafiəçiləri hazırda İran Azərbaycanının müxtəlif şəhərlərində yüzlərlə vətəndaşın mühakimə prosesinin davam etdiyini bildirir. Bunların əksəriyyəti keçən sentyabr və oktyabr aylarında ikinci Dağlıq Qarabağ Müharibəsi zamanı keçirilən aksiyalar ilə əlaqədar mühakimə edilir.

“Bu basqıların bir neçə səbəbi var. İranın özünün həm beynəlxalq ictimaiyyətdə təcrid olması, iqtisadi problemlər, müxalifətin artması və bunların təpəsində olan Güney Azərbaycan məsələsidir ki, keçən aylarda Azərbaycan Cümhuriyyətinin işğal altındakı torpaqlarının azadlığı üçün başlatdığı savaşın nəticəsi İranın məğlubiyyəti oldu,” Siyasi fəal söyləyir.

Onun dediklərinə görə, ikinci Qarabağ müharibəsi zamanı “Güney Azərbaycanın milli fəalları və xalqın küçəyə çıxması həm Türkiyənin mediasına daşındı, həm də Azərbaycan Cümhuriyyətində yaxşı göründü... Güney Azərbaycan güllə atmadan böyük bir ordunun işini gördü və səbəb oldu ki, Ermənistana silah getməsin. Bu, təbii ki, dünyada, xüsusilə də Türkiyə mediasında Güney Azərbaycanı səsləndirildi. Bu vasitə ilə məhbuslarımızın da gündəmə gəlməsi təqdirə layiqdir. Güney Azərbaycanın mediası olmadığı üçün iki qardaş ölkə, Türkiyə və Azərbaycanın mediasına ciddi ehtiyacımız vardır.”

Saleh İldırım eyni zamanda siyasi məhbusları müdafiə fəaliyyətinin əsas çözüm yolu olmadığını ifadə edir. O, deyir ki, “hər bir fəalın və təşkilatın vəzifəsidir ki, tutulan fəalların adını və siyahısını insan haqları mərkəzlərinə daşıyaraq İrana daha artıq basqı gətirsinlər. Amma, biz Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) olaraq, məsələni bunlarda görmürük. Biz dəfələrlə xalqımıza səslənmişik ki, yığılıb zindanların qapısını söküb məhbuslarımızı qurtarmalıyıq.”

İldırım müsahibədə həmçinin Co Bayden administrasiyası altında İranla nüvə sazişinin taleyi haqqında öz düşüncələrini açıqlayıb:

“Amerikanın İran məsələsində iki yoldan başqa seçimi yoxdur. Bir yol, İranın bugünkü rejimi ilə müzakirə etməkdir. Çünki, Amerika Qərbdəki İran müxaliflərinin qabiliyyətsiz olduğunu gördü. İkinci yol da budur ki, İranın parçalanmasına, yəni orada yeni dövlətlərin yaranmasına razı olmaqdır. İndilik Amerikanın tərcihi budur ki, İran rejimi ilə anlaşsın. Buna görə də, Demokratlar oturacaq nüvə məsələsində danışıb anlaşacaqlar. İran indi qışqırıq salır amma, İranın da ayaqda duracaq taqəti qalmayıb.”

XS
SM
MD
LG