Accessibility links

Rusiya Ukrayna ilə taxıl sazişini ləğv etməklə hədələyir


Rusiya Ukrayna limanlarından taxılın dünya bazarına təhlükəsiz ixracını təmin edən Qara Dəniz Taxıl Təşəbbüsünün ləğvi ilə hədələyib. Təhlükə iqtisadiyyatı inkişaf etmiş ölkələrin G-7 qrupunun üzvlərinin Ukraynaya təcavüzü ilə bağlı Moskvaya qarşı əlavə sanksiyaları müzakirə etdiyi bir vaxta təsadüf edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə taxıl sazişini müzakirə etməlidir.

İxrac qadağası

Yaponiyanın Kyodo xəbər agentliyi aprelin 21-də Yaponiya hökumətindəki mənbələrə istinadən xəbər verib ki, G-7 ölkələri Rusiyaya bütün ixracata demək olar ki, tamamilə qadağa qoymağı düşünür.

"G-7 ölkələri artıq Rusiyaya çox çeşidli mallar, o cümlədən hərbi məqsədlər üçün istifadə oluna bilən məhsullar və lüks malların ixracını dayandırıb. Lakin son plan ticarət embarqosunu işlənmiş avtomobillərə, təkərlərə, kosmetika və geyimlərə qədər genişləndirə bilər", Kyodo yazıb.

G-7 qrupuna İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ daxildir.

Rusiyanın keçmiş prezidenti, hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram sosial şəbəkəsində yazıb ki, G-7 belə bir qadağanı tətbiq etsə, Moskva Qara Dəniz Taxıl Təşəbbüsünü dayandıracaq.

"G-7-dəki axmaqların ölkəmizə ixracın standart olaraq tamamilə qadağan edilməsi ilə bağlı bu gözəl fikri ondan ibarətdir, G-7 üçün ən həssas olan mallar kateqoriyası da daxil olmaqla, ölkəmizdən idxala qarşılıqlı qadağa nəzərdə tutulur. Belə olan halda taxıl sövdələşməsi və ehtiyac duyduqları bir çox başqa şey onlar üçün bittmiş olacaq", Medvedev Telegram-da yazıb.

Taxıl müqaviləsi

Ötən iyul ayında BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü İstanbuldakı bir obyektdə gəmilərin birgə yoxlanılması vasitəsilə Ukraynanın Qara dəniz limanlarından dünya bazarlarına mühüm taxıl ixracına imkan verib.

Ukrayna dünyanın beşinci ən böyük taxıl istehsalçısıdır və iyul ayından bəri müqavilə çərçivəsində təxminən 28 milyon ton taxıl ixrac edilib.

Londonda yerləşən Qlobal İnkişaf Mərkəzinin baş əməkdaşı İan Mitçell bildirib ki, ixracın dayandırılması qlobal ərzaq böhranı şəraitində dağıdıcı təsir göstərə bilər.

"Qara dəniz müqaviləsi yenilənməsə və Ukrayna ixrac edə bilməsə, mən ərzaq məhsullarının qiymətlərinin yenidən əhəmiyyətli dərəcədə artacağını gözləyirəm" - deyə, Mitçell Associated Press agentliyinə bildirib.

Moskva artıq G-7 ixrac qadağası xəbərlərindən xeyli əvvəl, mayın 18-də taxıl müqaviləsini növbəti müddəti bitdikdən sonra yeniləməyəcəyini bildirmişdi. Müqavilənin hər 120 gündən bir yenilənməsi nəzərdə tutulur. Mart ayında son yeniləmədə Rusiya müqaviləni cəmi 60 gün uzatmağa razılıq vermişdi. Kreml deyir ki, Qərbin sanksiyaları qarşısında Rusiyanın öz kənd təsərrüfatı sektoruna dəstək məqsədi ilə BMT ilə razılaşdığı paralel anlaşma memorandumu uğursuzluğa düçar olub.

Lavrov aprelin 20-də Kubaya səfəri zamanı deyib: "Rusiya gübrələrinin və taxılının ixracı üçün maneələrin aradan qaldırılması sahəsində praktiki olaraq heç bir iş görülməyib".

Bloomberg agentliyinə görə, bu iddiaya baxmayaraq, rəqəmlər Rusiyanın buğda ixracının 2023-cü ilin ilk iki ayında 2022-ci ilə nisbətən iki dəfə artdığını göstərir.

BMT də Rusiyanı müqaviləni uzatmağa çağırıb.

"Bizim mesajımız aydındır: Biz bütün cəlb olunanları gəmilərin qlobal ərzaq təhlükəsizliyi maraqları naminə rahat və təhlükəsiz hərəkətini davam etdirmək üçün öz öhdəliklərini yerinə yetirməyə çağırırıq. Təşəbbüsün bütün dünyada müsbət humanitar təsiri göz qabağındadır və o, konkret olaraq aşağı gəlirli ölkələrə ixracı ilə məhdudlaşmır. Bunu davam etdirmək və razılaşdırılmış siyasət prosedurları çərçivəsində işləmək hamının marağındadır" - deyə, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik aprelin 12-də jurnalistlərə bildirib.

Yaponiyanın Miyazaki şəhərində toplanan G-7 qrupunun kənd təsərrüfatı nazirləri taxıl müqaviləsinin uzadılmasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG