Accessibility links

Stoltenberq: Rusiyanın qoşunlarını geri çəkdiyinə dair heç bir dəlil yoxdur


NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü deyib ki, Rusiya qüvvələrinin Ukrayna sərhədindən çəkilməsinə dair heç bir dəlil yoxdur və Rusiya hələ də “heç bir xəbərdarlıq etmədən Ukraynaya genişmiqyaslı müdaxilə edə bilər”.

Rusiya çərşənbə axşamı və təkrar çərşənbə günü işğal olunmuş Krım yarımadasında da olmaqla, bəzi hərbi təlimlərin başa çatdığını və hərbi hissələrin öz bazalarına geri döndüyünü bildirib və bunu əks etdirən video təqdim edib.

Stoltenberq Brüsseldə NATO müdafiə nazirləri ilə keçirilən görüşündən əvvəl jurnalistlərə bildirib ki, Rusiya qüvvələrinin yerini dəyişməsi geri çəkilmə demək deyil və əvvəllər də Rusiya qoşunlarını asanlıqla geri qaytara bilməsi üçün avadanlıqları yerində saxlayıb.

Onun sözlərinə görə, real geri çəkilmə əvəzinə NATO Rusiyanın hərbi gücünü artırmaqda davam etdirdiyini görür. Lakin o, Rusiyanın dialoqa başlayacağına, “qarşıdurma əvəzinə diplomatiyaya üstünlük verəcəyinə” ümid etdiyini bildirib.

Çərşənbə günü Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin danışıqların tərəfdarıdır və ABŞ prezidenti Co Baydenin dialoqa hazır olmasını müsbət qiymətləndirir.

Bayden çərşənbə axşamı Birləşmiş Ştatların Rusiyanın Ukraynaya müdaxiləsinin “ehtimalının hələ çox” olduğuna inandığını deyib və Putini danışıqları davam etdirməyə çağırıb.

"İkinci Dünya Müharibəsi zərurət müharibəsi idi. Lakin Rusiya Ukraynaya hücum edərsə, bu seçim müharibəsi və ya səbəbsiz müharibə olardı. Mən bunları təhrik etmək üçün deyil, həqiqəti bildirmək üçün deyirəm, çünki həqiqət önəmlidir. Məsuliyyət vacibdir. Əgər Rusiya qarşıdakı günlərdə və həftələrdə Ukraynaya müdaxilə etsə, insan itkisi də çox böyük olacaq və Rusiya üçün strateji xərclər də. Rusiya Ukraynaya hücum etsə bu, böyük beynəlxalq qınaqla qarşılanacaq. Dünya Rusiyanın lazımsız ölüm və məhvi seçdiyini unutmayacaq. Ukraynaya müdaxilə etmək özünü yaralamaq demək olacaq. ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız buna qətiyyətlə cavab verəcək” - deyə, Bayden bildirib.

Bayden ABŞ-ın “yeni silahlara nəzarət, yeni şəffaflıq və yeni strateji sabitlik tədbirləri” də daxil olmaqla, Rusiya və NATO-nun təhlükəsizlik problemlərini həll etmək bir neçə təklif irəli sürdüyünü deyib.

XS
SM
MD
LG