Accessibility links

Fazil Mustafa: Kadr mənəvi dəyərlərə bağlı olanda bu qədər azğınlıqla korrupsiyaya yol vermir


Aprelin 15-də dünyada Beynəlxalq Mədəniyyət Günü qeyd olunur.

Beynəlxalq Mədəniyyət Günü 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır.

Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

Azərbaycanda mədəniyyət sahəsində durum necədir? Bu mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Amerikanın Səsinə müsahibəsində danışıb.

please wait

No media source currently available

0:00 0:07:29 0:00

Amerikanın Səsi: Bu gün Beynəlxalq Mədəniyyət Günüdür. Azərbaycanda bir neçə ay əvvəl Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri rüşvət və korrupsiya faktları üzrə həbs edilib. Bu sahədə şəffaflıq yaranıbmı? Ümumiyyətlə, bu sahədə şəffaflıq yaradılması üçün nə edilməlidir?

İşin başında mədəniyyət adamları olmalıdır ki, mədəniyyətə də dəyər versin.

Fazil Mustafa: Bu sahədə şəffaflıq yaradılması üçün ilk növbədə şəffaf kadrları vəzifə başına gətirmək lazımdır. Burada əsas məsələ kadr məsələsidir. Kadr mədəniyyətə, kitaba, mənəvi dəyərlərə bağlı olanda bu qədər azğınlıqla korrupsiyaya yol vermir, kitabxanaları dağıtmır. Mədəniyyət evlərini satmır, mədəniyyət evlərini uçurmur. Ayrı-ayrı kitabxanaları tikinti şirkətlərinə satıb, oradan pul qazanmır. Bunların hamısı bir-biri ilə əlaqəli məsələdir. İşin başında mədəniyyət adamları olmalıdır ki, mədəniyyətə də dəyər versin.

Amerikanın Səsi: Keçmişdə ölkədə çoxsaylı ictimai kitabxanalar var idi. Kitabxana şəbəkəsi hətta bütün kəndləri əhatə edirdi. İndi bu sahədə vəziyyət necədir?

Azərbaycanda kitabxanalardan çox kitab oxuyan problemi var.

Fazil Mustafa: İndi müasir məktəblərdə kitab yerləri, kitabxanalar düzəldilib. Bu baxımdan normaldır. Amma indi əslində Azərbaycanda kitabxanalardan çox kitab oxuyan problemi var. Bax, kitabxanaların sayını da artır, düzəlt, işıqlı, yaraşıqlı kitabxanalarda kitabxanaçılar üçün şərait yarat, kitab oxuyan yoxdursa, bu necə olacaq? Biz təhsillə bağlı problemlərimizi o dərəcədə çözməliyik ki, mütaliə edən insanlarımızın sayı artsın. Azərbaycan mütaliə səviyyəsinə görə ən geridə olan ölkələrdən biridir. Yəni kitab oxumaq səviyyəsi xeyli aşağıdır. İkincisi isə kitabxanaların bir çox imkanları, infrastrukturu arzu olunan deyil. Elektron kitabxanalar barədə də müvafiq qərarlar verildi, amma bu məsələdə hələ yekun nəticə yoxdur. Bu sahədə işlər də gedir, xeyli müsbət məqamlar da var. Amma xeyli kitabxanalar da var ki, onlar işlənilməz vəziyyətdədir. Həmin kitabxanaları nə təmir edirlər, nə də ləğv edirlər. Qalıblar. Kitabxanaçıların maaşı da çox deyil, bu səbəbdən bu sahədə çalışanlar da çox deyil. Təchizat da o qədər keyfiyyətli deyil.

Amerikanın Səsi: Bir çox ölkələrdə bələdiyyə kitabxanaları şəbəkələri yaradılıb. Azərbaycanda bu sahədə durum necədir?

Azərbaycanda bələdiyyə var ki, bələdiyyə kitabxanası da olsun.

