ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porter 25 martda KİV nümayəndələri ilə görüşü zamanı Birləşmiş Ştatların 2020-ci ilin noyabrında əldə edilmiş atəşkəsdən sonra Azərbaycanla Ermənistan arasında yaradılmış təmas xətti boyunca vəziyyəti diqqətlə izlədiyini bildirib.
“Birləşmiş Ştatlar Azərbaycan qoşunlarının hərəkətindən dərin narahatlıq hissi keçirir,” Porter deyib və əlavə edib ki, qoşunların hərəkəti və “digər eskalasiya tədbirləri məsuliyyətsizdir və lazımsız yerə təhrik edicidir.”
Calina Porter həmçinin martın 24-də ABŞ Dövlət katibinin müavini Karen Donfridlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığının baş tutduğunu təsdiqləyib. O bildirib ki, Donfrid Dövlət katibi Blinkenin martın 21 və 22-də Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevə söylədiklərini təkrarlayıb və hər iki tərəfi təmkin göstərməyə və bütün həll edilməmiş məsələlərə hərtərəfli həll yolları tapmaq üçün diplomatik əlaqəni gücləndirməyə çağırıb. “Ermənistan və Azərbaycan gərginliyi dərhal azaltmaq üçün sadəcə olaraq birbaşa əlaqə kanallarından istifadə etməlidirlər,” Porter deyib.
Calina Porter Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün tərəflərlə işləməyə sadiq qaldığını vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi Calina Porterin açıqlamasına cavab verərək bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri qismində “Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində, təəssüf ki, heç bir effektiv addım atmayıb.”
Nazirlik ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsini məsuliyyətsiz bir davranış adlandırıb və Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərdiyini vurğulayıb.
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan xarici işlər və müdafiə nazirlikilərinin bu yaxınlarda verdikləri açıqlamalarının “Azərbaycanın Dağlıq Qarabağa qarşı sistematik zorakılıq və terror siyasətinin məqsədinin Dağlıq Qarabağdakı erməni yaşayış məntəqələrinin etnik təmizləməsi” olduğuna işarə etdiyini bildirib.
Nazirlik deyib ki, beynəlxalq ictimaiyyət Cənubi Qafqazda “sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq üçün” təsirli və məqsədyönlü addımlar atmağa borcludur.
Nazirlik həmçinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentindən vəziyyətin həlli və yeni itkilərin və hərbi əməliyyatların qarşısının allnması üçün konkret, görünən addımlar atmasını gözlədiyini bildirib.