Accessibility links

The Hill: Bayden Azərbaycana yardımı dayandıran məhdudiyyəti aradan qaldırır


The Hill
The Hill

Amerika Birləşmiş Ştatlarında qərargahlanan The Hill qəzetində dərc olunan məqalədə bildirilir ki, ABŞ Prezidenti Co Bayden Konqresə xəbərdarlıq edib ki, administrasiya ABŞ-ın Azərbaycana yardımına icazə verən istisnanın müddətini uzadır. Birləşmiş Ştatların yardımı Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi səbəbilə məhdudlaşdırılmışdı.

Bu istisna Azadlığa Dəstək Aktına 907-ci düzəlişə və onun yenilənməsinə tətbiq olunur. 2002-ci ildən bəri hər il yenilənən bu düzəliş ABŞ-ın Azərbaycanı hərbi yardımla təmin etməsinə imkan yaradır, o şərtlə ki, dövlət katibi bu yardımın regionda münaqişəyə töhfə vermədiyi qənaətinə gəlir.

The Hill qəzetinin əldə etdiyi Konqresə 26 aprel tarixində göndərilən bildirişdə Dövlət katibi Antoni Blinken təsdiq edib ki, Azərbaycana yardım “Ermənistanla Azərbaycan arasında dinc həll yolu tapmaq səylərinə nə xələl gətirməyəcək, nə də əngəl törətməyəcək, eyni zamanda Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.”

The Hill-də bildirildiyinə görə, bu qərar Amerikadakı erməni icmasının qınaqlarına səbəb olub. Belə ki, onlar Baydenin ötən ay ilk dəfə olaraq Birinci Dünya Müharibəsi dövründə ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsini soyqırım kimi tanıması fonunda bunu xəyanət olaraq görürlər.

“Prezident Bayden tərəfindən ABŞ-ın [Azərbaycan Prezidenti İlham Əliyevin] rejiminə yardımına icazə verən hər hansı addımı onun açıq-aydın mövqeyinə və ən əsası onun bu yaxınlarda erməni soyqırımını tanımasınına qarşıdır,” Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparian bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü çərşənbə günü The Hill-ə şərh verərək bildirib ki, “ABŞ-ın Ermənistan və Azərbaycana təhlükəsizlik sahəsində yardım proqramları regionda sabitliyi atırmaq məqsədi daşıyır və münaqişəyə dinc həll yolu tapmaq üçün aparılan səylərə əngəl törətməmək üçün diqqətli şəkildə izlənir”.

Blinken həmçinin təsdiq edib ki, ABŞ-ın yardımı “Birləşmiş Ştatların beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq səylərini dəstəkləmək və ya Birləşmiş Ştatların Silahlı Qüvvələrinin və yaxud koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmin qarşısını almaq əməliyyatlarına hazırlıq görmək üçün lazımdır; ya da Azərbaycanın sərhədinin təhlükəsizliyi üçün vacibdir.”

Blinken aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bir çox məsələni, o cümlədən “Dağlıq Qarabağ münaqişəsinin regiondakı bütün insanların xeyrinə olan davamlı siyasi həll yol tapmaq” üçün beynəlxalq səyləri müzakirə edib.

Bayden prezidentliyə Demokrat partiyasından namizəd ikən Azərbaycanla Ermənistan arasında döyüşlərdə Azərbaycanın rolunu qınayaraq döyüşləri Azərbaycanın təhrik etdiyini bildirib və o zaman Prezident Donald Trampı Azərbaycana hərbi yardımı dayandırmağa və xüsusilə də 907-ci düzəliş altında istisnanı ləğv etməyə çağırıb.

XS
SM
MD
LG