Fazil Mustafa: Azərbaycanda bələdiyyə var ki, bələdiyyə kitabxanası da olsun. Bələdiyyə özünü dolandıra bilmir. Problem əslində bələdiyyə ilə bağlıdır. Bələdiyyəni inkişaf etdirməliyik. Bələdiyyə pullu, imkanlı və iş görən quruma çevrilməlidir. Bizdə bələdiyyənin nə pulu var, nə iş görə bilir, nə də işgörmə qabiliyyəti olan kadrlarla bələdiyyələr gücləndirilib. Yerli özünü idarəetmənin vəziyyəti xoşagələn deyil. Bu sahədə xeyli böyük islahatlara ehtiyac var.

Amerikanın Səsi: Ölkə ərazisində mədəniyyət evlərinin, kinoteatrların vəziyyəti necədir. Çünki əvvəllər Mədəniyyət Nazirliynin nəzdində çoxsaylı mədəniyyət evləri, kinoteatrlar, mədəniyyət parkları var idi. Bunların vəziyyəti necədir?

Bizdə kəndlərdə, başqa yerlərdə insanların sosiallaşma yeri çayxanadır. İnsanların sosiallaşma predmeti dominodur, nərtaxtadır.

Fazil Mustafa: Bunlarlın, əslində müştərisi çox deyil. Müştəri çox olmayanda bu sahələri inkişaf etdirməkdə müəyyən problemlər yaşanır. Yəni, insanların marağı olmalıdır. Mədəni mühiti təkcə binalar həll etmir. Mədəni mühiti insanlar həll edir. Bizdə kəndlərdə, başqa yerlərdə insanların sosiallaşma yeri çayxanadır. İnsanların sosiallaşma predmeti dominodur, nərdtaxtadır. Əgər, bu, kitab deyilsə, nə deyirsən de faydası olmayacaq. Doğrudur bir çox yerlərdə mədəniyyət evləri yaxşı səviyyədə təmir olunub. O sahədə müsbət istiqamətdə tendensiya var. Amma Bakının Bakıxanov qəsəbəsində möhtəşəm mədəniyyət evini sökdülər. Arxitektura binası idi. Heç kim də məsuliyyət daşımır ki, bu cür möhtəşəm binanı niyə söküblər. Yerində də heç nə tikilməyib, xarabalıq qalıb. Bu, bir nümunədir. Yəni, müsbət tendensiya olsa da, mənfi tendensiyalar da var. Biz elə etməliyik ki, cəmiyyətdə mədəniyyətə diqqət artsın. Mədəniyyət obyektləri özəlləşdirləndə azı 10-15 il onun profili dəyişdirilməməlidir. Diqqət edirsinizsə, Bakının ən qələbəlik yerlərində, məsələn Zabrat qəsəbəsində və başqa ərazilərdə bir musiqi məktəbi yoxdur. Rəsamlıq və digər sahələrdə də vəziyyət eynidir. Şəhərlərin kənar qəsəbələrində bu problemlər həll olunmalıdır.

Amerikanın Səsi: Ölkədə mədəniyyət, tarixi abidələrin qorunması, muzeylərlə bağlı vəziyyət necədir?

Bəzən tarixi abidələr əvəzinə dini xurafatı təbliğ edən ziarətgahlar, pirlər və başqa infrastrukturlar təmir olunur.

Fazil Mustafa: Əslində bu sahədə vəziyyət normaldır. Xeyli muzeylər yaradılıb. Tarixi abidələrin qorunması üçün də müəyyən vəsait sərf olunur. Abidələr bərpa olunur. Amma bəzən də tarixi abidələr əvəzinə dini xurafatı təbliğ edən ziarətgahlar, pirlər və başqa infrastrukturlar təmir olunur. Bu da ölkənin gələcəkdə dünyəvi dövlət imicinə zərər vuran addımlardır.

Amerikanın Səsi: Ölkədə müstəqil teatrlar varmı? Teatr sahəsində vəziyyət necədir?

Fazil Mustafa: Müstəqil teatrların yaşamaq imkanı yoxdur. Yuğ teatrı var idi, səviyyəli teatr idi, tamaşaçısı xeyli sayda az idi. Üns teatrı var idi. Teatr binaları var, amma tamaşaçı problemi də var. Ona görə də teatra qayıdış, mədəniyyətə qayıdış ayrıca bir siyasət olaraq həyata keçirilməlidir. Keyfiyyətli əsərlər yazılmalıdır ki, teatra insanları cəlb edə bilsin.

XS
SM
MD
LG