Accessibility links

Fırtınalar və tornadolar ABŞ-ın cənubunda ən azı 7 nəfərin həyatına son qoyub


Cümə axşamı ABŞ-ın cənubunda baş verən nəhəng fırtınalar Alabama ştatının mərkəzində ən azı 6 nəfərin həyatına son qoyub. Fırtına evlərin damlarını uçurub və tarixi Selma ərazisində ağacları kökündən çıxarıb. Corciyada isə şiddətli küləklər nəticəsində on minlərlə insan elektrik enerjisi olmadan qalıb.

Selmadan 66 kilometr şimal-şərqdə Alabama ştatının Autauga dairəsinin fövqəladə hallar üzrə direktoru Ernie Baggett bildirib ki, ən azı altı ölüm faktı təsdiqlənib və iki ucqar ərazidə yaşayan icmalarda təxminən 40 evə ziyan dəyib.

Baggett Associated Press agentliyinə bildirib ki, bir neçə mobil ev güclü külək nəticəsində yerindən havaya qalxıb və azı 12 nəfər ağır yaralandığı üçün təcili yardım işçiləri tərəfindən xəstəxanalara aparılıb.

O həmçinin əlavə edib ki, cümə axşamı xilasetmə xidmətinin işçiləri gecə köməyə ehtiyacı olan insanları axtarmaq üçün yıxılan ağacları kəsməyə çalışıblar.

Corciya ştatının Butt dairəsində fırtına zamanı bir ağacın avtomobilin üzərinə düşməsi nəticəsində bir sərnişin ölüb, fırtına nəticəsində həmçinin bir yük qatarı relsdən çıxıb.

Atlantanın cənubundakı Qriffin rəsmiləri yerli xəbər agentliklərinə ağacların aşması nəticəsində bir çox insanın yaşayış kompleksində sıxışıb qaldığını bildiriblər.

Cümə axşamı ABŞ Milli Hava Xidməti ölkə miqyasında 33 ayrı tornado xəbərdarlığı verib. Corciya, Cənubi Karolina və Şimali Karolinada tornado xəbərdarlığı hələ də qüvvədədir.

Bununla belə fırtınalı havanın vurduğu ziayn hələ ki, müəyyənləşdirilməyib. Qarşıdakı günlərdə ziyanın miqyası dəqiqləşdiriləcək.

XS
SM
MD
LG