Şənbə günü Əfqanıstanın paytaxtında nümayişçilər prezident Co Baydenin Amerikanın 11 sentyabr qurbanlarının ailələri üçün ABŞ-da saxlanılan 3,5 milyard dollarlıq əfqan aktivlərinin azad edilməsi haqqında sərəncamını pisləyib və pulların əfqanlara məxsus olduğunu bildirib.
Kabilin böyük Eid Gah məscidi qarşısında toplaşan etirazçılar Əfqanıstanda son 20 illik müharibə zamanı həlak olan on minlərlə əfqan üçün Amerikadan maddi təzminat istəyib.
ABŞ Prezidenti Co Bayden cümə günü Əfqanıstan mərkəzi bankının dondurulmuş 7 milyard dollar dəyərində aktivlərinin təxminən yarısını 11 sentyabr terror hücumlarının qurbanlarına ayırmaq məqsədilə sərəncam imzalayıb.
Ağ Evin məlumatına görə, qalan 3.5 milyard aktiv isə Əfqanıstanda humanitar yardım üçün ayrılan trast fondunda saxlanılacaq.
Taliban bu addımı dərhal qınayıb.
Əfqanıstanın mərkəzi bankı olan Da Afghanistan Bankından Nyu Yorkda Federal Ehtiyat Bürosunda əmanətdə saxlanılan 7 milyard dollar pul Talibanın 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirməsi ilə o zamankı prezident Əşrəf Qaninin hökuməti devriləndən bəri dondurulub. Ölkədə o zamandan bəri iqtisadi tənəzzül və ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yaşanır.
Bu arada, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai bazar günü Talibana qoşularaq Birləşmiş Ştatları ölkəsinin dondurulmuş xarici aktivlərindəki təxminən 7 milyard dolların yarısının 11 sentyabr 2001-ci il terroru qurbanlarının ailələri üçün ayrılmasına icazə vermək qərarına yenidən baxmağa çağırıb.
"Əfqanıstan xalqı 11 sentyabr faciəsində həyatını itirənlərin ailələri və yaxınlarının ağrısını bölüşür. Biz onlarla başsağlığı veririk" - deyə, Kərzay Kabildə keçirilən mətbuat konfransında bildirib.