Accessibility links

ABŞ təqiblərə görə çinli məmurların səyahət qadağalarını genişləndirir


Bazar ertəsi Bayden administrasiyası etnik və dini azlıqların repressiyasında ittiham etdiyi Çin rəsmilərinə qarşı ABŞ-ın mövcud səyahət qadağalarını genişləndirib.

Dövlət Departamenti bildirib ki, Çində və xaricdə söz və din azadlığına qarşı basqılarda iştirak etdiklərinə görə hədəf alınanların Birləşmiş Ştatlara səyahətinə qadağa qoyulub.

Departament hansı məmurların genişləndirilmiş qadağaya məruz qalacağını və neçə nəfərin təsirlənəcəyini açıqlamayıb.

Dövlət katibi Antoni Blinken deyib ki, sanksiyalar “dini və mənəvi praktikantları, etnik azlıq qruplarının üzvlərini, dissidentləri repressiyaya yönəldilmiş siyasət və ya hərəkətlərə görə məsuliyyət daşıdığı və ya onlarla şərik olduğu güman edilən, Çin və onun hüdudlarından kənarda insan haqları müdafiəçiləri, jurnalistlər, əmək təşkilatçıları, vətəndaş cəmiyyəti təşkilatçıları və dinc etirazçıları hədəf alan Çin rəsmilərinə şamil edililir.

Bu addım Çinin Sincan bölgəsində uyğur müsəlmanlarına qarşı rəftarına, həmçinin Honq-Konqda demokratiya tərəfdarlarına və Tibetdə azadlıq müdafiəçilərinə qarşı repressiyalara görə Tramp administrasiyası tərəfindən tətbiq edilən viza məhdudiyyətlərinə əlavə olunur.

“Birləşmiş Ştatlar (Çin) rəsmilərinin etnik və dini azlıqların üzvlərini, o cümlədən xaricdə təhlükəsizlik axtaranları və bu həssas əhali adından çıxış edən ABŞ vətəndaşlarını təqib etmək, qorxutmaq, izləmək və oğurlamaq cəhdlərini rədd edir. Biz bütün dünyada insan hüquqlarının müdafiəsinə sadiqik və hesabatlılığı təşviq etmək üçün bütün diplomatik və iqtisadi tədbirlərdən istifadə etməkdə davam edəcəyik” - deyə, Blinken bildirib.

Keçən həftə Ədliyyə Nazirliyi ABŞ-da çinli dissidentləri təqib üçün bir sıra genişmiqyaslı sxemlərlə Çin hökuməti adından hərəkət edən beş nəfərə qarşı ittihamlar irəli sürüb.

Bruklin federal məhkəməsində qaldırılan cinayət işlərində dissidentlərin üzərinə çirkab atmaq, onları qorxutmaq və səslərini boğmaq üçün uzun müddətdir davam edən səylərlə bağlı iddialar irəli sürülüb.

Bu, Ədliyyə Nazirliyinin oxşar davranışa görə ittiham irəli sürdüyü ilk hal deyil: 2020-ci ildə prokurorlar səkkiz nəfəri Pekin tərəfindən axtarışda olan Nyu Cersili şəxsi Çinə qayıtmağa məcbur etmək məqsədi daşıyan təzyiq kampaniyasında Çin hökuməti adından işləməkdə ittiham edib.

XS
SM
MD
LG